“Ermənilər Xocalıdakıların hesabını verməlidirlər” – İğdır millət vəkili Yaşar Qaradağ

    27

    “Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına çalışacam. Bu, mənim vəzifəmdir. Əslən Azərbaycan türküyəm. Babalarım İğdıra 1918-1920-ci illərdə erməni zülmündən gəliblər”.

    Hurriyyet.org xəbər verir ki, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının İğdırdan seçilən millət vəkili Yaşar Qaradağ bildirib.

    “Bu gün İğdırın Hakmehmet, Oba, Gedikli, Koçkıran kəndlərində toplu məzarlar var. Bunlar ermənilərin bizə qarşı etdikləri vəhşiliyi unutmamağa qoymur. Bunları edənlərin nəvələri də eyni şeyi Xocalıda etdilər. Bu gün Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Ermənilər Türkiyə ilə normal münasibətlər qurmaq istəyirlərsə, öncə işğal etdikləri Qarabağ torpaqlarını azad etməlidirlər. Qarabağı Azərbaycan qaytarmalıdırlar. Öldürdükləri minlərlə azərbaycanlı qardaşlarımızın hesabını verməlidirlər. Sarkisyanın erməni gənclərinə verdiyi nəsihət unutmadıq: “Biz atalarımızın intiqamını aldıq, siz də Ağrı dağını, İğdır və onun ətraflarını alın”. Mən isə onlara cavab olaraq deyirəm ki, ermənilərə verəcək bir cınqıl daşımız yoxdur və ola da bilməz!”.

    Millət vəkili Azərbaycanla bağlı fikirlərini bölüşüb.

    “Azərbaycan bu gün Qafqazların parlayan ulduzudur. Müasir və güclü orduya malikdir. Hörmətli prezidentimiz İlham Əliyevin sayəsində hər keçən gün inkişaf edir və liderliyini daha da gücləndirir. Bu gün hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan və hörmətli İlham Əliyevin dostluğu, qardaşlığı ilə iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişafında böyük rol oynayır. Mən də bu qardaşlığın daha da irəli getməsinə çalışacam”,-deyə Y.Qaradağ əlavə edib.

    Elnur Eltürk