Ev dustaqlığına buraxılan general cəmiyyətdə antikorrupsiya əməliyyatlarıyla bağlı müsbət təəssüratı korladımı? – ARAŞDIRMA

147

Ev dustaqlığına buraxılan DXS generalının korrupsiya əməlləriylə bağlı ifadə verənlərin aqibəti necə olacaq?

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısının alınması zamanı, DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlunun həbs edilməsini xatırlatmaq istəyirik. Eyni zamanda xatırladaq ki, ölkə başçısı Prezident İlham Əliyev mayın 15-də imzaladığı sərəncamla Əfqan Nağıyev vəzifədən azad edildi və təqsirləndirilən şəxslər barəsində isə 4 ay müddətinə həbs qətimkan tədbiri seçildi. Bütün bu olanlardan sonra, avqustun 8-də Bakı Hərbi Məhkəməsi Əfqan Nağıyev barəsində həbs qətimkan tədbiri qərarını dəyişərək, onu ev dustaqlığı ilə əvəz edib.

Lakin bəzi xəbər portallarında Əfqan Nağıyevin bəraət alaraq DSX-dakı işinə bərpa olunduğu da qeyd olunur. Görəsən, DTX-nin həbs etdiyi generalın ev dustaqlığına buraxılmasında kimlərin marağı var? Bu Dövlət Təhlükəsizliyi Xidmətinin işinin qeyri-peşəkarlığındanmı irəli gəlir ya bizim bildiyimiz başqa gizlinlər var? Axı Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı açıqlamada, DSX-nin adıçəkilən vəzifəli şəxslərinin xidməti otaqlarına və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı onların qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülmüşdür. Bəs bu faktlar və sübutlar necə olacaq?…

İstintaq zamanı müəyyən edilmişdir ki, qeyd olunan vəzifəli şəxslər tərəfindən vətəndaşlardan rüşvət qismində tələb edərək alınmış külli miqdarda pul vəsaitləri hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında təqdim edilmiş, Əfqan Nağıyev isə qrupun digər üzvləri arasında bölüşdürülməsi məqsədilə həmin yığılan pul vəsaitinin müəyyən faizini onlara geri qaytarmışdır. DTX-nın bu açıqlamanı ictimaiyyətə yayandan sonra, niyə Bakı Hərbi Məhkəməsi həbs olunan və barəsində bəbs qətimkan tədbiri seçilən generalı ev dustaqlığına buraxdı?
Bəs, Dövlət Təhlükəsizliyi Xidmətinin DSX-nın vəzifəli şəxslərinin həbs edilməsiylə bağlı keçidiyi əməliyyatda dindirdiyi şəxslərin ifadəsi də yalandımı? Əgər, yalan ifadə veriblərsə, onlar barədə cinayət işi açılacaqmı?…
Digər tərəfdən niyə məhz 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxıldı? Axı, o tək həbs edilməmişdi? Onunla bərabər, DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri – polkovnik Pənahov Nemət Hacı oğlu, polkovnik-leytenant Vəliyev Elçin Vaqif oğlu, polkovnik Əzizov Samiq Yusif oğlu, polkovnik-leytenant Muradov Sakit Yusif oğlu, mayor Namazov Müzəffər Qafil oğlu və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək, Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün bu fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməklə almışlar.

Lənkəranın 14 yaşlı qız uşağını zorlamaqda şübhəli bilinən polis əməkdaşını həbs etməyə gücü çatmayan, generalı həbs edib və yenidən ev dustaqlığına buraxan hüquq-mühafizə orqanları bu qədərmi acizdirlər?…Hüquq-mühafizə orqanlarının antikorrupsiya əməliyyatlarına artıq iradəsi tükənibmi? Hər halda ölkə başçısının antikorrupsiya sahəsində apardığı iradəsi ortadadır…
Ev dustaqlığına buraxılan general cəmiyyətdə antikorrupsiya əməliyyatlarıyla bağlı müsbət təəssüratı korladımı?
Sualımızı Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafaya ünvanladıq. O, generalın ev dustaqlığına səbəb, onun hansısa təqsirinin sübuta yetirilmədiyi ilə əlaqələndirib:

“Xeyr, korlamır. Korrupsiyaya qarşı Azərbaycanda ölkə başçısı tərəfindən ciddi mübarizə aparılır. Generalın və icra başçılarının həbsi də kifayət qədər aparılan mübarizənin göstəricisidir. Bu mübarizədə prezidentin iradəsi ortadadır. Hesab edirəm ki, məhkəmə işin bütün hallarını nəzərə alaraq, müəyyən qərarlar qəbul edir. Ola bilsin ki, həmin generalın konkret məsələylə bağlı hansısa təqsiri sübuta yetirilməyib. Bu məsələdə, ən narahatedici amil odur ki, prezidentin apardığı islahatlara mane olanlar da var. Elə icra başçıları var ki, onlar üçün prezidentin iradəsi və ortaya qoyduğu kurs heç bir əhəmiyyət daşımır. Prezident, həmişə sahibkarları ciddi şəkildə müdafiə edir. Ölkə başçısı bildirir ki, sahibkarlara imkan yaradılmalıdır. Elə rayonlar var ki, oranın icra başçıları üçün prezidentin sözlərinin heç bir əhəmiyyəti yoxdur. “Parksalma” adıyla sahibkarın torpağını qanunsuz olaraq, əlindən alır. Hətta, məhkəmə sahibkarın xeyrinə qərar çıxarsa belə, icra başçısı məhkəmənin qərarını saymadığını bildirir”.
Millət vəkili Göyçayın icra başçısı Mehdi Səlimzadənin məhkəmə qərarlarını saymadığını və prezidentin sahibkarlarla bağlı tövsiyyələrinə də əməl etmədiyini bildirib. O, sözügedən məsələnin Milli Məclisdə qaldırıldığını deyib:
“Göyçayın icra başçısı Mehdi Səlimzadə ümumiyyətlə məhkəmə qərarlarını saymır və prezidentin sahibkarlarla bağlı tövsiyyələrinə də əməl etmir. Ümidsizliyi bu kimi hallar yaradır. Məhkəmənin qərarı ilə kimsə ev dustaqlığına buraxılıbsa, bu normal qarşılanmalıdır. Burda təəccüb doğuran məqam yoxdur. Ən acınacaqlısı Göyçayın icra başçısı Mehdi Səlimzadənin sahibkarın hüququnu pozmaq üçün zorla torpaq sahəsini ələ keçirməsidir. Buna da söz deyən yoxdur. Tam arxayınçılıqla bildirir ki, mənə heç kimin gücü çatmaz. Bu məsələni Milli Məclisdə də qaldırmışıq. Belə icra başçılarının qanunsuz əməllərindən narahat olmaq olar”.

Son olaraq, bəzi media portallarında Əfqan Nağıyevin bəraət alaraq DSX-dakı işinə bərpa olunduğu barədə informasiyayla bağlı, elə Dövlət Sərhət Xidmətinin özüylə dəqiqləşdirmək istədik. Gün ərzində əlaqə saxlamağa cəhd etsək də, təəssüf ki, qurumdan zəngimizə “alo” deyən də tapılmadı. Hər halda yayılan informasiyanın yalan və ya doğru olduğuna Dövlət Sərhəd Xidməti ictimiyyətə məlumat verməlidir…

YƏHYA, Hurriyyet.org