“”Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” ifadəsi yanlışdır” – DEPUTAT ERKİN QƏDİRLİ

42

“Biz bu münaqişəni  “Ermənistan – Azərbaycan münaqişəsi” adlandırmalıyıq”

“Ermənistanla münaqişəmizə nə vaxtdan “Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” deyilməyə başlandığı yadımda deyil. Yadımda olan odur ki, bu ifadəni eşitdiyim ilk andan ona qarşı olmuşam, yeri gələndə onun yanlış olduğunu söyləmişəm. Axırıncı dəfə İTV-nin bir proqramında dedim. Burada da yazım. “Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” ifadəsi yanlışdır”.Hurriyyet.org xəbər verir ki, bu barədə deputat Erkin Qədirli qeyd edib.

“Hazırki inzibati-ərazi bölgüsündə “Dağlıq Qarabağ” vahidi yoxdur”

E. Qədirli “Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin yanlış olduğunu bu cür əsaslandırıb: “1. bizim üçün münaqişə tərəfi Ermənistandır, Dağlıq Qarabağ deyil. 2. yazıda olan tirenin və vergülün yaratdığı məna fərqi danışıqda itir, bununla da qavrayışı çətinləşdirir (dinləyənləri çaşdırır). 3. hazırki inzibati-ərazi bölgüsündə “Dağlıq Qarabağ” vahidi yoxdur”.

Qədirli hesab edir ki, biz bu münaqişəni aydın dilə gətirməli, onu “Ermənistan – Azərbaycan münaqişəsi” adlandırmalıyıq: “Tərcümələri də belə olmalıdır – “the conflict between Armenia and Azerbaijan”, “конфликт между Арменией и Азербайджаном”, və s. Niyə məhz belə? Çünki, məsələn, ingiliscə “Armenian-Azerbaijani conflict”, ya da rusca “армяно-азербайджанский конфликт” ifadələri qeyri-müəyyən şəkildə ermənilərlə azərbaycanlıların münaqişəsi anlamına gəlir, münaqişənin dövlətlərarası olduğunu bildirmir”.

Şamo EMİN, Hurriyyet.org