Fərid Şəfiyev: “Rusdilli məktəblər nə təhsil, nə də siyasi məqsədlərə cavab vermir”

60

“Son zamanlar Azərbaycanda rus məktəblərinin fəaliyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Əslində təhsil sahəsinə aid olan məsələ mövcud şəraitdə siyasiləşdirilir. Zənnimcə, bu iki məsələ ayrılmalıdır”. 

BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev Ovqat.com-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, uzun illər post-sovet məkanında rus dilinin vəziyyətinin və rusdilli məktəblər məsələsinin siyasi mövzu olması təbii haldır: “Bu, bir tərəfdən Rusiyanın geosiyasi mövqeyi, digər tərəfdən müstəqil dövlətlərin daxili siyasətindəki bəzi proseslərlə bağlı olub. Müsbət haldır ki, Azərbaycanda etnik rus mənşəli əhaliyə qarşı heç bir ayrı-seçkilik yoxdur və onlar Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycanın digər vətəndaşları üçün tanıdığı hüquqlardan tam şəkildə yararlana bilirlər”.

Fərid Şəfiyev  qeyd edib ki, Azərbaycan dövlət büdcəsindən bu məktəblərin fəaliyyəti tam maliyyələşdirilir, bununla belə, bu məsələdən siyasi divident qazanmaq istəyi uğursuzdur: “Ermənistanda rus məktəblərinin sayının əhaliyə nisbətən az olmasına və ümumiyyətlə, son vaxtlar ölkənin daxili siyasətində hökm sürən anti-rus meyllərinə baxmayaraq Tovuz hadisələrinin gedişatı göstərdi ki, Rusiya dövləti öz ənənəvi müttəfiqini dəstəkləməkdə davam edir.

Bu baxımdan Azərbaycanda rus məktəblərinin fəaliyyətinə təhsil və iqtisadi inkişaf kontekstində baxmağın lazım olduğunu düşünən Fərid Şəfiyev, ölkənin müstəqilliyinin möhkəmlənməsi, eyni zamanda rəsmi Azərbaycan dilinin güclənməsini və hər bir vətəndaşı tərəfindən sərbəst istifadə edilməsinin vacibliyinə inanır: “Bununla yanaşı, müasir iqtisadi inkişaf xarici dillərin və ilk növbədə ingilisi dilinin mənimsənilməsi də labübdür”.

Həmsöhbətimizin fikrincə, Azərbaycandakı rus məktəblərinin şagirdləri təhsillərini başa vurduqdan sonra rəsmi Azərbaycan dilini mükəmməl səviyyədə bilmir, həmçinin onların rus dilində biliklərinin səviyyəsi də bir çox hallarda qənaətbəxş olmur: “Beləliklə, hazırkı durumda fəaliyyət göstərən rus məktəbləri nə təhsil, nə də siyasi məqsədlərə cavab vermir. Eyni zamanda ənənəvi olaraq bu məktəblərdə müəyyən akademik baza mövcuddur. Azərbaycanda fəaliyyət göstərən rus dilli məktəblər beynəlxalq təcrübəyə əsasən ikidilli (immersion) sistemə keçə bilər. Bir sıra dövlətlərdə və regionlarda, məsələn, Kanadada və ABŞ-ın ispandilli əhalisinin yaşadığı ştatlarında bu sistem tətbiq olunurBu sistemə əsasən məktəblərdə akademik fənlərin tədrisi iki dildə paralel aparılırMəsələn, bizim təcrübədə kimya Azərbaycan, fizika rus və ya tarix Azərbaycan, ədəbiyyat rus dilində tədris oluna bilər (Bu çərçivədə müxtəlif variantlar təklif oluna bilər). Beləliklə, təhsilini başa vuran şagird ilk növbədə rəsmi Azərbaycan dilini, daha sonra xarici dili, indiki halda rus dilini əsaslı şəkildə mənimsəyər. Bu təcrübə eyni zamanda gələcəkdə digər dillərlə, məsələn, ingilis dili ilə bağlı da tətbiq oluna bilər.  

Nəticə etibarilə, rus dilli məktəb məsələsi siyasi gündəmdən çıxmalı və sırf Azərbaycanın elmi-tədris müstəvisində inkişaf etdirilməlidir”.