Ermənistanın keçmiş müdafiə naziri külli miqdarda pul mənimsəməkdə İTTİHAM OLUNUR

3

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı yeni ittihamlar irəli sürülüb.

Bu dəfə o, külli miqdarda vəsaiti mənimsəyib sovurmaqda günahlandırılır. Keçmiş nazirdən hətta heç bir yerə getməmək haqqında iltizam da alınıb.

Söhbət keçmiş nazirin 1,046,400,000 erməni dramı, yəni 2 184 003 ABŞ dollarını qanunsuz və şübhəli şəkildə israf etməsindən gedir.

İstintaqın məlumatına görə, 2010-cu ildə Müdafiə nazirliyi “Dzora” istilik-elektrik stansiyasının səhmlərini idarə edən orqan olaraq “Dzoraget hidro” şirkətinin təqribən 7 milyon 500 min ABŞ dolları məbləğində qiymətləndirilən əmlakını mənimsəyib. Daha sonra nazir Seyran Ohanyanın adından 2010-cu il dekabrın 16-da həmin akt barədə gizli məktub Ermənistan hökumətinin aparatına göndərilib.

Gizli prosedurla həyata keçirilən bu mənimsəmə əməliyyatından sonra “Dzora HES”in bütün əmlakı bazar qiymətindən qat-qat aşağı məbləğdə başqa idarəyə ötürülüb. Qalan məbləğdən isə heç bir xəbər yoxdur.

Seyran Ohanyan bununla bağlı heç bir günahının olmadığını qeyd edib. Onun sözlərinə görə, işlə əlaqədar artıq Xüsusi İstintaq kommitəsində ifadəsini verib. \\Musavat.com