Ermənistanın dinc sakinlərimizi vurmasının pərdəarxası

129

“Bununla Ermənistan ərazisini hədəf götürməyimizi istəyirlər ki…”

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi sentyabrın 27-dən başlayaraq təxribatçı əməllərini davam etdirərək, mülki əhalimizii atəşə tutur. Artıq bir neçə gündür ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın əsas sənayə mərkəzlərindən olan Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə məruz qoyur.

Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsipləri 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokolları, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələri kobud şəkildə pozulur.

Hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 25 mülki şəxs həlak olub, 127 nəfər yaralanıb.

Maraqlıdır ki, niyə Ermənistan Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 km-lərlə uzaqlıqda yerləşən ərazilərimizi atəşə tutur?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistanın bu cür addımlar atmasını havadarlarını münaqişəyə cəlb etmək istəyiylə əlaqələndirib. O, bildirib ki, əgər düşmən Gəncəyə, Mingəçevirə və hətta Xızıya belə ata bilibsə, istənilən təxribata əl ata  bilər:

 “Burda iki məqsəd ola bilər. Birincisi odur ki, 1990-cı illərdə olduğu kimi xalqın daxilində çaxnaşma yaratmaq istəyirlər. Fikirləşirlər ki, belə etməklə istəklərinə nail ola biləcəklər. Təəssüf ki, 1990-cı illərdə nüfuzlu ordumuz yox idi. Amma qəhrəmancasına savaşırdılar. O zamanlar da insanlar içərisində müəyyən düşünülmüş çaxnaşmalar yaradırdılar. Torpaqlarımızın işğal olunmasının əsas səbəblərindən biri də bu idi. Hazırda isə vəziyyət tam fərqlidir. Artıq, nizami ordumuz var. Xalqımız da 30 ildir ki, torpaqlarımızın işğaldan azad olunmasını gözləyir. Bizi, bu cür addımlarla qorxu da bilməzlər. İstəklərinə nail ola bilməyəcəklər.

İkincisi isə, bizim Ermənistana cavab addımları atmağımızı gözləyirlər. Bununla da Ermənistan ərazisini hədəf götürməyimizi istəyirlər. Daha sonra, Rusiyaya yalvaracaqlar ki, gəlib Ermənistanı müdafiə etsin. Belə anlarda biz soyuqanlığımızı da qorumalıyıq. Düşmənin əsl məqsədinin nə olduğunu başa düşməliyik. Bu o demək deyil ki, biz cavab addımlarından çəkinməliyik. Cavab addımları atmasaq, onlar boşluq olduğunu düşünəcək və zərbələrin sayını daha da artıra bilərlər. Bu baxımdan biz atəş gələn nöqtələri susdurmalıyıq. Belə etməklə onlar anlamalıdır ki, Azərbaycan Dağlıq Qarabağda edilən müharibəni total müharibəyə çevirə bilər.  Əgər Gəncəyə, Mingəçevirə və hətta Xızıya belə ata biliblərsə, istənilən təxribata əl ata  bilərlər. Baş verə biləcək hər təxribata hazır olmalıyıq. Məncə, cəmiyyətimiz və dövlətimiz də hazırdır”.

“Düşünürəm ki, yaxın günlərdə düşmən layiqli cavabını alacaq”

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli düşmənin məqsədinin sənayemizin bel sütunu olan sahələri atəşə tutmaq və sıradan çıxarmaq olduğunu bildirib. Qabil Hüseynli Ermənistanın Kollektiv Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istədiyini deyib:

