Estoniyada azərbaycanlı xanım partiya həmsədri oldu

75

Keçmiş Sovetlər Birliyi dönəmində məşhur etson etnoqrafı və Tartu Universitetinin professoru Linnar Myal bütün yasqlara baxmayaraq, “occupation”-işğalçılıq adlı bir siyasəti ifşa edən və bunun istənilən xalqın varlığı, onun etnik tablosuna vurulan zərbənin miqyaslarını elmi araşdırmaları ilə gündəmə gətirərdi. O, eyni zamanda estonların Türk Dünyasının və “Fin-Uqor Xalqları Ailəsi”nin üzvü olması konspeti ilə də çıxış edərdi. Bu gün Baltikyanı ölkələrin hamısı “occupation” siyasətinə qarşı çıxmaqla özlərinin varlığını qoruyurlar. Ancaq, təəsüflər olsun ki, bu ölkələrdə yaşayan soydaşlarımız, eləcə də diaspor təşkilatlarımız Litonya, Lativa və Estoniya cəmiyyəti, siyasi quruluşları və dövlətləri ilə bizlərin onlar kimi aqibəti yaşadığımızla bağlı həqiqətləri ortaya qoymurlar. Bu ölkələrdə yeni nəsil soydaşlarımız demək olar ki, artıq adaptasiya olunmaqla yanaşı, ictimai, siyasi, mədəni, sosial sahələrdə bir sıra uğurlar əldə etməyə başlayıblar. Xüsusilə Estoniya ilk sırada yer alır. Estoniya “Yaşıllar Partiyası”nın həmsədri qismində həmyerlimiz Züleyxa İsmayılovanın uğurlu addımı buna örnəkdir.

 

1851-ci ildən başlanan Azərbaycan sevgisi

 

Həmin il Yuxan Kiyv, Qustav Vulf və Anna Haov alman dilindən dahi Azərbaycan şairi Mirzə Şəfi Vazehin şeirlərini eston dilinə çevirirlər. XX əsrin əvvəllərində təsis olunan “Bakı Eston Cəmiyyəti”nin əsas məqsədi məhz Azərbaycan ədəbiyyatını təbliğ etməkdən ibarət olmuşdur. 1978-ci ildə Molla Pənah Vaqifin şeirlərini F.R. Kreysvald eston dilinə çevirməklə cəmiyyətdə Azərbaycanın daha yaxından tanınması prosesi başlanıldı. Elə həmin ərəfədə Tartu Universitetində təhsil alan bir qrup soydaşımız Azərbaycan ədəbiyyatını mümkün qədər daha çox eston dilinə çevirmək planını həyata keçirməyə başlayırlar. Beləliklə də estonların Azərbaycan mədəniyyəti və ədəbiyyatı haqqında bilgilər elmi, ədəbi və mədəni cameədə geniş şəkildə tanıdıldı. 1991-ci il Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra xaricdə yaşayan soydaşlarımızdan Estoniyada yaşayanlar qısa zaman ərzində fəal diaspor formalaşdıraraq, ətrafında burada yaşayanları toplaya biliblər. O da bəllidir ki, Estoniya cəmiyyətində ziyalı soydaşlarımıza münasibət daha üstün səviyyədədir. Əsasən, Tartu, Tallin, Narva şəhərlərində məskunlaşan azərbaycanlıların ictimai fəaliyyəti diqqətəlayiqdir. Hüquq, ədəbiyyat, texnika, ticarət və digər sahələr üzrə çalışan azərbaycanlılar içərisində dövlət vəzifələrində çalışanlar da var. Təqribi sayı iki minə qədər olan azərbaycanlılar Estoniyanın ictimai, iqtisadi, siyasi, mədəni həyatında mühum rol oynayır. Eston dövlət və ictimai xadimlərilə isti münasibətləri olan soydaşlarımız bu ölkəyə gələn hər bir azərbaycanlıya kömək əlini sevə-sevə uzadır. Estoniyada ana dili qorunur. Azərbaycanlı uşaqlar eston və ingilis dilində təhsil alırlar ki, bu da onların gələcəkdə hakimiyyət orqanlarında təmsil olunmasına şərait yaradır. Estoniyada Azərbaycan məktəbləri fəaliyyət göstərir. Azərbaycanlı Eldar Əfəndiyev parlamentin üzvüdür. O, eyni zamanda, Azərbaycan-Estoniya-Türkiyə qrupunun da rəhbəridir. 2004-cu il dekabrın 15-də Estoniya hökumətinin qərarı ilə Tallin şəhərində akademik Zərifə Əliyeva adına Şərq Mədəniyyəti Xalq Universiteti təsis olunub. Universitetin əsas vəzifələri Estoniyada yaşayan bütün türk xalqlarının və Qafqaz xalqlarının mədəniyyəti, dili və tarixi ilə tanış etmək, müxtəlif millətlər arasında multimədəni əlaqələr formalaşdırmaq, Estoniyanın mədəniyyəti və tarixi ilə tanış etmək, bu xalqların yerli cəmiyyətə inteqrasiyasına nail olmaqdır.

