“Ermənistanla ancaq Azərbaycanın şərtlərinə əsasən sülh müqaviləsi bağlana bilər”

315

Sərdar Cəlaloğlu: “Zəngəzur, Göyçə, Dərələyəz və İrəvan, eyni zamanda 30 ildə işğal olunmuş ərazilərimizdə bizə vurulan bütün ziyanların Ermənistan tərəfindən ödənilməsi, Xocalı soyqırımına görə məsuliyyət məsələsi gündəmə gətirməlidir”

“ABŞ-ın dövlət maraqları tələb edəcəyi təqdirdə, Bayden Türkiyənin, Azərbaycanın və ya digər dövlətin əleyhinə heç bir addım atmayacaq”

“Əgər Ermənistanla Azərbaycan arasında sülh ancaq iki dövlət arasında beynəlxalq hüquqa uyğun prinsiplər əsasında yaranmalıdır”

Bugünkü sayımızda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə ABŞ-da keçirilən prezident seçkiləri, ATƏT-in Minsk Qrupunun faktiki olaraq əhəmiyyətini itirməsi, Azərbaycanın Ermənistana Zəngəzurla bağlı ərazi iddiası ilə çıxış etmə hüququ və digər önəmli məsələlərlə bağlı söhbətləşdik.

“ABŞ prezidentlərinin fəaliyyətinin müəyyən çərçivəsi olur, bu səbəbdən də onlar yalnız 0,5 və ya 1 faiz bir-birindən fərqli siyasət apara bilər”

– Sərdar bəy, son məlumatlara görə, Demokratların prezidentliyə namizədi Co Bayden Respublikaçı rəqibi Donald Trampı bir qədər üstələyib və bu da onun ABŞ-ın növbəti prezidenti olacağına dair fikirləri gücləndirir. Necə düşünürsünüz, ABŞ seçiciləri nədən bu dəfə Trampa yetərincə dəstək vermədilər?

– Əvvəla, onu deyim ki, Amerika seçkilərində bir ənənə var. Belə ki, əgər əks tərəf seçkilərin nəticələrini qəbul etməzsə, o zaman bu, qələbə hesab oluna bilməz. İndi halda Tramp bu məsələnin məhkəməyə daşınacağını və seçkilərin məhz məhkəmədə başa çatacağına dair bəyanat verib. Bu, o deməkdir ki, indidən tələsib Baydenin qalib gəldiyini düşünmək olmaz. Onu da qeyd edim ki, əgər Bayden ABŞ prezidenti seçilərsə və Tramp onun qələbəsini qəbul etməsə, artıq Bayden qeyri-legitim prezident olacaq. Bu isə Baydenin ABŞ-la bağlı aparacağı siyasətdə çox ciddi problemlər yarada bilər. Yəni əgər əks tərəf qələbəni etiraf etmirsə, deməli sən qeyri-legitim hesab olunursan. Ümumiyyətlə, ABŞ seçkilərini izlədikdə görünür ki, seçkinin nəticələrində namizədlər arasında o qədər də böyük fərq olmur. Əsasən birinin digəri üzrindəki üstünlüyü 0,5 və ya 1 faiz olur. Çünki Amerika prezidentlərinin fəaliyyətinin müəyyən çərçivəsi olur. Bu səbəbdən də onlar yalnız 0,5 və ya 1 faiz bir-birindən fərqli siyasət apara bilər. Yəni əsasən eyni siyasət aparmalıdırlar. Onlar yalnız sosial siyasətlə, eyni zamanda xarici siyasətlə bağlı cüzi fərqlə siyasət apara bilərlər. Bu isə ABŞ siyasətində o qədər də önəmli məqam deyil.

