Ermənistan “Qazprom”a müharibə elan etdi

    15

    Ermənistan Rusiyadan təbii qaza endirim edilməsini tələb edir. Lakin bununla bağlı müzakirələrin aparılma müddəti belə bitib.

    Belə ki, Rusiya mətbuatının verdiyi məlumata görə, qazın qiymətlərinin indeksasiyası iyulun 1-də başa çatıb.

    İnternet məlumatlarından göründüyü kimi, Rusiya 2019-cu ilni yanvarın 1-dən Ermənistana verilən qazın qimyətini 150 dollardan 165 dollara qədər qaldırıb. Lakin bu qiymət qazın ölkəyə “daxil olmasına” görədir. Əhali üçün istehlak qiymətləri olduğu kimi qalıb.

    Vətəndaşlar üçün tariflərin yüksəlməməsinin əsas səbəbi, tədarük qisminin 100% “Qazprom” şirkətinə məxsus olan “Qazprom-Armeniya” şirkəti tərəfindən həyata keçrilməsidir. “Qazeta.Ru” saytının yazdığına əsasən, şirkət məsrəfləri qarşılamaq üçün qiymətləri qaldırmamaq naminə öz daxilində ixtisarlara getməyə məcbur qalıb və hazırda firmanın 1000-ə yaxın işçisinin işdən çıxarılması prosesi gedir.

    Lakin bu da artıq bəs etmir və “Qazprom Armeniya” tariflərin artırılması məsələsini gündəmə gətirməyə hazırlaşır. Ermənistanın İctimai xidmətlərin nizamlanmaıs üzrə komissiyanın rəhbəri Qaregin Baqramyan şirkətin belə bir hüquqa malik olduğunu etiraf etməyə məcbur qalıb.

    Nəzəri olaraq Ermənistan hakimiyyəti daxili istehlak üçün təbii qazın qiymətlərinə subsidiyalar vermək yolu ilə onu qalxmasını önləyə bilər. Lakin Paşinyan hökuməti hələ bu ilin əvvəlindən həmin yoldan imtina edib. Onlar qiymətlərin “Qazprom”un hesabına əvvəlki kimi saxlanılmasını istəyirlər.

    Ermənistan bunu ölkənin Avrasiya İqtisadi İttifaqında olması ilə əsaslandırır. Onların fikrincə, vahid iqtisadiməkanda olduqları üçün qimyətlər də hər bir dövlətə görə eyni olmalıdır.

    Lakin Moskva bu barədə hələ ki bir söz vermədiyinə görə rəsmi İrəvan artıq ilk əks-hücuma keçib. İyun ayında “Qazprom Armeniya” İctimai xidmətlərin nizamlanması üzrə komissiya tərəfindən “qaz şəbəkəsində tələb olunan şərtlərə əməl etmədiyi üçün” 10 milyon dram, yəni 20 min dollar məbləğində cərimələyib.

    Məbləğ ümumi miqyasda kiçik görünsə də onun rəsmi İrəvanın Kremlə və “Qazprom”a siqnalı kimi qəbul edənlər çoxdur. Lakin ekspertlər rəsmi Moskvanın geri çəkilmək niyyətinin olmadığını dilə gətirirlər.

    “Ermənistan zatən bazar qiymətlərindən də aşağı qaz alır. Ondan əvvəl yalnız Belarus gəlir. Məsələn Gürcüstan Azərbaycan qazını 200-215 dollara, Türkiyə isə 290 dollara əldə edir. İran isə Türkiyəyə qazı 300-400 dollara satır”, – deyə “Milli Enerji təhlükəsizliyi fondu”nun direktoru Konstantin Simonov “gazeta.ru”ya müsahibəsində bildirib.

    Siyasi texnologiyalar institutunun vitse-prezidenti Aleksey Makarkin iki ölkə arasında ziddiyyətlərin təkcə təbii qazla məhdudlaşmadığı düşüncəsindədir.

    “Məsələn Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsi Moskvanın qətiyyən xoşuna gəlmir. Çünki məhz Köçəryanın 10 illik (1998-2008) dövründə Ermənistan Rusiyapərəst yönünü artıq seçib. Rusiyanın isə Ermənistanın indiki hakimiyyətinə təzyiq rıçaqı kifayət qədərir. Bu isə təkcə qazla bağlı olmayıb, həm də Qarabağda təhlükəsizlik problemlərinə də aiddir”, – deyə A.Makarkin Ermənistanın Rusiyadan növbəti qaz güzəşti almaq şansının az olduğuna işarə vurub./musavat.com/