Estoniyada Azərbaycan diasporuna məxsus bir sıra ictimai təşkilatlar və kütləvi informasiya vasitələri var. Eyni zamanda, burada fəaliyyət göstərən “Bakı klubu” iki dovlət və xalq arasında əlaqələrin möhkəmlənməsinə təkan verir. Soydaşlarımızın informasiya təbliğatı işi də fəal sayıla bilər. www.az.ee, www.azeri.ee, www.irs.ee, www.fidan.ee saytlarını yaradan azərbaycanlılar dövlətimiz və diaspor işi haqqında ətraflı məlumatları yerli ictimaiyyətə təqdim edirlər.

 

Züleyxa İsmayılovanın uğurları

 

1985-ci ildə Bakıda anadan olmuş Züleyxa İsmayovanın atası azərbaycanlı, anası isə mənşəcə estondur. Atası dünyasını dəyişdikdən sonra, anası ailənin iki qız övladı ilə birlikdə Estoniyaya köçmək qərarını verir. Çünki, bir sıra çətinliklərlə üz-üzə qalan  ailənin həyat şəraiti ilə yanaşı, onların yaxın qohum-əqrəbaları olmadığı üçün isti bir yuvaya ehtiyacları var idi. Bu Züleyxanın anasının qohumlarının Tallinndə yaşaması səbəbindən oraya köçmək zərurətini yaratmışdı. Züleyxa Estoniyaya köçməmişdən öncə Bakıda jurnalistika üzrə təhsil almışdı və həm də fəal ictimaiyyətçi idi. Ona görə də, Estoniyaya köçdükdən sonra, qısa zamanda bu ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başladı. Ətraf mühitin qorunması ilə bağlı cəlbedici görünən “Estoniya Yaşıllar Hərəkatı”na qoşulur. Buna səbəb onun jurnalist olması, həm də peşəkar səviyyədə fotoqraf kimi təbiət mənzərələrinin tablolarını yaratması idi. 2017-2019-cu illərdə seçi yolu ilə paytaxt Tallinndə şəhər merinin müavini vəzifəsinə seçilir. Ancaq, bu ərəfədə “Nasional-Radikal Konservativ Xalq Partiyası”nın üzvləri və tərəfdarları onun elektron poçtuna daim təhdidlər dolusu məktublar yazmaqla, Estoniyanın ictimai-siyasi həyatında iştirak etməkdən çəkinməsini tələb edirdilər.

“Estoniya Yaşıllar Partiyası” yaranan kimi Züleyxa İsmayılova bu partiyanın nəinki fəal üzvü, hətta liderlərindən birinə çevrildi. Hal-hazırda onun təmsil olunduğu partiya iqtidara gəlmək üçün yeni seçkilərə hazırlaşır. Qalib gələcəkləri təqdirdə, Estoniya

Hakimiyyətini qurmaq fürsətini qazanacaq. Onu da qeyd edək ki, Züleyxa İsmayılova azərbaycanlı kimliyini heç bir zaman gizlətməmişdir və yeri gələndə mənsub olduğu xalqın adından qürurla çıxış etmişdir. Onun fikrincə Estoniyada vətəndaşlığı olan bütün azərbaycanlı gənclər dövlət işində iştirak etmək üçün addım atmalıdırlar. Ona görə ki, bunun üçün münbit şərait vardır. Sadəcə hakimiyyətə gəlməklə deyil, eyni zamanda Estoniyanın inkişafı prosesində yaxından iştirak etməyi də çox vacib sayır.

İki dövlətin qoşa taleyi

1917-ci ildə Çarlıq Rusiyası çökən kimi, 1918-ci ildə Estoniya və Azərbaycan eyni vaxtda özlərinin müstəqil dövlətlərini qurduqlarını elan etdilər. 1991-ci ildə Sovetlər Birliyi dağlan kimi hər iki ölkə dövlət müstəqilliklərinə yenidən qovuşdular. Bütün bunları eston sosioloqları və siyasi analitikləri diqqətlə araşdırmaqla yanaşı, iki ölkə arasında münasibətlərin daha da dərinləşməsində maraqlı tərəf kimi çıxış edirlər. Paytaxt Tallinndə min nəfərdən çox soydaşımız yaşayır. Bundan əlavə ölkənin Tartu və Narva şəhərlərində də çoxlu sayda soydaşlarımız yaşayırlar. Hər bir şəhərdə Azərbaycan diasporu təşkilatı mövcuddur. “Aydan”, “Ocaq” və digər mədəniyyət mərkəzləri Azərbaycanı Estoniyaya tanıtmaq, eyni zamanda soydaşlarımızın bu dövlətin ictimai həyatına inteqrasiya etmək kimi proseslərin həllində yaxından iştirak edirlər. Estoniyada yaşayan digər xalqlardan fərqli olaraq, azərbaycanlı icması hər zaman bu dövlətin müstəlliyinin yanında yer almış, hətta bunu açıq şəkildə elan etmişlər. Digər ölkələrdən fərqli olaraq, Estoniyada soydaşlarımıza “bazar adamı” gözündə baxılmır. Xüsusilə Eldar Əfəndiyevin Narva şəhərinin meri vəzifəsində çalışması və sonradan əhali məsələləri üzrə dövlət naziri postunda olması xalqımıza olan neqativmünasibətlərə son qoymuşdur.  Bu gün Estoniya dövləti Ermənistanın Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasətini qətiyyətlə pisləyir. Beləliklə də ermənilər “occupation” siyasət yürütdüklərinə görə onları sevmirlər. Estonların çoxu Azərbaycanın ərazilərinin işğalında Ermənistanla yanaşı, İrəvana dəstək verən xarici   dövlətləri də yaxşı tanıdıqları üçün, Azərbaycana xüsusi rəğbətlə yanaşırlar. Onların fikrincə eston və Azərbaycan xalqı son bir əsrdə eyni aqibəti yaşamaq zorunda qalıblar. Hər iki xalqın keçmiş və gələcək taleyini düzgün dəyərləndirməyin tərəfdarı kimi çıxış edirlər.