Trampın Baydendən bir qədər geridə qalmasına gəlincə, deyə bilərəm ki, bu, Trampın əsasən üç səhvi ilə bağlıdır. Səbəblərə keçməzdən öncə bildirim ki, xarici siyasət Amerika seçicisinə o qədər də təsir etmir. Odur ki, Trampın ilk səhvi mühacirlərlə bağlı yanlış mövqe tutması olub. Bildiyiniz kimi, ABŞ özü mühacir dövlətdir, orada yerli xalq yoxdur. Bu halda, Trampın ABŞ-ın bütün vətəndaşlarının siyasi kimliyinin əleyhinə bir mövqe ortaya qoyması yanlış addım idi. Məhz bu, Amerika vətəndaşlarının böyük əksəriyyətini ciddi şəkildə narahat edib. İkincisi isə irqi ayrıseçkiliklə bağlı aparılan siyasət idi ki, bu da Trampın mövqeyinin zəifləməsinə gətirib çıxaran amillərdəndir. Nəhayət, sonun səbəb koronavirusla bağlı atılan addımlardır. Məlumdur ki, ilk əvvəl Tramp koronavirusa o qədər də əhəmiyyət vermirdi, bununla bağlı zəruri addımları atmadı. Nəticədə ABŞ qısa müddətdə dünyada koronavirusa yoluxan ölkələr sırasında birinci yerə çıxdı, nəhəng itkilər verdi. Məhz bu üç səbəb Trampın Bayden qarşısında mövqeyinin zəifləməsinə, səslərin bir qisminin itirilməsinə gətirib çıxardı. Ancaq Bayden seçilərsə belə, o, Trampdan ciddi şəkildə fərqlənən xarici və daxili siyasət aparmayacaq. Ümumiyyətlə, əgər məhkəmə seçkilərin saxtalaşdırıldığı qənaətinə gələrsə, onda yeni seçkilərin keçirilməsi ilə bağlı qərar qəbul edilə bilər.

“Yerli problemlərimizin kökünü xaricdə aparmaq doğru deyil”

– Sizcə, ABŞ seçkiləri Azərbaycan dövlətini və ümumilikdə xalqımızı maraqlandırmalıdırmı?

– Düşünürəm ki, bu məsələ bizi o qədər də dərindən maraqlandırmamalıdır. Bizdə yanlış bir təsəvvür var. Məsələn, Azərbaycanın taleyini ABŞ-da, Rusiyada, İranda və ya digər ölkələrdə axtarırıq. Bu, olduqca yanlış yanaşmadır. Azərbaycanın taleyini Azərbaycan xalqı həll etməlidir və mövcud olan bütün problemlər bizim həmin problemlərə yanaşmamızdan asılıdır. Misal kimi Qarabağ münaqişəsini göstərmək olar. Dünəbə qədər müharibə etmirdik, deyirdik ki, torpaqlarımız işğal olunub, uduzulub və ya satılıb. Baxın, bu gün müharibə gedir və torpaqlarımızı azad edirik. Yenə də dünya həmin dünyadır, dəyişən ciddi bir şey yoxdur. Sadəcə, artıq bizim məsələyə yanaşmamız dəyişib. Odur ki, yerli problemlərimizin kökünü xaricdə aparmaq doğru deyil. Bu cür fikirlər “5-ci kolon”un fəaliyyəti nəticəsində ortaya çıxır. Onların nümayəndələri deyirdi ki, Qarabağdan ötrü gedək Rusiya ilə danışıqlar aparaq və əvəzində Kremlin bölgədəki bütün maraqlarını sözsüz yerinə yetirək. Məhz onlar çalışırlar ki, dövlətin, xalqın problemlərinin həllini xaricdə axtarsınlar. Halbuki Azərbaycanın bütün problemlərinin səbəbi də Azərbaycanla bağlıdır, həmin problemlərin həlli də bizdən asılıdır. Odur ki, biz xalq olaraq digər dövlətlərdə baş verən hadisələrə görə özümüz haqqında qərar çıxarmamalıyıq. Düzdür, etiraf etmək lazımdır ki, dünyada hansı bir qüvvənin hakimiyyətə gəlməsi bu və başqa şəkildə müəyyən problemlər yarada bilər. Lakin bunlar daxili işlərimiz üçün çox cüzi rol oynayır.

“Azərbaycan Avropa, ABŞ, ümumiyyətlə supergüclərin hamısı üçün olduqca ciddi strateji geopolitik məkandır, ona görə də hamı bizimlə dost olmağa cəhd edəcək”

– Onda belə qəbul etmək olar ki, Co Baydenin qələbəsi təsdiqlənərsə, ABŞ-ın Türkiyə, Rusiya, İran, o cümlədən Yaxın Şərq və Cənubi Qafqaz siyasətində heç bir dəyişiklik olmayacaq?

