“Ermənistanın həll masasına məğlub tərəf kimi oturması qaçılmaz olacaq” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

114

“Lavrov-Mnatsakanyan cütlüyü Türkiyənin danışıqlar prosesində yer almaması istiqamətində çalışır”

“Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın Moskvada Sergey Lavrovla görüşündən sonra Türkiyənin müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyquya zəng edərək, Lavrov-Mnatsakanyan planının üstündən xətt çəkdi”. Hurriyyet.org xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edib ki, Lavrov-Mnatsakanyan cütlüyü konkret şəkildə Türkiyənin danışıqlar prosesində yer almaması istiqamətində çalışır: “Və Rusiyanın “sülhməramlı qüvvələrinin” Xankəndində yerləşməsi üçün Azərbaycana növbəti mərhələdə təzyiq mexanizmini planlaşdırırdılar. Məhz Mnatsakanyan-Lavrov görüşündən sonra Türkiyə hərəkətə keçərək danışıqların bu mərhələsinin qarşısını Hulusi Akar vasitəsi ilə Sergey Şoyquya başa salmaqla alındı. Rusiyanın regionda strateji planı var. Məhz Kreml burada neytrallığını qorusa da, müdaxilə imkanlarını saxlayır. Amma bu müdaxilə Azərbaycanın suverenliyinə qarşı olacaqsa, Türkiyə ilə qarşı-qarşıya gələcəyini yaxşi bilir. Lavrov-Mnatsakanyan görüşündə əldə edilən plan fiaskoya uğramaqla yanaşı, Ankara bir daha Ermənistanın işğal olunmuş ərazilərdən çıxmasını tələb etdi. Bu, o deməkdir ki, Azərbaycan hərbi əməliyyatlarını davam etdirəcək”.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, bundan sonra Rusiya və Ermənistan artıq Azərbaycana qarşı öz planlarını həyata keçirə bilməyəcək: “Hətta Moskva görüşündə razılaşdırılmış planı Azərbaycan qəbul etməyə bilər. Çünki hərbi əməliyyatlarda Azərbaycan üstün mövqedədir və Hulusi Akar Turkiyənin istənilən təzyiq fonunda Azərbaycanın yanında olacağını Sergey Şoyquya çatdırdı. Azərbaycanın rayon və strateji əraziləri işğaldan azad etməsi an məsələsidir. Ermənistan və Rusiya tandemi Türkiyə faktoru ilə barışacaq. Hərbi qələbəni diplomatik müstəviyə çıxaracağıq. Moskvada atəşkəs görüşündə bunun qarşısı alınsa da, Türkiyə müdafiə nazirin müdaxiləsi prosesləri ciddi dəyişdi. Ermənistanın həll masasına məğlub tərəf kimi oturması qaçılmaz olacaq. Ermənistana göndərilən silahlar hərbi vəziyyəti savaş meydanında Ermənistanın xeyrinə dəyişməyəcək. Ermənistan dirəndikcə, Azərbaycan yeni əraziləri azad edəcək. Geosiyasi vəziyyət elədir ki, Rusiyanın müdaxiləsi özünün əleyhinə işləyə bilər. Ona görə də Qarabağın tam azad edilməsi mümkündür”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org