Eynulla Fətullayevin siyasi metamorfozası

81

Bu barədə çoxdan deyirdilər. Amma mən inanmırdım. Axı, şaftalı ağacının gavalı gətirməsi ağlasığmazdır, elə deyilmi? İnsan uzun illər məslək və əqidəsinin üstündən xətt çəkib, tamamilə əksinə mövqe tuta bilərmi? Qətiyyən!

Doğrudur, Avropada uzun müddət marksist olub sonra qatı anti-kommunistə çevrilən məşhur siyasətçilər olub, indi də var. Lakin bu, xarakterin, dünyagörüşünün, məslək və prinsipin əyridən düzə, yalandan həqiqətə, ədalətsizlikdən ədalətə dönüşdür. Və bunu yalnız alqışlamaq olar. Amma bizim yekəqarın, fizioloji mənada yekəbaş, amma çox fəal və döyüşkən bir qəhrəmanın çevrilişi, bir az yumşaq desək müsbət çevriliş deyil, o, Avropa siyasətçilərinin tamamilə əksinə olan metamarfozaya uğradı. Yəqin ki, nə dediyimiz onun özü üçün də, tanıyanlar üçün də aydındır. Çünki o, həyatının ən coşqun çiçəklənən dövründə bu gün ikinci fəxri xiyabanda yatan bir şəxsiyyətin jurnalında ən fəal müəllif kimi ən kəskin yazılarla çıxış etmişdir. Və artıq nə həmin jurnalı, nə də Eynullanın orada çap olunan yazılarını onun üstündən və tarixdən qoparıb atmaq olmaz, bu mümkün deyil.

Daha sonra isə bu cənab siyasətçi, polemist, publisit, məfkurə nəhəngi, eyni vaxtda “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” adında iki qəzet nəşr etmiş və bu qəzetlərdə elə kəskin yazılar çap etmişdir ki, nəticədə 2001-ci ildə həbsxanaya düşmüşdür, özü də sonralar dönə-dönə.

Görünür, həbsxanada da ən nəhayət onun müqavimət enerjisi tükənmiş və o, qeyd etdiyimiz kimi, birdən-birə o yaşına qədərki  fəaliyyətinin və prinsiplərinin üstündən qırmızı xətt çəkmişdir. Təbii ki, azadlıq əvəzində ondan yeni məhsul tələb olunurdu və o da canla-başla həmin məhsulları sağa-sola paylamağa başlamışdır. Niyə? Təkrar edirik, sadəcə olaraq bu adamın ya coşqun həyat eşqi, yaşamaq eşqi fontan vurmuş, ya da əzəli instinktləri oyanmışdır. Və o, bu cür gözlənilmədən “mirsərçəliyə” keçid etmişdir.

Keçidin mübarək, Eynulla bəy!

 

Əlisa  NİCAT