Fəlsəfə doktoru əsassız olaraq işdən azad edildiyini iddia edir

171

Yanoş Məhərrəmov: “Sumqayıt Apellyasiya Məhkəməsinin işə bərpa tələbimin təmin edilməməsinə dair qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılsın”

“Bu ərizəmi təmin edib həmin məhkəmə aktlarını ləğv edərək işi aidiyyəti üzrə məhkəməyə yenidən baxılmaq üçün göndərməsini Ali Məhkəmənin Plenumundan xahiş edirəm”

Şamaxı rayonu, Y.Məmmədəliyev qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayan Məhərrəmov Yanoş Mahmud oğlu tərəfindən “Hürriyyət” qəzetinin elektron ünvanına, adıçəkilən şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi daxil olub. Ərizəni olduğu kimi diqqətinizə çatdırırıq.

Ali Məhkəməyə bildirirəm ki, mən 2003-cü ildən 05 iyul 2018-ci il tarixinədək Azərbaycan Respublikası Milli Elmlər Akademiyası (AMEA), N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) elmi işçi kimi işləmişəm. Özüm fizika üzrə fəlsəfə doktoruyam, dosentəm. Lakin ŞAR-ın direktorunun 05 iyul 2018-ci il tarixli, 125-k saylı əmri ilə əsassız olaraq işdən azad edilmişəm. İşimə bərpa olunmaq üçün Şamaxı Rayon Məhkəməsinə müraciət etdim.

Şamaxı Rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli, 2(074)-1333/2018 saylı qətnaməsi ilə işə bərpa iddia tələbim təmin edilməmişdir.

Məlumat üçün qeyd edirəm ki, Şamaxı Astrofizika Rəsədxanasının əvvəlki müdiriyyəti təxminən 2009-2010-cu illərdə biz işçilərin hamımıza o vaxt “nəsə bir sənədə” imza etdirməsi birinci instansiya məhkəməsi prosesində yadıma düşmüşdü. Digər tərəfdən 2009-2010-cu illərdə Şamaxı Astrofizika Rəsədxanasında bütün işçilərə ilk dəfə imzalatdırılan həmin sənəd barədə bizə məlumat verilmədiyindən və üstündən də 8 ildən çox vaxt keçdiyinə görə dəqiq xatırlaya bilmədim ki, o nə idi? Həmin sənədin nüsxəsi də məndə yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin iclasında neçənci ildən başlayaraq fasiləsiz müddətli əmək müqaviləsi ilə orada işləməyimə dair Şamaxı Astrofizika Rəsədxanasına sorğu göndərilməsi üçün məhkəməyə vəsatət verdim.

Məhkəmə isə bu barədə Şamaxı Astrofizika Rəsədxanasına sorğu göndərəcəyini bildirdi. İşə-bərpa ərizəsi Azərbaycan Qanunvericiliyinin tələbinə görə cəmi bir aya baxılıb yekunlaşmalı olduğundan birinci instansiya məhkəməsi 17.09.2018-ci il tarixdə sonuncu iclasını keçirdi, qərarını isə sabahısı gün 18.09.2018-ci il tarixinə elan etdi və qətnaməsini də elan etdiyi tarixə yazdı. Birinci instansiya məhkəməsi vəsatətim əsasında Şamaxı Astrofizika Rəsədxanasına orada nə qədər fasiləsiz müddətli əmək müqaviləsi ilə işləməyimə dair sorğu göndərdimi? Bu barədə mənə heç bir məlumat verilmədi, məndən gizli saxlanıldı.

Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti verdim. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(105)-599/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətim təmin edilməmişdir.

Heç cür imkan vermədilər ki, Sumqayıt Apellyasiya Məhkəməsinin işə mahiyyəti üzrə baxdığı bütün iclaslarda iştirak edə bilim. Odur ki, obyektiv səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsinin iş üzrə yalnız sonuncu 21.01.2019-cu il tarixli iclasında iştirak edə bildim. Həmin tarixdə iclas çox qısa oldu, dərhal qətnamə elan edilərək apellyasiya şikayətimin təmin edilmədiyi bildirildi.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından sonra iş materialları ilə tanış olarkən birinci instansiya məhkəməsinin iclasında (neçənci ildən ŞAR-da fasiləsiz müddətli əmək müqaviləsi ilə işlədiyimə dair) məhkəməyə verdiyim vəsatətimin və digər bəzi sənədlərimin iş materialları arasında olmadığını gördüm.

Bundan sonra, Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən də kassasiya şikayəti verdim. İşsiz olduğumdan maddi imkansızlıq səbəbi ilə heç yerdən gəlirimin olmamasını təsdiq edən sənədlərimin əsillərini daxil etməklə dövlət hesabına vəkillə təmin olunmağım üçün Sumqayıt Apellyasiya Məhkəməsinə rəsmi müraciət etdim. Lakin Apellyasiya Məhkəməsinin 15 aprel 2019-cu il tarixli qərardadı ilə dövlət hesabına vəkillə təmin olunma ərizəm təmin edilmədi.

Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsi kassasiya şikayətimi Ali Məhkəməyə göndərməyib rəsmi qaydada özümə qaytardı. Həmin ərəfədə kassasiya şikayətinin verilməsi üçün prosessual müddət bitdiyindən Sumqayıt Apellyasiya Məhkəməsinin mənim Şamaxı Astrofizika Rəsədxanasında öz işimə bərpa tələbimin təmin olunmamasına dair 21 yanvar 2019-cu il tarixli, 2(105)-599/2019 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir.

Hal-hazırda isə iş üzrə yeni həlledici material əldə edilmişdir.

AR MPM-nin 432.2.1-ci maddəsinə görə işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxıla bilər.

AR MPM-nin 435.1.1-ci maddəsinin tələbinə uyğun olaraq bildirirəm:

Barəsində mübahisə edilən akt Sumqayıt Apellyasiya Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(105)-599/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi (o cümlədən onunla eyni olan Şamaxı rayon məhkəməsinin 18.09.2018-ci il tarixli, 2(074)-1333/2018 saylı qətnaməsi) və onlarda yazılmış mənim guya 05 yanvar 2017-ci il tarixdən başlayaraq cəmi 1 il 6 ay müddətli əmək müqaviləsi ilə Şamaxı Astrofizika Rəsədxanasında işləməyimlə bağlı ŞAR-ın direktorunun məhkəməyə təqdim olunmuş 05 iyul 2018-ci il tarixli, 125-k saylı əmridir.

AR MPM-nin 435.1.2-ci maddəsinin tələbinə görə bu ərizəni vermək üçün qanuni əsas qeyd edilməlidir. Bunun üçün aşağıdakıların qeyd edilməsi vacibdir.

Həm Şamaxı Rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli, 2(074)-1333/2018 saylı qətnaməsindən və həm də Sumqayıt Apellyasiya Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(105)-599/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən göründüyü kimi mənim öz işimə bərpa tələbimin təmin olunmaması onunla əsaslandırılmışdır ki, guya mən yalnız və yalnız 05 yanvar 2017-ci il tarixdən başlayaraq cəmi 1 il 6 ay müddətli (yəni guya 5 ildən az) əmək müqaviləsi ilə Şamaxı Astrofizika Rəsədxanasında işləmişəm. Odur ki, müddətli əmək müqaviləmin müddətinin guya bitməsi səbəbi ilə AR Əmək Məcəlləsinin 73.1-ci maddəsi ilə mənim həmin rəsədxanada əmək fəaliyyətimə xitam verilmişdir.

Mən 20.07.2020-ci il tarixdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Cənab Fuad Heydərova AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında neçənci ildən başlayaraq fasiləsiz müddətli əmək müqaviləsi ilə işləməyim barədə sorğu ilə müraciət etdim.

Bu sorğuma görə DƏMX-nin İsmayıllı Regional Ərazi Şöbəsindən mənə 25.08.2020-ci il tarixli, 20130154842 saylı rəsmi cavab verilmişdir. Həmin cavabda yazılmışdır ki, araşdırma zamanı müəyyən edilib ki, mən Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında 05 yanvar 2010-cu il tarixdən 05 iyul 2018-ci il tarixədək 8 il 6 ay müddətində (yəni 5 ildən çox) fasiləsiz olaraq müddətli əmək müqaviləsi ilə işləmişəm. Elektron İnformasiya Sistemindən bunu təsdiq edən 8 il 6 aylıq əmək müqaviləsi bildirişlərini də əldə etdim. 

Bu cavabı və müddətli əmək müqaviləsi bildirişlərini hazırki ərizəmə daxil edirəm. Çünki bunlar işə bərpa tələbim üzrə yeni həlledici materialdır və AR MPM-nin 435.1.2-ci maddəsində göstərildiyi kimi bu ərizəni vermək üçün qanuni əsasdır.

Beləliklə, aşkar olmuşdur ki, ŞAR-ın rəhbərliyi mənim rəsədxanada işlədiyimə dair müddətli əmək müqaviləm barədə məhkəməyə səhv məlumatlar (akt) təqdim etmişdir. Belə ki, ŞAR-n rəhbərliyinin məhkəməyə verdiyi səhv məlumatlar əsasında qətnamələrdə yazılıb ki, guya mən 05.01.2017-ci il tarixdən başlayaraq müddətli əmək müqaviləsi ilə cəmi 1 il 6 ay müddətində (müddət səhv olaraq 5 ildən az göstərilib) rəsədxanada işləmişəm.

AR MPM-nin 435.1.3-cü maddəsinin tələbinə uyğun olaraq bu ərizənin verilməsi üçün qanuni müddətlərə əməl olunması barədə məlumatlar və bunun üçün sübut vasitələri göstərilməlidir.

