“Ermənistan dünyanın yadından çıxmış bölgədir”

    27

    QHT rəhbəri: “Hər kəs əmin olmalıdır ki, Azərbaycan torpaqlarını yaxın müddətdə azad edəcək…”

    Azərbaycan prezidenti İlham Əliyevin son sərəncamları gündəmin əsas müzakirə edilən məsələlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emil Həsənli müharibə iştirakçılarının yaşayış səviyyələrinin durmadan artdığını söylədi.

    “Son iki ildə bu artımlar həddindən artıq çoxalıb. Şəhid ailələrinə, qazilərə verilən mənzillərin sayı artıb. Prezident təqaüdləri də artırılıb. Aprelin 1-dən müharibə veteranlarına da prezident təqaüdləri verilməyə başlayıb. Onların pensiyalarında artım olub. Bu artım nəzərə çarpacaq dərəcədə böyükdür. Əmək haqlarının 40% artırılması çox yüksək göstəricidir. Hərbi qulluqçuların mənzil şəraiti yaxşılaşdırılır. Əlillər, veteranlar sanatoriyalara göndərilir. Hərbiçilərə çox böyük diqqət ayrılır. Bu insanlar vətən üçün hər şeyi ediblər, etməyə də davam edirlər. Sistemli şəkildə ermənilərə hərtərəfli cavab verilir. Cənab prezidentin açıqlamalarından, verdiyi qərarlardan görürük ki, proseslər bu şəkildə də davam edəcək”, – deyə o bildirib. Onun sözlərinə görə, Qarabağ qazilərinə minik maşınlarının və mənzillərin verilməsi məsələsi də yaxın vaxtlarda bu məsələ həll olunacaq.

    E.Həsənli qazilərə, müharibə veteranlarına, şəhid ailələrinə verilən təqaüdlərin az olması ilə bağlı deyilənlərə də aydınlıq gətirdi: “Artımlar davam edir. Ölkəmiz dünyanın ən inkişaf etmiş dövlətləri ilə müqayisə edilir. MDB ölkələri ilə müqayisədə Azərbaycan çox irəlidədir. Verilən qərarlar, fərmanlar da bunu göstərir. Dünyanın çox ölkələrində müharibə iştirakçılarına avtomobillər, mənzillər verilmir. Sadəcə, sığorta verilir. Bizdə isə belə deyil. Güzəştlər durmadan artır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hərbi yönümlü QHT-lər nazirlə, müavinləri ilə görüşlər keçirirlər. Artıq Qarabağ qazilərinə də şamil olunub ki, övladları özəl universitetlərdə oxusalar belə, təhsil haqlarından azaddırlar. Gələcəkdə güzəştlər bir çox başqa sahələri əhatə edəcək. Ölkəmizin bir çox yerlərində müharibə iştirakçılarının müalicələri üçün bərpa mərkəzləri tikilir. Heydər Əliyev Fondunun prezidenti, 1-ci vitse-prezident Mehriban xanımın göstərişi əsasında dünyanın ən müasir protezləri artıq Azərbaycan qaziləri, müharibə veteranları üçün verilir. Azərbaycanda, eləcə də bir sıra ölkələrdə qazilərin müalicəsi üçün işlər görülür”.

    Müsahibimiz son zamanlar cəbhə bölgəsində baş verən hadisələrə də toxundu: “Ermənistan 2016-cı ilin aprelində elə bir ağır zərbə alıb ki, özünə gələ bilmir. Məhz bunun nəticəsində orada hakimiyyət dəyişikliyi baş verdi. Erməni zabiti görür ki, Azərbaycan ordusu ondan qat-qat üstündür. Həmin zabit, erməni cəmiyyəti elə bir sınmış vəziyyətdədir ki, o psixologiyadan qurtula bilmir. Ona görə Nikol Paşinyan ard-arda addımlar atır. Oğlunu Qarabağa göndərir, sonra da sülhdən dəm vurur. Ermənistanın özü belə qondarma rejimin müstəqilliyini tanımayıb, amma Paşinyan oğlunu əsgərlik üçün ora göndərir. Əhalinin gözləntilərini doğrulda bilmədiyini anlayıb, daha çox bu cür gedişlər edir. Sərkisyan-Köçəryan variantına keçib. Ermənilərdə belə bir ümid yaranmışdı ki, Paşinyan hökuməti Qərbə inteqrasiya edəcək, Rusiyanın təsirindən çıxacaq, müstəqil olacaq, 2016-cı ilin aprel məğlubiyyətinin əvəzini çıxacaq. Lakin bunların heç biri olmadı. Təəssüflər olsun ki, ATƏT-in həmsədr ölkələri heç bir addım atmırlar. Azərbaycan zabiti, əsgəri şəhid olur, lakin onlar susurlar. Hər kəs əmin olmalıdır ki, Azərbaycan torpaqlarını yaxın müddətdə azad edəcək. Qardaş Türkiyə ilə Naxçıvanda böyük təlim keçirdik. Qəbələdə də Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin görüşləri keçirildi. Ermənistan yaxşı başa düşür ki, Türkiyə ordusu dünyada ilk onluqda, Azərbaycan isə əllilikdədir. İrəvanda Avropa Çempionatının bir oyunu belə keçirilmir. Amma gələn il 4 oyun Bakıda baş tutacaq. Ermənistan dünyanın yadından çıxmış bir bölgədir. Aprel döyüşlərində demək olar Azərbaycanın bütün bölgələrindən şəhidlər oldu. Onların hər birinə Allah qəni-qəni rəhmət eləsin. Azərbaycan gəncliyi bir bayraq altında birləşərək sübut etdi ki, torpaqlarını çox tezliklə azad edəcək. Cocuq Mərcanlıya qayıdışı da erməni cəmiyyəti bilməmiş deyil. Azərbaycan cəmiyyətində iqtidarlı-müxalifətli vahid bir mövqe var. Ərazi bütövlüyümüzün bərpası hər kəsin arzusu, istəyidir. Naxçıvandakı Azərbaycan-Türkiyə təlimləri çox ciddi hadisə oldu. Sevindirici haldır ki, hər iki ölkənin ordusu çox yüksək səviyyədədir. Təsəvvür edin ki, Ermənistanın üç sərhəd ölkəsi olan Azərbaycan-Türkiyə və Gürcüstanın müdafiə nazirləri Qəbələdə görüşlər, hərbi əməkdaşlıqdan danışırlar. Ermənistan bu proseslərdən tam olaraq kənarda qalıb. Müttəfiqi Rusiya iqtisadi cəhətdən gərginlik yaşayır. Ermənilər artıq açıq şəkildə bəyan edirlər ki, övladlarımızın Qarabağda şəhid olmalarını istəmirik. Əgər 1994-cü ildə ordumuzun zəif olduğu dönəmlərdə bir qarış belə güzəştə getməmişiksə, bundan sonra da heç vaxt getməyəcəyik. İki əsrdir torpaq itirə-itirə gedirik. Artıq bundan sonrakı yoxdur”. \\Yeni Müsavat