“Hazırda düşmən sənayə şəhərlərini hədəfə alıb. Məqsəd sənayemizin bel sütunu olan sahələri atəşə tutmaq və sıradan çıxarmaqdır. Mingəçevirə bir neçə raket atılıb. Məlumata görə yeddi raket atılıb və altısı hava hücumundan müdafiə bölmələri tərəfindən zərərsizləşdirilib. Biri isə hədəfə dəyməyib. Mingəçevir İES-nın qarşısında partlamamış şəkildə yerə sancılıb. Atılan raketlər uzaq mənzilli raketlər sayılır. Gəncəyə atılan raketlər isə qrad tipli raketlərə aiddir. Bu raketlər partlayış zamanı çox böyük dağıntılara səbəb olur. Həmin raketlər Gəncənin mərkəzinə doğru yönəldilib. 26 nəfərdən çox mülki şəxs yaralanıb. Qəribəsi budur ki, yaralıların içərisində biri erməni millətinə məxsusdur. Döyüş meydanında Azərbaycan ordusuna tab gətirə bilməyən ermənilər, ən böyük şəhərlərimizi atəşə tutmaqla, sanki bizə psixoloji təzyiq göstərmək istəyirlər. Belə etməklə, Azərbaycanın atəşi dayandırmağını istəyirlər. Bu da baş tutan deyil. Böyük şəhərlərimizin hamısında hava hücumundan müdafiə sistemləri var. Bu baxımdan atılan raketləri zərərsizləşdirmək olur. Mingəçevir şəhəri Ermənistan ərazisindən vurulubsa, Gəncə şəhəri Ermənistanın işğalı altında olan bölgələrdən vurulub. Bu baxımdan, ordumuz əks-hücum əməliyyatlarını gücləndirməli və hər cür təxribata əl atan düşmənin cavabını lazımınca verməlidir. Düşünürəm ki, yaxın günlərdə düşmən layiqli cavabını alacaq. Onlar Azərbaycana atılan raketlərin cavabının verilməsini gözləyirlər. Yəni, Azərbaycanın Ermənistan ərazisinə raket zərbəsi endirməyini gözləyir. Daha sonra, dünya birliyinə Azərbaycanın hərbi əməliyyatlarını, Ermənistan ərazisində keçirdiyini çatdıracaqlar. Belə etməklə, Kollektiv Müqaviləsi Təşkilatını  münaqişəyə cəlb etmək istəyirlər. Söhbət Rusiyanın münaqişəyə cəlb edilməsindən gedir”.

“Ermənilərin son nəfəsi və çırpıntılarıdır…”

Ermənistanın əsas hədəf aldığı şəhərlərimizdən biri də Gəncə şəhəridir. Gəncədən seçilmiş deputat, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, düşmənin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni vurmaqla, əhali arasında qorxu yaratmaq istədiyini bildirib. O, baş verən son hadisələrə baxmayaraq, gəncəlilərin hazırda yüksək əhval-ruhiyyədə olduğunu deyib:

“Ermənilərin son nəfəsi və çırpıntılarıdır. Təəssüf ki, onlar dinc əhalini hədəf seçib. Onlar həmişə təxribat törədiblər. Bu törədilən təxribatlar da, həmin təxribatların davamıdır. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni vurmaqla, əhali arasında qorxu yaratmaq istəyirlər. Amma, istəkləri baş tutmadı. Digər tərəfdən, Ermənistan ərazisindən atəş açaraq, Azərbaycanın cavab verməsini gözləyirlər. Daha sonra isə dünyaya Azərbaycanın Ermənistanı atəş altında saxladığını bəyan edəcəklər. İstənilən halda, Azərbaycanın güclü və nizami ordusu var. Düşmən layiqi cavabını alır və ordumuz döyüş meydanında da on qat zərbə endirməklə düşməni susdurur. Düşünürəm ki, narahatlığa heç bir ehtiyac yoxdur. Tezliklə, Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuzun növbəti zəfər xəbərlərini eşidəcəyik. Gəncəlilər hazırda yüksək əhval-ruhiyyədədir. Hazırda özüm də Gəncədəyəm. Gəncənin digər Millət Vəkili Müşfiq Cəfərov da mənim yanımdadır. Şəhər rəhbərliyi başda olmaqla, bütün aidiyyatı qurumlar iş başındadır. Hər birimiz Ali Baş Komandanımızın əmrini gözləyirik. Vətən müharibəsində hər kəs üzərinə düşəni etməyə hazırdır. Heç bir problem yoxdur”.

