Erməni girovluğundan azad olan Elvin İbrahimovun vəziyyəti necədir? – BAŞ HƏKİMDƏN AÇIQLAMA

    18

    "Bu gün girovluqdan azad edilən Elvin İbrahimov Qazax Müalicə Diaqnostika Mərkəzinə gətirilib".

    Hurriyyet.org xəbər verir ki, bunu apa-nın yerli bürosuna açıqlamasında Qazax Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov deyib.

    Baş həkim bildirib ki, E. İbrahimovun vəziyyəti kafidir: “Hazırda həkimlərin nəzarəti altında tibbi müayinələr aparılır. Onun həyatı üçün heç bir təhlükəli məqamlar görünmür. Yaxın günlərdə müayinələr yekunlaşdıqdan sonra Elvin İbrahimov evə buraxılacaq”.

    Qeyd edək ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.

    E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər.

    Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olub ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.

    İyunun 28-də E. İbrahimov Azərbaycana, 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç isə müvafiq olaraq tərəflərə təhvil veriliblər.