Ermənistan: Paşinyan bu gün hamını yenidən meydana çağırıb, amma bu dəfə etiraza yox

    9

    Ermənistan baş naziri Serj Sarkisyanın istefasına nail olmuş etiraz hərəkatının lideri, "Yelk" (Çıxış) parlament fraksiyasının rəhbəri Nikol Paşinyan bu axşam hamını Yerevanın Respublika meydanında toplaşmağa çağırıb.

    Mitinq etiraz hərəkatının mübarizə planlarının müzakirəsi ilə bağlı deyil.

    Etiraz hərəkatının lideri tərəfdarlarını meydanda tanınmış System of a Down rok qrupunun solisti Serj Tankianı qarşılamağa çağırır, Paşinyan öz Facebook səhifəsində dərc etdiyi video müraciətində bildirir.

    Serj Tankian Ermənistanda Nikol Paşinyanın rəhbərlik etdiyi etiraz hərəkatını dəstəkləyən çoxsaylı xarici erməni diasporu nümayəndələrindəndir.

    Paşinyan yazır ki, axşam saatlarında onu aeroportda qarşılayacaq və birlikdə Respublika meydanına gedəcəklər.

    "Saat 21-də biz Respublika meydanında olarıq, qısa nitqlə çıxış edib, sabah görəcəyimiz işlər haqqında danışarıq", o deyib.

    "Aeroportda Tankianı qarşılamaq istəyən varsa, gəlin, birlikdə gözəl bir qarşılama mərasimi təşkil edək", – Paşinyan əlavə edib.

    Respublika meydanında ardıcıl keçirilən mitinqlər Ermənistan Milli Məclisində çoxluq təşkil edən Respublikaçılar Partiyasının (ERP) mayın 8-də baş nazir seçkilərində etiraz hərəkatı liderinin qələbəsini təmin etmək vədindən sonra dayandırılıb.

    Məşhur rok ifaçı son vaxtlar Ermənistanda baş verən daxili siyasi hadisələrlə bağlı müntəzəm olaraq müraciətlərlə çıxış edib, "xalq hərəkatını" alqışlayırdı.

    Son müraciətlərindən birində Tankian tezliklə Ermənistana gəlmək fikrində olduğunu demişdi.

    Serj Tankian son dəfə 2015-ci ildə System of a Down qrupu ilə Yerevanın Respublika meydanında konsert vermişdi. /BBC/