– Baxın, Donald Tramp hakimiyyətə gəldikdən sonra Barak Obamanın xarici siyasətindən fərqli hansı addımlar atdı?! Ya da Obama özündən öncə hakimiyyətdə olan Corc Buşdan fərqli nə etdi?! Dövlətlər nə qədər böyük və güclüdürsə, onların siyasəti də 5-10 illik müəyyən olunmur. Onların siyasi kursları 100 illik müəyyən olunur. Odur ki, ABŞ 100 illik siyasət müəyyən edib və bütün prezidentlər də həmin kurs üzrə hərəkət edir, ölkəni qarşıya qoyulan hədəfə doğru aparırlar. Sadəcə olaraq, biri bir yolla, digəri bir qədər fərqli yolla aparır. Lakin hədəf eynidir. Bu baxımdan, bəzən prezidentlər hədəfdən kənara çıxdıqda, dərhal Konqres, məhkəmə, ayrı-ayrı institutlar belə, işə düşür. Məsələn, birdə görürsən ki, Pentaqon bu və digər məsələ ilə bağlı prezidentdən tamamilə fərqli mövqe ortaya qoyur. Yəni ABŞ kifayət qədər demokratik ölkə olduğundan, orda nəinki hakimiyyət qolları, hətta idarəetmə mərkəzləri arasında da müstəqillik var. Buna görə də Pentaqon müəyyən mənada ABŞ-ın hərbi doktirinasının müəyyən edilməsində müstəqil səlahiyyətlərə malikdir. Bütün bunları nəzərə alaraq, demək olar ki, Baydenin qələbəsi təsdiqlənsə belə, o, ABŞ-ın maraqlarına zidd mövqe ortaya qoya bilməz. ABŞ-ın maraqları isə Türkiyə və Azərbaycanla dostluq münasibətlərinin qurulmasını tələb edir. Yeri gəlmişkən, bu gün Rusiya Ermənistanı ona görə açıq şəkildə müdafiə etmir ki, Azərbaycanı sevir. Rusiya öz dövlət maraqlarını nəzərə alaraq, hər şeyi ölçüb biçərək gördü ki, bu münaqişədə ən azı bitərəf qalmalıdır. Çünki Ermənistanı müdafiə edərsə, onda bundan ciddi zərər görə bilər. Bu səbəbdən də ABŞ da xarici siyasətdə dövlət maraqlarından yanaşaraq qərar qəbul edəcək. ABŞ-ın dövlət maraqları tələb edəcəyi təqdirdə, Bayden Türkiyənin, Azərbaycanın və ya digər dövlətin əleyhinə heç bir addım atmayacaq. Ona görə də xalqımız heç bir halda narahat olmamalıdır. Çünki Azərbaycan Avropa, ABŞ, ümumiyyətlə supergüclərin hamısı üçün olduqca ciddi strateji geopolitik məkandır. Ona görə də bu məkanda yerləşən dövlətlə hamı dost olmağa cəhd edəcək. Baxın, dünyada şimalla cənub, şərqlə qərb arasında kommunikasiyaların kəsişdiyi yeganə məkan Azərbaycandır. Bundan başqa, geopilitikaya görə, Azərbaycan Orta Asiya, Çinə doğru yolun üstündə, İranın sərhədindədir. Yəni İran, Rusiya və ya Orta Asiya ilə bağlı kim nə siyasət aparırsa, Azərbaycan olduqca önəmli plasdarmdır. Beləliklə, Azərbaycanın super güclər üçün o qədər ciddi önəmi var ki, hər kəs bizimlə dostluq münasibətləri qurmağa çalışacaq. Hesab edirəm ki, Azərbaycan bu avantajdan Qarabağ münaqişəsi həll olunduqdan, torpaqlarımızı azad etdikdən sonra digər problemlərin həlli istiqamətində istifadə etməlidir.

“Artıq biz “Dağlıq Qarabağ” ifadəsindən imtina etməli, Qarabağın dağlıq hissəsi kimi qeyd etməliyik”

– Söhbət Qarabağ münaqişəsindən düşmüşkən, ukraynalı politoloq Vadim Tryuxan bildirib ki, artıq ATƏT-in Minsk Qrupunun gözlənilmədən Qafqazda sülhə gətirib çıxaracaq effektiv alətə çevrilməsinə ümidlər praktiki olaraq qalmayıb. Buna görə də o, hesab edir ki, başqa mexanizm axtarmaq lazımdır. Sizcə, söhbət hansı mexanizdən gedir?

