“Evlər tikib satırıq, kirayə veririk” – Millimizin sabiq futbolçusu

15

Azərbaycan millisinin sabiq futbolçusu Elvin Əliyev sevimli peşəsindən uzaq düşüb.

Hurriyyet.org apasport.az-a istinadən xəbər verir ki, “Bakı”nın keçmiş kapitanı tikinti işləri ilə məşğul olur.

36 yaşlı müdafiəçi əməkdaşımızla söhbətində atası Füzuli Əliyevlə birlikdə ev tikintisi ilə məşğul olan şirkətlərinin olduğunu bildirib: “Ata-bala evlər tikirik, elə o vaxtdan tikinti ilə məşğulam. Şirkət də demək olar. Ərazilərimiz var, evlər tikib satırıq, kirayə veririk”.

Əliyev buna baxmayaraq, yenidən futbol sektorunda çalışmaq arzusunda olduğunu söyləyib: “İstərdim ki, futbola qayıdım, sevimli peşəmlə məşğul olum. Amma görürəm ki, bu sahədə bizə yer yoxdur”.

Qeyd edək ki, 2007-2008-ci illərdə Azərbaycan millisinə çağırılan Elvin Əliyev əsasən “Bakı”dakı (2008-2015) çıxışı ilə tanınıb.