Ermənistanın “sülh göyərçini” – Paşinyanın arvadını nə dəyişdi…

267

Bir neçə gün bundan qabaq Ermənistanın birinci ledisi Anna Akopyan Azərbaycanın işğal altındakı torpaqlarında hərbi təlimlərə qatılıb.

Erməni qadınlarla 6 günlük hərbi təlimlərdə A.Akopyan savaş carçısı olduğunu açıq formada nümayiş etdirib.

Halbuki, bir müddət əvvəl baş nazir Nikol Paşinyanın arvadı Azərbaycan və Ermənistan analarına müraciət edərək, sülh carçısı olduğunu bildirmişdi.

Bəs necə oldu ki, “sülh göyərçini” birdən-birə silaha sarıldı?


Modern.az
 mövzu barədə Azərbaycanın hüquq müdafiəçilərinə müraciət edib.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, Paşinyanın arvadı əsl simasını ortaya qoyub:

“İllərdir ki, ikili oyun, ikili standartlar barədə söhbətlər edilir. Bu fikirlər Paşinyanın özünə də, arvadına da məxsusdur. Onlar  heç zaman sülh istəməyiblər. O boyda torpaqları işğal ediblər. O qədər insanlarımızı evsiz-eşiksiz qoyublar. Bu gün Dağlıq Qarabağı kənara qoyaq, heç olmasa 6 rayonumuzu geri qaytarsınlar. Onlar bunu da etmirlər. İndi hansı sülhdən danışırlar?! Beynəlxalq təşkilatlar bunların terrorçu, aqressor olduqlarını görməlidir.  Paşinyan və arvadı  başda olmaqla, onlarla hansı sülhdən danışmaq olar?! Anna Akopyan əlinə silah alıb Dağlıq Qarabağ gəlməklə bir daha əsl simasını göstərdi. Bir ana əlində silah çıxıb deyir ki “sizləri öldürəcəyəm”. Budur bunların sülhü…”.

Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, hüquqşünas Səadət Bənənyarlı isə  bir insanın tutduğu mövqeyi qısa müddət ərzində dəyişməsini anormal hal kimi qiymətləndirib:

“Anna Akopyan öncə özünü sülhsevər kimi aparır. Bir müddət keçəndən sonra isə hərbi geyimdə Dağlıq Qarabağa gələrək bir qrup qadınla təlim keçir. O qadında ikiləşmənin əlamətləri aydın görünür. Qeyri-ciddi adamdır. Öz-özlüyündə bir daha Ermənistanın əsl siyasətini göstərdi. Guya sülh danışıqlarında maraqlı idilər. Ancaq Tovuz hadisələri zamanı aydın oldu ki, onların mövqeyi heç də belə deyil. Daxili istəklərini gizlətmədən ortaya qoydular. Son hərəkətlər də buna bariz nümunədir”.