 

İnteqrasiyada üztərəfli hədəflər

Estoniyanın gimnaziyalarında “Azərbaycan və Türkiyə tarixi, mədəniyyəti və təbiəti ilə tanışlıq” adlı layihənin həyata keçirilməsinə başlanıb.13 dekabr 2016-cı il tarixdə Tallində “Tallinn Pae” gimnaziyasında Azərbaycan Mədəniyyət Mərkəzi “Aydan”ın təşəbbüsü və Azərbaycan və Türkiyə səfirlikləri, Estoniya Mədəniyyət Nazirliyi, “MISA” İnteqrasiya və Miqrasiya Fondu və Tallin şəhər icra hakimiyyətinin “Peaceful home” layihəsinin dəstəyi ilə “Azərbaycan və Türkiyə tarixi, mədəniyyəti və təbiəti ilə tanışlıq” adlı layihəsinə başlanması ilə bağlı tədbir keçirilib. Gimnaziyanın müəllimləri və yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilmiş tədbirdə gimnaziyanın direktoru, Azərbaycan və Türkiyə səfirliklərinin təmsilçiləri, “Aydan” Azərbaycan Mədəniyyət Mərkəzi və Estoniya “MISA” İnteqrasiya və Miqrasiya Fondunun nümayəndəsi çıxış ediblər. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi baxımından çıxışda böyük diqqət Azərbaycan – multikulturalizm modeli, tolerantlıq, Qafqaz Albaniyası kimi mövzulara yönəldilib. Daha sonra, Azərbaycan səfirliyi tərəfindən gimnaziyanın direktoru İzabella Riytsaara Azərbaycanın milli musiqi alətləri və xalçasının nümunəsini özündə təcəssüm etdirən milli suvenir təqdim edilib, eləcə də bir sıra kitab və nəşrlər gimnaziyaya hədiyyə olunub. Azərbaycan diasporunun “bazar günü” məktəbinin rəhbəri və müəllimi Şaxsənəm Əliyevanın ölkəmiz üzrə təqdimatı ilə tədbir davam etdirilib. Layihə çərçivəsində Estoniyanın bir neçə gimnaziyalarında yuxarı sinif şagirdlərinin esse, sual-cavab və digər müsabiqələrdə iştirakı həyata keçirilib.Sözügedən layihə çərçivəsində silsilə tədbirlərin Estoniyanın iki böyük şəhərləri olan Tartu və Tallinin “Hugo Treffner”, “Nõo Science” və “Kadriorg German” gimnaziyalarında da təşkili edilib.

Estoniyada fəaliyyət göstərən “Aydan” Azərbaycan Mədəniyyət Mərkəzi həm də Tallinn ratuşasında Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi ilə bağlı  təntənəli tədbirlər təşkil edib. Bu tədbirlərdə Estoniyanın keçmiş prezidenti Arnold Ryuytel, Riyqikoqunun deputatları, diplomatik korpusun və Azərbaycan icmasının nümayəndələri, nazirlik və departamentlərin əməkdaşları, KİV nümayəndələri iştirak ediblər. Bi il də bu tədbirin daha geniş tərkibdə keçirilməsi nəzərdə tutulub.

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Estoniyanın paytaxtı Tallin şəhərində Azərbaycan Evi fəaliyyətə başlayıb. Azərbaycan Evi Tallin şəhərinin mərkəzi küçələrindən hesab edilən Estoniya prospekti 15 ünvanında yerləşir. Burada Estonların Azərbaycanı yaxından tanıması üçün zəngin mədəniyyətimiz və turizm imkanlarımız barədə müxtəlif tədbirlərin təşkili nəzərdə tutulub. Azərbaycan evinin fəaliyyət istiqamətlərinə dil kurslarının təşkili də daxildir. Yaradılacaq kitabxanada qonaqlar Azərbaycan ədəbiyyatının klassiklərinin, müasir ədəbiyyatımızın görkəmli yazıçı və şairlərinin əsərləri ilə tanış ola biləcəklər. Azərbaycan Evində yaxın gələcəkdə musiqi və poeziya axşamlarının, o cümlədən müxtəlif sərgilərin də təşkil olunması nəzərdə tutulur.

“Hürriyyət”

***

Diaspora mövzusu