Evimizin kandarı ictimai yer sayılır?

120

Açıq havada maska taxmaq məcburiyyəti ilə bağlı çoxsaylı suallar mövcuddur

Aynur Hacıyevaya: “Evimizin kandarı ictimai yer sayılmır

Əkrəm Həsənov: “Qanunda ictimai yerin tam hara olmasının açıqlaması verilmir”

Roman Qaraşov: “Əgər vətəndaş qapını bağlayıb, çölə maskasız çıxırsa, ona cərimə tətbiq oluna bilər”

 “Bir neçə şəxsin olduğu yer, evin qapısından çıxdığın yer də daxil olmaqla, ictimai yer sayılır. Evin həyətində başqa şəxslər varsa, ora ictimai yerdir. Əgər vətəndaşın getdiyi yerdə ondan və ailəsindən başqa digər bir şəxs varsa, orda da cərimə tətbiq oluna bilər”

 Noyabrın 20-nə olan rəsmi statistikada Azərbaycanda “Covid-19-“a yoluxmanın ilk dəfə 3 mini aşdığı bildirilib. Bu səbəbdən karantin rejimi sərtləşdirilib, qapalı məkanlarla yanaşı, açıq havada da maskasız gəzmək qadağan olunub. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, ictimai yerlərə insanların daha çox olduğu – küçə, prospekt, park, məhəllədaxili yerlər daxildir: “Başqa sözlə, ictimai yer insanların yaşadığı evin kandarından başlayır. Yəni iki və daha artıq şəxsin hərəkət etdiyi yer ictimai yer hesab olunur”.

Bəs, vətəndaşın yaşadığı evin kandarı ictimai yer sayıla bilərmi?

Sualımızı əvvəlcə sosioloq Aynur Hacıyevaya ünvanladıq. O, evin kandarının ictimai yer sayılmadığını deyib: “Sosial baxımdan götürsək, deyə bilərək ki, əgər məhlədən kənara çıxmışıqsa və orda daha çox adam varsa, əsas da satış mərkəzləri, bazar kimi məkanlarda daha çox adam varsa, ora ictimai yer sayılır. Bu məkanlar açıq şəkildə və satış mərkəzi olduğuna görə, çox adamın toplaşdığı yer sayılır. Açıq hava olmağına baxmayaraq, təmas çox olur. Amma biz məhlədə və yaxud da hansısa parkda oturub, hava alırıqsa, demək ki, təkik və yanımızda kimsə yoxdur, belə yerlərdə maska taxılmasına ehtiyac görmürəm. Məsələn, şəhərin “20 Yanvar” ərazisində yerləşən dayanacağın özündə belə çoxlu sayda insan olur. Belə yerlər açıq şəkildə olsa da, burda insanlar arasında təmas çox olur. Belə yerlərdə maskanın taxılmasını vacib hesab edirəm. Bu ərazini özüm də müşahidə etdim. Avtobus dayanacağında çoxlu sayda insan toplaşıb və əsksəriyyəti də maskasız şəkildə hərəkət edir.

Evin kandarını ictimai yer saymaq olmaz. Çünki biz orda yaşayırıq, həyətə çıxıb nəsə götürürksə, maska taxmağa ehtiyac yoxdur. Qonşuların hamısı birdən çölə çıxmır…”

Hüquqşünas Əkrəm Həsənov isə “Hürriyyət”ə açıqlamasında, sosiloq Aynur Hacıyevanın fikirlərinin tam əksini deyib. O bildirib ki, vətəndaş həyətdən kənara çıxırsa, artıq ora ictimai yer sayılır: “Qanunda ictimai yerin tam hara olmasının açıqlaması verilmir. Bir neçə şəxsin olduğu yer, evin qapısından çıxdığın yer də daxil olmaqla, ictimai yer sayılır. Evin həyətində başqa şəxslər varsa, ora ictimai yerdir. Əgər vətəndaşın getdiyi yerdə ondan və ailəsindən başqa digər bir şəxs varsa, orda da cərimə tətbiq oluna bilər. Söhbət bina evlərindən gedirsə və vətəndaş binanın önündədirsə, ora da ictimai yerdir. Çünki orda digər şəxsin virusa yoluxub-yoluxmadığını bilmək olmaz. Həyət evindən söhbət gedirsə və vətəndaş həyətinə çıxırsa, ora ictimai yer deyil. Vətəndaş həyətdən kənara çıxırsa, artıq ora ictimai yer sayılır. Yenə də demək istəyirəm ki, qanunda bunlar tam əksini tapmayıb. Sadəcə qanunda bildirilir ki, isanların sıx toplaşdığı yer ictimai yer sayılır”.

Hüquqşünas Roman Qaraşov isə vətəndaş maşında tək olacağı təqdirdə maskadan istifadə etməkdə azad olduğunu deyib: “Ümumiyyətlə, Nazirlər Kabinetinin qəbul etdiyi qərarda evin çölü və ya hər hansı ərazi deyə bir şey qeyd olunmayıb. Qeyd olunub ki, açıq hava məkanında maskasız gəzmək qadağandır. Açıq hava məkanı dedik də isə, istənilən məkandan söhbət gedir. Əgər vətəndaş yaşadığı mənzilin ərazisini tərk edibsə, burda cərimə tətbiq edilə bilər. Vətəndaş yaşadığı həyətin ərazisindən yola maskasız çıxıbsa, bu artıq pandemiya qaydasının pozulmasıdır. Təbii ki, vətəndaşı yaşadığı həyətdə cərimələmək mümkün deyil. Əgər həyətdə də cərimələnəcəyiksə, o zaman evin içində də maskamızı çıxartmamalıyıq. Belə bir qərar yoxdur. Qərar yalnız yaşayış məskənini tərk etməklə bağlıdır. Qanunda belə bir müddəa var ki, açıq hava məkanlarında maskasız gəzmək qadağandır. Açıq hava məkanı dedik də, yəni küçədə hərəkət edərkən cərimə tətbiq oluna bilər. Əgər vətəndaş qapını bağlayıb, çölə maskasız çıxırsa, ona cərimə tətbiq oluna bilər – belə desək daha aydın olar. Çölə çıxan şəxs istənilən insanla ünsiyyətə girə bilər. Artıq bu cür şəxslər həm özü, həm də digərləri üçün real virus daşıyıcısı olur.

Hazırda yoluxanların müəyyənləşdirilməsi də çətin olur. Bilirsiniz ki, testin nəticələri də dərhal bəlli olmur. Bəzən olur ki, xəstələr virusu gizli şəkildə keçirdir. Eyni zamanda, yoluxanların sayının durmadan artması qoruyucu maskalardan daha çox istifadə etməyimizi əsaslandırır. Əgər vətəndaş maşında tək olarsa, o zaman maska istifadə etməyə bilər. Bununla bağlı Daxili İşlər Nazirliyindən də açıqlama verilib”.

DİN-dən verilən digər bir məlumata görə, insanların sıx toplaşdığı yerlərdə, bankomat önündə, növbə sıralarında açıq havada maskanı çıxarıb siqaret çəkmək, su içmək, qida qəbul etmək olmaz. Sonradan DİN-in yaydığı məlumata görə, parklarda, insanların sıx toplaşmadığı yerlərdə siqaret çəkmək, su içmək, qida qəbul etmək qadağan deyil. Sadəcə öncədən yayılan məlumatların koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün tövsiyə xarakterli xəbərdarlıq olduğu bildirilib.

Qeyd edək ki, ölkədə noyabrın 21-dən açıq havada maska taxmaq məcburidir. Qanunvericiliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilirlər.

YƏHYA