Tale Heydərov: “Bu təbliğatın qarşısını almağa çalışırdıq”

    9

    – Əslində “TEAS Press“ nəşriyyat evinin əsas məqsədlərindən biri də budur. Nəşriyyat tərəfindən Azərbaycan yazıçılarının seçilmiş əsərləri rus və ingilis dillərində nəşrə hazırlanıb. Bu il “TEAS Press“ tərəfindən Azərbaycan tarixinə dair Ziya Bünyadovun, Çapay Sultanovun əsərləri ingilis dilində, tədqiqatçı jurnalist Claudine Le Tourneurin əsəri fransız dilində nəşr olunacaq. Azərbaycanda kitaba, oxumağa diqqətin artırılmasına ehtiyac var. Mən bunu konkret kiminsə problemi kimi deyil, cəmiyyətin problemi kimi qiymətləndirirəm. Bunun səbəbləri müxtəlifdir. Amma qəbul etməliyik ki, istənilən sahədə inkişaf etmək istəyiriksə, bir qrup insanın təhsili ilə inkişaf ola bilməz. Cəmiyyət, ümumiyyətlə, təhsilə, oxumağa can atmalıdır. Bizdə təəssüf ki, bir sıra hallarda bu məsələyə yanaşmada fərq var. Hesab edilir ki, oxumaq yalnız məktəb və universitet illərində olur, ondan sonra ehtiyac yoxdur. Əslində, bəlkə də məktəbdən, universitetdən sonra oxumağa daha çox ehtiyac var. Hazırda dünyada ömür boyu öyrənmək konsepsiyası geniş yayılıb. Bu gün ictimai yerlərdə insanların əlində nadir hallarda kitab görmək mümkündür. Kiminsə əlində kitab görəndə isə, bu qəribə hal təsiri bağışlayır. Təbii ki, bu yaxşı hal deyil. Burada hər hansı təşkilatın təbliğatı ilə iş bitməyəcək. Oxumaqla bağlı böyük bir kampaniya başlamalıdır və buna hər kəs qoşulmalıdır. Biz bu işə töhfə vermək məqsədi ilə Azərbaycanda kitab mağazaları açmaq istəyirik. Yaxın vaxtlarda bizim həm Bakıda, həm də digər şəhərlərdə kitab mağazaları şəbəkəmizi görəcəksiniz. Bu işdə medianın da rolu böyükdür. Təəssüflə demək istəyirəm ki, Azərbaycan telekanallarının bu istiqamətdəki maarifləndirməsi zəifdir. Bununla bağlı çoxlu tənqidlər var, amma təəssüf ki, reallıq dəyişmir. Vaxtilə, mənim daha gənc yaşlarımda ədəbiyyatla, teatrla, ümumiyyətlə, aktual mövzularla bağlı çoxlu verilişlər, teletamaşalar var idi. İndi vəziyyət başqadır, keyfiyyətli uşaq proqramlarına az təsadüf edilir. Əgər Azərbaycan mediası maarifləndirmə işinə töhfə verməsə, bu istiqamətdə daha effektli fəaliyyət göstərməsə, işimiz çətin ola bilər. Medianın cəmiyyəti mütaliəyə, kitaba təşviq edən kampaniyalara başlaması çox zəruridir. İnkişafın həm fərdi, həm də kütləvi şəkildə əsas yolu budur. Bunun qısa və alternativ yolu yoxdur.