“Evimin və bütün əmlakımın talan edilməsi faktının Azərbaycan Prezidentinə çatdırılmasına kömək edin…” – Tanınmış azərbaycanlı cərrahdan Putinə ŞOK MÜRACİƏT

27

“Regal” MTK tikinti şirkəti tərəfindən evi qanunsuz olaraq uçurulan, buna görə kompensasiya ala bilməyən tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oğlu İskəndərov haqqının bərpa olunması istiqamətində mübarizəsini davam etdirir.

Qeyd edək ki, Qafar İskəndərovun Bakı şəhərində olan yeganə evi 2017-ci ilin may ayının 16-da sözügedən tikinti şirkətinin rəhbərliyi və sahibləri tərəfindən razılaşma və müvafiq məhkəmə qərarı olmadan darmadağın edilib. Bununla bağlı qəzetimiz vasitəsilə dəfələrlə ölkə rəhbərliyinə və aidiyyəti qurumlara, hətta Səudiyyə Ərəbistanının Kralına və Bakıda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət etsə də, Q.İskəndərovun şikayətinə hələ də baxan yoxdur. Odur ki, zərərçəkən növbəti dəfə Rusiya prezidenti Vladimir Putinə müraciət etməyi məqbul hesab edib.

Картинки по запросу Qafar Bədəlxan o

Q.İskəndərovun redaksiyamıza daxil olan müraciətini olduğu kimi dərc edirik:

“Möhtərəm Prezident!

Avrasiya regionu və bütövlükdə dünya çapında Rusiyanın və şəxsən Sizin təhlükəsizlik və əminamanlıq üçün yorulmaz fəaliyyətinizi təqdir edir və Sizə güvənirik. Müasir mürəkkəb geopolitik münasibətlər sistemində Rusiyanın və bütövlükdə keçmiş Sovetlər məkanının hər bir vətəndaşının taleyi də Sizin üçün heç zaman biganə olmamışdır. Bütün bunları əsas tutaraq hüquqları pozulan, lakin ədalət axtarışında çabalayan bir keçmiş Sovet ziyalısı kimi Sizə müracət etmək məcburiyyətindəyəm. İnanıram  ki, müraciətimə biganə qalmayacaqsınız.

Məlumat üçün bildirmək istərdim ki, mən Azərbaycanda yaşamışam və oradan müqavilə əsasında Səudiyyə Ərəbistanına həkim-cərrah kimi işləməyə getmişəm. 2017-ci ildə Səudiyyə Ərəbistanında çalışdığım zaman Azərbaycan Respublikası, Bakı şəhəri, N.Yusifbəyli 25/27 ünvanında yerləşən ikimərtəbəli evim  razılığım və xəbərim olmadan “Regal” MTK tikinti şirkəti tərəfindən, Nəsimi Rayon İcra başçısı Asif Əsgərovun razılığı ilə və hec bir qanuni əsas olmadan sökülmüş, içərisindəki əmlakım isə məhv edilmişdir.

Azərbaycan Respublikasında bütün instansiyalar üzrə dövlət orqanlarına müraciət etmişəm. Təəssüflər olsun ki, Azərbaycanın hüqüq mühafizə orqanları (polis və prokurorluq orqanları, məhkəmələr) vətəndaşın konstitusion hüqüqlarını qorumaq əvəzinə, korporativ maraqlar müqavilində cinəyətkarların tərəfini tutublar.

Azərbaycan Respublikası Daxili İşlər nazirinə, Azərbaycan Respublikası Baş prokuroruna, Azərbaycan Respublikası Ədliyyə nazirinə, Ali Məhkəmənin sədrinə dəfələrlə teleqramlar, məktublar və media vasitəsilə müaraciət etməyimə baxmayaraq, etinasız və qərəzli münasibətlə üzləşmişəm, mənə Azərbaycan Respublikası qanunları ilə ziddiyyət təşkil edən, arqumentsiz, sikayətimə dəxli olmayan cavablar verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti hazırda informasiya blokadasına alınmışdır. Bu blokadanı yarmaq üçün Səudiyyə Ərəbistanının Kralına və Türkiyə Prezidentinin Prezidentinə media və səfirliklər vasitəsilə müraciət etdim. Lakin bu blokadanı qırmağa müvəffəq olmadım.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya media vasitəsilə 40-dan çox müraciət və şikayətlər, teleqramlar, məktublar, internet səhifəsilə çox sayli şikayətlər ünvanlasam da, cavab ala bilmədim. Bu, Azərbaycan Respublikası Prezidentinin informasiya blokadasında olmasını göstərir. Respublikanın bu günkü əmlak bazarındakı qiymətləndirmə sistemi ilə hazırda şirkətin mənə vurduğu maddi ziyan artıq  2.000.000 (iki milyon) manata yaxındır.

Bu gün Azərbaycan Respublikası polis, prokurorluq və məhkəmə orqanları vətəndaşlarda Azərbaycan Respublikası Prezidentinə qarşı nifrət hissi yaratmaqla məşğuldurlar. Bunları Prezident Administrasiyasının səlahiyyətli şəxləri görür, lakin qarşısını almaq istəmirlər, eyni zamanda yanlış məlumatlər verirlər. Yerlərdə MTK sədri, polis rəisləri, prokurorlar, MİS-in müdirləri belə qanunlara qarşı saymamazlıq edir. Onlar Prezidentin qərar və fərmanlarını saya saymırlar. Nəticədə Azərbaycan Respublikası Konstitusiyası ayaqlar altına atılır, vətəndaşların hüqüqları pozulur, hərc-mərclik yaranır.

Cənab Prezident!

Siz Azərbaycan Respublikasının Prezidentinə  Ermənistanın dövlət başçısı ilə Qarabağ problemlərinin həlli üçün masa arxasında oturub, danışıqların aparılmasını məsləhət görmüsünüz. Lakin mənim probleminlə əlaqədar hec bir orqan (polis, prokurorluq, məhkəmə) barışıq yaratmağa səy göstərməmişdir, çünki bu orqanlar yalnız öz mənfəətlərini güdmüşlər(hakimlərdən biri məndən maşın, biri ev, digəri 50 000 (əlli min) manat, digəri isə mənim 58 ildə qazandığım vəsaiti Heydər Əliyev Fonduna və ya prezidentə bağışlamağımı istəmişlər).

Möhtərəm Prezident!

Azərbaycan Respublikasının Prezidenti  Cənab İlham Əliyevin informasiya blokadasının aradan götürülməsində və mənim başıma gələn ağlasığmaz hadisənin – evimin və bütün əmlakımın talan edilməsi, dağıdılması faktının Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidentinə çatdırılmasında mənə öz köməkliyinizi əsirgəməməyi Sizdən artıq dərəcədə xahiş edirəm”.

Hazırladı: İ.SABİRQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.