“Ermənistana dəstəyi artırmaq istəyən İslam ölkələri var” – POLİTOLOQ

    30

    “İƏT üzvü Qətər son illərdə Ermənistanla sıx əlaqələr qurub”

    “Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupunun iclası keçirilib. Bu Təmas Qrupu İslam Əməkdaşlıq Təşkilatının 2016-cı ilin aprelində İstanbulda keçirilmiş sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təsis olunub. Təmas Qrupu Türkiyənin təşəbbüsü ilə yaradılıb”. Hurriyyet.org xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib

    “Bundan əvvəlki iclaslarda da təxminən eyni cümlələr yer almışdı”

    Şahinoğlu nəzərə çatdırıb ki, bu günə qədər Təmas Qrupu 3 ilcas keçirib: “Budəfəki iclasda da Ermənistanın qeyri-qanuni hərəkəti bir daha pislənilib, Azərbaycana onun ədalətli mübarizəsində dəstək göstərilməsinin vacibliyi vurğulanıb. Bundan əvvəlki iclaslarda da təxminən eyni cümlələr yer almışdı”.

    “İşğala son qoyulmasını dəstəkləyən üzv ölkələr Ermənistanla əlaqələrinə niyə yenidən baxmırlar?”

    Şahinoğlu onu da diqqətə çatdırıb ki, İslam Əməkdaşlıq Təşkilatı beynəlxalq təşkilatlar içərisində Dağlıq Qarabağla bağlı Azərbaycana ən çox dəstək nümayiş etdirən təşkilatdır: “Hər dəfə bu təşkilatın sammitində Azərbaycanın ərazi bütövlüyünü özündə əks etdirən sənədlər qəbul olunur. Sadəcə təşkilatla bağlı iki sualın aktuallığı artıb. 1. Təşkilatın Azərbaycan torpaqlarının işğalı ilə bağlı formalaşdırdığı Təmas Qrupu Azərbaycana dəstək bəyanatları ilə yanaşı işğalçı Ermənistana qarşı təzyiq mexanizmlərini hərəkətə gətirə bilərmi və ya bunu istəyirmi? Çünki Ermənistan bu bəyanatları heçə sayır. 2. İslam Konfransı Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü və işğala son qoyulmasını dəstəkləyən üzv ölkələr Ermənistanla əlaqələrinə niyə yenidən baxmırlar? Tam əksinə, Ermənistana dəstəyi artırmaq istəyən İslam ölkələri var. Məsələn, təşkilatın üzvü olan Livanın xarici işlər naziri bugünlərdə İrəvana gedərək Azərbaycanın pilotsuz uçaqlarını vurmaq üçün Ermənistana yardm edə biləcəklərini bildirib. Başqa neqativ misallar da var. Digər İƏT üzvü Qətər son illərdə Ermənistanla sıx əlaqələr qurub. Əslində, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Konfransı Təşkilatının Təmas Qrupunun bugünkü toplantısında bu məsələləri qaldırmalı idi”.

    Şamo EMİN, Hurriyyet.org