– Qəti şəkildə heç bir mexanizm lazım deyil. Beynəlxalq hüquq var və o, ən gözəl mexanizmdir. Biz nə üçün Azərbaycanla bağlı məsələdə hansısa qeyri-standart mexanizm, prinsip və ya qruplar haqqında düşünməliyik. Azərbaycan suveren bərabərlik hüququ əsasında suverenliyini bütün ərazisinə yayır, özünün hüquqlarını ərazilərinə şamil edir. Bu, beynəlxalq hüquq normasıdır. Qarabağla bağlı yanaşmamız Azərbaycanın daxili işidir. Bir məqama da diqqətinizi çəkmək istərdim ki, “Dağlıq Qarabağ” deyilən ifadə yanlışdır, Qarabağın dağlıq hissəsi var. Məsələn, tutaq ki, Rusiyanın ərazisində bir Ural dağları və bir də düzənlik var. Onlar buna Ural dağları deyirlər, amma bunu ayrıca bir coğrafiya kimi qiymətləndirmirlər. Bizə gələndə isə Dağlıq Qarabağ deyirlər. Əslində, bu ifadə məhz siyasi məna daşıyır, coğrafi məna yox. Çünki əgər coğrafi məna daşıyırsa, onda belə deməlidirlər: Qarabağın dağlıq hissəsi. Qarabağın dağlıq hissəsi olanda məlum olur ki, Qarabağ bütündür və onun dağlıq hissəsini ermənilər oğurlayıb, işğal edib. Dağlıq Qarabağ dedikdə isə belə çıxır ki, o, xüsusi bir ərazidir və Qarabağın aran hissəsinə aidiyyatı yoxdur. Təbii ki, bunu düşünülmüş şəkildə ediblər və bu yolla sübut etmək istəyirlər ki, guya orda başqa bir millət yaşayır, tarixən onlara məxsus olub. Ancaq bu, tamamilə yanlışdır. Ona görə də artıq biz “Dağlıq Qarabağ” ifadəsindən imtina etməli, Qarabağın dağlıq hissəsi kimi qeyd etməliyik. Bu baxımdan, Qarabağın dağlıq hissəsinin həlli yalnız Azərbaycan Konstitusiyası ilə tənzimlənə bilər. Odur ki, hansısa prinsip və ya mexanizm müəyyən etməyin heç bir mənası yoxdur. Əgər Ermənistanla Azərbaycan arasında sülh yaranacaqsa, bu, ancaq iki dövlət arasında beynəlxalq hüquqa uyğun prinsiplər əsasında yaranmalıdır. Bu zaman Azərbaycan Ermənistan tərəfindən vurulan ziyanları masaya gətirməli, yəni kommunikasiyalar o şərtlə açılmalıdır ki, 30 ildə işğal olunmuş ərazilərimizdə bizə vurulan bütün ziyanlar Ermənistan tərəfindən ödənilsin. Və xalqımıza qarşı törətdikləri cinayətlərə görə beynəlxalq məhkəmədə cavab versinlər. Bu məsələlər həll olunmayana qədər bizim Ermənistanla hər hansı bir qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan əlaqələrimiz qurula bilməz.

– Necə düşünürsünüz, hüquqi cəhətdən Ermənistana Zəngəzurla bağlı ərazi iddiası ilə çıxış edə bilərik?

– Bildiyiniz kimi, ermənilər onlara aid olmayan torpağı işğalla əldə etmək istəyirdi, biz isə özümüzə aid olan torpağı hüququ müstəvidə geri qaytarmağa çalışmalıyıq. Bunun üçün birinci növbədə, Rusiyanın Azərbaycan torpaqlarını Ermənistana verilməsi ilə bağlı qərarlarını hüquqi qüvvədən salmalıyıq. Buna görə də ilk öncə Rusiyanı məhkəməyə verməliyik. Çünki Rusiya SSRİ-nin varisidir. Həmin torpaqlar isə SSRİ-nin vaxtında xalqımızın iradəsinə zidd olaraq Ermənistana verilib. Bundan sonra isə məsələni beynəlxalq məhkəmə qarşısında mübahisələndirməliyik və o torpaqların geri qaytarılması istiqamətində hüquqi müstəvidə işlərimizi aparmalıyıq. Həmçinin, Ermənistanın müəyyən mənada Azərbaycanla əlaqələrinin qurulmasında bu ərazilərin status məsələsi daim müzakirə mövzusu olmalıdır. Odur ki, Azərbaycan bundan sonrakı bütün beynəlxalq səylərində, eləcə də Ermənistanla əlaqələrində mütəmadi olaraq Zəngəzur, Göyçə, Dərələyəz və İrəvan məsələsini gündəmə gətirməlidir.

– Sərdar bəy, Qazaxıstan, Qırğızıstan  və Özbəkistan Qarabağda gedən müharibə ilə bağlı yetərincə aktiv mövqe gərgiləməyib, Azərbayacana lazımı dəstək nümayiş etdirməyib. Bunun səbəbi nədir?