“Bütün bu komandaları verən Paşinyanın özüdür”

Ermənistanın mülki əhalini hədəf almasını hərbi cinayət adlandıran Milli Məclisin deputatı Elman Nəsirov baş verən bütün hərbi cinayətlərin məsuliyyətini Ermənistan hakimiyyətinin üzərinə düşdüyünü deyib. Elman Nəsirov Ermənistan hakimiyyətinin əvvəlcədən Azərbaycanın əsas sənaye mərkəzlərini hədəf alacağını bildirdiyini qeyd edib:

“Əvvəlcə onu qeyd edim ki, Ermənistanın Müdafiə naziri Tonoyan Amerika Birləşmiş Ştatlarında olarkən, bəyantla çıxış etmişdi. Bildirmişdi ki, Ermənistan Azərbaycana qarşı yeni ərazilər uğrunda müharibəyə hazırlaşır. Belə çıxır ki, 20 faiz torpaqları onların hakimiyyətinə qədər olan şəxslər ələ keçirib və bu onların məsuliyyətidir. Yeni hakimiyyət də bu prosesə öz töhvəsini verməlidir. Biz bunu Tovuz istiqamətində edilən hücumlar zamanı da müşahidə etdik. Daha sonra jurnalistlərdən biri Paşinyanın müdafiə nazirinin belə bir bəyanat verdiyini xatırladıb və bununla bağlı açıqlama istəyib. Paşinyan cavabında belə deyib: Əgər mənim müdafiə nazirim bunun əksini desəydi, mən onu işdən azad edərdim. Deməli, bütün bu komandaları verən Paşinyanın özüdür. Sentyabrın 27-dən baş verən bütün hərbi təxribatların məsuliyyəti Paşinyanın üzərinə düşür. Həmin bəyanatdan sonra, Ermənistan rəhbərliyi Azərbaycanda əsas strateji hədəflərin olduğunu bildirib və həmin hədəflərin içərisində iri sənayə mərkəzləri və əsas infrastruktur yerlərini hədəfə alacaqlarını bildirib. Bu siyahıda konkret olaraq Gəncənin və Mingəçevirin adını açıqlamışdı. Eyni zamanda Səngəçal terminalının adını da bildirmişdilər. Qeyd edim ki, Səngəçal terminalı ən böyük neft-qaz terminalıdır. Diqqət etsəz hazırda Gəncədə yaşayış məntəqələri və mülki obyetlər əsas hədəf götürülüb. Bu da hərbi cinayət sayılır. Əsas hədəflərindən biri də Mingəçevir İES-nı vurmaq idi.Həmin istiqamətlərdə raketlər atılıb. Hələ də atmağa da davam edirlər. Fikir versəz, hansı ərazilən ad çəkmişdilərsə, hamin ərazilərə atış açırlar. İstisna deyil ki, Səngəçal da onların hədəfindədir. Niyə məhz Ermənistanın ərazisindən Azərbaycanın sənaye mərkəzləri hədəfə alınır? Əslində bunun səbəb aydındır. Ermənilər Azərbaycanın Ermənistana cavab tədbirləri görməsini istəyirlər. Bu hadisəni də dünyaya Azərbaycanın Ermənistanı hədəfə alması kimi təqdim edəcəklər. Beləliklə, Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatını münaqişəyə cəlb edilməsini istəyirlər. Əsas məqsədləri Azərbaycanı təxribata çəkməkdir.  Ali Baş Komandan cənab İlham Əliyev öz çıxışlarında həmişə vurğulayıb ki, biz Azərbaycan torpaqlarında müharibə aparırıq. Ermənistan siyasi rejimi öz törətdiyi cinayətin cəzasını alır. Şanlı Azərbaycan ordusu irəliləməkdədir. Yeni ərazilərimizi düşməndən təmizləyir”.

Son olaraq bir daha qeyd edək ki, ermənilər öz vəhşiliklərini təsdiqləyən qeyri-insani hərəkətlərini davam etdirir, azərbaycanlıların yaşamaq və digər hüquqlarını pozurlar. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının dayandırılması və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görürlər. Beynəlxalq hüququn, dünya ictimaiyyətinin susqunluğu fonunda Azərbaycan Ermənistanın cinayətkar əməllərinə qarşı cavab tədbirləri görməyə məcburdur. Azərbaycanın beynəlxalq hüquqa əməl edərək, öz vətəndaşlarının təhlükəsizliyini qorumağa haqqı və hüququ var. Təcavüzkar Ermənistanı susdurmağın başqa yolu yoxdur. Hazırda Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmaları istiqamətində zəruri tədbirlər görülür.

YƏHYA