Ermənistanın Gəncəni hədəfə almasında Rusiya izi…

132

Şahin Cəfərli: “Onlar Rusiyaya arxalanmasaydılar və Rusiyanın dəstəyini hiss etməsəydilər, belə cəsarətlənə bilməzdilər”

Azərbaycan Ordusunun qarşısında məğlub vəziyyətə düşən işğalçı Ermənistan mülki əhalimizə atəş açmaqda davam edir. Oktyabrın 11-də gecə saatlarında düşmənin silahlı qüvvələri yenidən çirkin əmələ əl ataraq, Azərbaycan xalqına qarşı növbəti dəhşətli və insanlıqdan uzaq cinayət törətdi. Belə ki, Ermənistan hərbçiləri çox təhlükəli bir silahdan – “TOÇKA-U” raket sistemindən istifadə edərək, gecə saatlarında – insanların yatdığı bir vaxtda Gəncədə insanların sıx yaşadığı ərazini raket atəşinə tutdu.

Bəs, düşmən Gəncəni niyə hədəfə aldı? Bu və digər suallarımızı siyasi şərhçi Şahin Cəfərli cavablandırır. Poilitoloq hesab edir ki, ermənilərin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni hədəf almaqda əsas məqsədi ordakı əhalinin Bakıya kütləvi köç etməsinə çalışmaqdır:

– Burda onların xüsusi məqsədləri var. Əsas məqsədləri odur ki, Azərbaycanda arxa cəbhədə – xalq arasında təşviş yaratmaq və kütləvi narazılığı artırmaqdır. Bundan da əlavə kütləvi köçə nail olmaq istəyirlər. Aydındır ki, əhalisinə görə Gəncə ölkəmizin ikinci böyük şəhəridir. Onlar Gəncədə xaos yaratmaqla, ordakı əhalinin Bakıya köç etməsini istəyirdilər. Bununla da Bakıda vəziyyəti xaos həddinə çatdırmaq düşünülürdü.

– Nəyə görə məhz humanitar atəşkəsdən sonra bu addım atıldı? Sizcə, Ermənistanın bu addımı atmasında Rusiya rol oynayırmı?

– Təbii ki, onların bu addımı atmasında Rusiyaya arxalanmaları xüsusi rol oynayır. Onlar Rusiyaya arxalanmasaydılar və Rusiyanın dəstəyini hiss etməsəydilər, belə cəsarətlənə bilməzdilər. Aydındır ki, onları cəsarətləndirən Rusiya faktorudur. Düşünürəm ki, Dağlıq Qarabağdakı erməni quruplaşması Paşinyandan daha çox, Qarabağ klanına yaxındır. Əsasən onlara tebedirlər. Döyüşlər başayandan sonra Robert Köçəryan və Serj Sarksyan Qarabağa gəldi. Hətta ordu rəhbərliyi ilə görüşlər də keçirtdilər.  Düşünürəm ki, daha çox Qarabağ klanının tapşırığı və əmirləri ilə hərəkət edirlər. Qarabağ klanı da birbaşa Rusiyaya tabe olan qüvvədir.

– Beynəlxalq təşkilatların Gəncədə baş verən hadisəyə obyektiv reaksiyası gözlənilirmi?

– Bu Azərbaycan hökümətinin addımlarından asılıdır. İlk növbədə BMT Təhlükəsizlik Şurasını toplantıya çağırmaq lazımdır. Bilinmir ki, bizim hökümət bu istiqamətdə addım atacaq, ya yox… Bütün mümkün olan beynəlxalq platformalarda (BMT, ATƏT və s.) bu barədə məsələ qaldırılmalıdır. Biz bilirik ki, beynəlxalq təşkilatların qərarları o qədər də mahiyyət daşımır və ciddi təsirə malik deyil. BMT-nin Qarabağla bağlı qətnamələrinin aqibətinin necə olduğunu daha yaxşı bilirik. Hər halda faktların beynəlxalq səviyyədə qeydə alınması üçün müraciətlər edilməlidir. İnanıram ki, Azərbaycan höküməti bu istiqamətdə müvafiq addımları atacaq.

– Ermənistanın bu addımından sonra, Azərbaycan humanitar atəşkəs olmasına rəğmən, hücum əməliyyatlarını davam etdirə bilərmi?

– Təbbii ki, Ermənistan tərəfdən hücumlar olursa, Azərbaycan hücum edə bilər. Biz Ermənistanın humanitar atəşkəs olmasına rəğmən, itirilmiş torpaqları geri qaytarmaq məqsədilə hücum əməliyyatı keçirdiyini gördük. Ermənilər tərəfdən hücum varsa, Azərbaycanın tam haqqı var ki, hücumlara cavab versin və əks-zərbələr endirsin. Bunun önündə heç bir maneə yoxdur, bu bizim tam haqqımızıdır.

YƏHYA