– Mənə elə gəlir ki, bu, Türk Dövlətləri Birliyi çərçivəsində danışılmış bir mövqedir. Baxın, Qazaxıstan və Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Ermənistan yardım üçün KTMT-yə müraciət edən kimi Qazaxıstan bəyan etdi ki, o, bura müraciət edə bilməz. Yəni onların vəzifəsi Qarabağ məsələsinin KTMT-də hər hansı bir şəkildə müzakirə edilməməsi və qurumun Ermənistana dəstəyin verilməsinin qarşısını almaqdır. Onu da qeyd edim ki, sonradan Qazaxıstanın, Qırğızıstan və Özbəkistanın siyasətçiləri birmənalı şəkildə Azərbaycanın mövqeyini müdafiə edən mövqe ortaya qoydular. Hamıya bəllidir ki, bu savaşa üçüncü tərəfin qoşulmasının qarşısını alan Türkiyə və Pakistanın qəti mövqeyidir. İran və Rusiya məhz bu səbəbdən açıq şəkildə müdaxilə edə bilmir.

“Qarabağın işğaldan azad edilməsi beynəlxalq nizamın necə tənəzzül etdiyini, iflasa uğradığını sübut etdi”

– Hazırda Qarabağda gedən savaş, daha doğrusu münaqişənin müharibə yolu ilə həlli keçmiş sovet ittifaqı ölkələrində mövcud olan digər münaqişələrin həllində president ola bilər?

– Analogiya məntiq elminin bir üsuludur. Ümumiyyətlə, elmdə analogiya məntiq üsulunu olduqca qüsurlu üsul hesab edirlər. Çünki analogiya aparanda heç bir həqiqətə çatmır. Odur ki, Qarabağla Dnestyanı və ya Cənubi Osetiya münaqişəsi arasında analogiya aparmaq mümkün deyil. Ona görə ki, nə abxazların, nə də osetinlərin özlərinin müstəqil dövlətləri var. Lakin ermənilərin müstəqil dövləti var və bu səbəbdən də onlar Qarabağda millət kimi öz müqəddəratını təyin etmə hüququndan istifadə edə bilməzlər. Bu baxımdan, icma statusu var. İcmaların isə xalqlara, etnoslara verilən hüquqlardan istifadə etmək ixtiyarı yoxdur. Yəni prinsipial fərq budur. Yaxud da Dnestyanıda əhali ruslardan ibarətdir. Onlar isə ayrılmaq, müstəqil olmaq siyasəti aparmırlar. Onlar Rusiyaya birləşmək siyasəti aparırlar. Bir şeyi də unutmaq olmaz ki, Dağlıq Qarabağ muxtar vilayət olub, respublika yox. Respublikaların özünü təyin etmə hüququ ola bilər, vilayətlərin yox. Odur ki, bu münaqişələrlə Qarabağ problemi arasında tam analogiyanın aparılması mümkün deyil. Amma bütünlükdə Qarabağın işğaldan azad edilməsi beynəlxalq nizamın necə tənəzzül etdiyini, iflasa uğradığını sübut etdi. Baxın, uzun illər bizə “bu münaqişənin hərbi yolla həlli yoxdur” deyirdilər. Lakin əvəzində “ermənilər müharibə yolu ilə üstünlük əldə edib, Qarabağı onlara verin” kimi şərt irəli sürürdülər. Amma indi sübut olundu ki, həqiqətən də pazı pazla çıxardarlar. Necə ki, ermənilər Qarabağı bizdən zorla almışdı, indi biz də eyni yolla torpaqlarımızı işğaldan azad edirik. Bundan sonra bütün danışıqlar Ermənistan Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıyla başa çatmalıdır. Həmin sülh müqaviləsində isə Azərbaycan Ermənistan qarşısında şərtlərini qoymalıdır. Yəni Zəngəzur, Göyçə, Dərələyəz və İrəvan, eyni zamanda 30 ildə işğal olunmuş ərazilərimizdə bizə vurulan bütün ziyanların Ermənistan tərəfindən ödənilməsi, Xocalı soyqırımına görə məsuliyyət məsələsi gündəmə gətirməlidir. Bunlar hər biri sülh müqaviləsində öz əksini tapmalıdır! Bir sözlə, Ermənistanla ancaq Azərbaycanın şərtlərinə əsasən sülh müqaviləsi bağlana bilər.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU