Ermənistanla Azərbaycan cəsədlərin mübadiləsini həyata keçirir

657
Əl-Cəzirə, Qətər
18.11.2020

Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Maurer noyabrın 17-də verdiyi açıqlamada Dağlıq Qarabağ regionu uğrunda müharibə zamanı həlak olmuş 200 hərbi qulluqçu cəsədinin dəyişdirildiyini bildirib.

Maurerin sözlərinə görə, cəsədlərin mübadiləsi prosesi rusiyalı sülhməramlıların iştirakı ilə həyata keçirilir. Lakin Beynəlxalq Qızıl Xaç Komitəsinin Dağlıq Qarabağ münaqişəsilə məşğul olan nümayəndəsi cəsədlərin sayı ilə bağlı məlumatı təsdiqləməyib. Amma o, prosesin ötən həftə başladığını etiraf edib.

Ermənistanla qonşusu Azərbaycan arasında Dağlıq Qarabağ regionunda münaqişə bir neçə həftə əvvəl alovlanmışdı. 6 həftə davam etmiş döyüşlər nəticəsində mindən çox insan həlak olub. Hər iki tərəfdən onlarla mülki şəxs də həyatını itirib. Bundan başqa, Ermənistanın dəstəklədiyi hərbi birləşmələrin də yüzlərlə hərbi qulluqçusu həlak olub. Azərbaycan tərəfi isə hərbi itkiləri haqda məlumat vermir.

Dağlıq Qarabağ regionu Azərbaycan ərazisidir. Lakin ona uzun illər ərzində etnik ermənilər nəzarət edib.

Azərbaycan sentyabrın sonlarında başladığı hərbi əməliyyatlar nəticəsində ərazi baxımından mühüm nailiyyətlər əldə edib. Sonda Yerevan bəzi əraziləri Azərbaycana güzəştə getməyə razı olub. Tərəflər arasında müvafiq saziş regional güc olan Rusiyanın iştirakı ilə imzalanıb.

Azərbaycanın yaxın müttəfiqi olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 16-da ölkəsinin Azərbaycana hərbi qüvvə göndərməsilə bağlı qanun layihəsini parlamentə təqdim edib. Türkiyənin hərbi qüvvələri Dağlıq Qarabağ regionunda atəşkəs rejiminə əməl olunmasına nəzarət edəcək.

Ermənistana gəlincə, baş nazir Nikol Paşinyan ciddi təzyiq altındadır. Vətəndaşları Paşinyana qeyd edilən sazişi imzaladığı üçün qəzəblidir. Hətta prezident Armen Sarqsyan artıq ölkədə növbədənkənar parlament seçkisinin keçirilməsinə çağırış edib: “Mövcud vəziyyəti, eyni zamanda, yaranmış durumdan çıxmağa ehtiyacın olduğunu nəzərə alsaq, ictimaiyyətin tələblərinə də qulaq assaq aydın olur ki, ölkəni təlatümlərdən qorumağın yolu növbədənkənar parlament seçkisidir. Bu, qaçılmazdır”.

Əliyev: “Vahid Azərbaycan dövləti var”

Ermənilərin yas tutduğu bir vaxtda Azərbaycan prezidenti İlham Əliyev həyat yoldaşı və ölkənin birinci-vitse prezidenti Mehriban Əliyeva ilə birgə işğaldan azad olunmuş regiona səfər edib. Onlar Füzuli və Cəbrayıl rayonlarında olublar. Prezidenti burada çox sayda insan alqışlarla qarşılayıb.

“Heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var”, – deyə Azərbaycan prezidenti bildirib.

O, bölgəyə Azərbaycan istehsalı olan zirehli maşını özü idarə edərək gəlib.

İlham Əliyevlə Mehriban Əliyeva əl-ələ tutaraq tarixi orta əsrlərə uzanan Xudafərin körpüsünün yaxınlığında fotolar çəkdiriblər. İranla sərhəddə yerləşən körpü təxminən 30 il etnik ermənilərin nəzarətində olub.

Azərbaycan prezidenti Cəbrayıl şəhərinin qalıqlarını göstərərək deyib ki, ermənilər şəhərdə hər şeyi dağıdıb və bu üzdən onlar beynəlxalq məhkəmələrdə cavab verəcəklər: “Baxın, mənfur düşmən Cəbrayıl şəhərini nə günə salıb… Onların məqsədi var idi ki, bundan sonra burada heç vaxt azərbaycanlı insanlar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq. Biz qayıtmışıq”.

(İngilis dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: Əl-Cəzirə