AR MPM-nin 434.1-ci maddəsinə görə isə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə işdə iştirak edən şəxslər tərəfindən, işə yenidən baxmaq üçün əsas olmuş bu Məcəllənin 432-ci maddəsində göstərilən halların aşkar olunduğu gündən 1 aydan gec olmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə verilə bilər.

Hal-hazırda işə yenidən baxmaq üçün əsas olmuş belə həlledici material 25 avqust 2020-ci il tarixdə aşkar olunduğundan, həmin tarixdən başlayaraq 1 ay müddətində – yəni 25 sentyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikası Ali Məhkəməsinə yeni açılmış hallar üzrə ərizə ilə müraciət etmək hüququm var.

AR MPM-nin 434.2 və 434.3-cü maddələrinə uyğun olaraq bu ərizəmi və ərizəyə əlavə olunmuş sənədlərin surətlərini işdə iştirak edən digər şəxslərə göndərdiyimi təsdiq edən sənədi də bu ərizəyə əlavə edirəm.

AR MPM-nin 435.1.4-cü maddəsinə görə qəbul edilmiş aktın ləğv edilməsi barədə motivlərin nədən ibarət olduğu bu ərizənin məzmununda ayrıca göstərilməlidir. Bu aşağıdakılardan ibarətdir:

Dövlət Əmək Müfəttişliyi Xidmətinin İsmayıllı Regional Ərazi Şöbəsinin sorğuma cavab olaraq mənə göndərdiyi 25.08.2020-ci il tarixli, 20130154842 saylı rəsmi cavabından göründüyü kimi mən 05 yanvar 2010-cu il tarixindən – 05 iyul 2018-ci il tarixinədək Şamaxı Astrofizika Rəsədxanasında 8 il 6 ay (5 ildən çox) fasiləsiz olaraq müddətli əmək müqaviləsi ilə işləmişəm. Bu fakt Məşğulluq Alt Sistemində yerləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış mənə aid əmək müqaviləsi bildirişlərindən də aşkar görünür. Mənim əmək fəaliyyətim barədə həmin məlumatları Şamaxı Astrofizika Rəsədxanasının rəhbərliyinin özü orada yerləşdirmişdir.

Bu iş üzrə qanuni qüvvəyə minmiş qətnamələrdən də aşkar görünür ki, hazırki həlledici material iş materiallarına daxil edilmədiyindən keçirilən məhkəmə proseslərində mübahisələndirilməmişdir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə görə işçinin müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Odur ki, Şamaxı Astrofizika Rəsədxanasında 8 il 6 ay fasiləsiz müddətli əmək müqaviləsi ilə işlədiyimə görə AR Əmək Məcəlləsinin 73.1-ci maddəsinə görə guya əmək müqaviləmin müddətinin bitməsi səbəbi ilə əmək fəaliyyətimə xitam verilməsi tam əsassızdır. Belə ki, AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə görə Şamaxı Astrofizika Rəsədxanasında fasiləsiz müddətli əmək müqaviləm 8 il 6 ay (5 ildən çox) olduğundan həmin əmək müqaviləm müddətsiz hesab olunmaqla mən rəsədxanada öz əvvəlki işimə bərpa olunmalıyam.

Buna görə də iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(105)-599/2019 saylı qətnaməsi və onunla eyni olan Şamaxı rayon məhkəməsinin 18.09.2018-ci il tarixli, 2(074)-1333/2018 saylı qətnaməsi – hər ikisi ləğv olunmalı, hazırki işə yeni açılmış hallar üzrə yenidən baxılmalıdır.

Bir daha təkrarlanması vacibdir ki, bu işə əvvəllər baxılarkən həm məhkəməyə və həm də mənə məlum olmayan həlledici (yəni iş üçün mühüm əhəmiyyətli) material aşkar olunduğundan AR MPM-nin 432.2.1-ci maddəsinin tələbinə uyğun olaraq yeni açılmış hallar üzrə mənim Şamaxı Astrofizika Rəsədxanasında işə bərpa tələbimə dair qəbul edilmiş məhkəmə aktlarına yenidən baxıla bilər.

Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 432.2.1, 433-436 və 438-ci maddələrini əsas tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumundan

XAHİŞ EDİRƏM

Sumqayıt Apellyasiya Məhkəməsinin işə bərpa tələbimin təmin edilməməsinə dair qanuni qüvvəyə minmiş 21 yanvar 2019-cu il tarixli, 2(105)-599/2019 saylı qətnaməsinə (və onunla eyni olan Şamaxı rayon məhkəməsinin 18.09.2018-ci il tarixli, 2(074)-1333/2018 saylı qətnaməsinə) yeni açılmış hallar üzrə yenidən baxılsın.

Bu ərizəmi təmin edib həmin məhkəmə aktlarını ləğv edərək işi aidiyyəti üzrə məhkəməyə yenidən baxılmaq üçün göndərməsini Ali Məhkəmənin Plenumundan xahiş edirəm.

Məhərrəmov Yanoş Mahmud oğlu