Etibarnaməylə maşın alanların nəzərinə: SATAN ŞƏXS İSTƏNİLƏN VAXT ETİBARNAMƏNİ LƏĞV ETDİRƏ BİLƏR

1008

Etibarnamə ilə avtomobil almağın təhlükəli olması barədə həm zərərçəkənlər, həm də ekspertlər dəfələrlə xəbərdarlıq ediblər. Çünki bu cür maşın alınarkən, faktiki alqı-satqı edilsə də, hüquqi cəhətdən alqı-satqı baş tutmuş sayılmır. Yəni mülkiyyət hüququ yenə də avtomobilin hüquqi sahibində qalır.

Mövzuyla bağlı hüquqşünas Bəhruz Bayramovla əlaqə saxladıq. Hüquqşünas Hurriyyet.org-a bildirdi ki, etibarnaməylə maşını satan şəxs istənilən vaxt etibarnaməni ləğv etdirə bilər:

“Ümumiyyətlə etibarnamə alqı-satqı demək deyil. Satan şəxs istənilən vaxt etibarnaməni ləğv etdirə bilər. Digər tərəfdən, maşın etibarnaməni verən şəxsin mülkiyyətində sayılır. Belə problemlər çox olur. Məsələn, satan şəxsin banka borcu ola bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə görə pul ödənməlidir. Belə olan halda maəhkəmə tərəfindən həmin maşına həbs qoyulub, hərraca çıxarıla bilər. Etibarnaməylə maşını almış şəxs problem yaşaya bilər. Dəfələrlə şahidi olmuşam ki,  alqı-satqı prosesində etibarnaməylə maşın satırlar. Bu da gələcəkdə böyük problemlərə səbəb olur. Vətəndaşlar bilməlidir ki, etibarnamə daşınar və ya daşınmaz əmlakın alqı-satqısı demək deyil. Alqı-satqı prosesi yalnız alan şəxsin öz adına keçirməsiylə rəsmi ola bilər. Etibarnamə verdik də siz öz xeyrinizə hərəkət edə bilmərsiniz. Maşını başqa bir yaxın adamının adına keçirə bilərsiniz”.

YƏHYA