Ermənistanın cinayətləri peyk təsvirləri ilə təsdiqləndi – beynəlxalq təşkilatın hesabatı

435

Hurriyyet.org xəbər verir ki, Azərbaycan tərəfindən məğlub edilərək Dağlıq Qarabağı tərk eləməyə məcbur olan işğalçı Ermənistanın dinc yaşayış məntəqələrinə qarşı hücumları peyk təsvirləri ilə isbat olunub.

İnsan Hüquqları Müşahidə Təşkilatı regiondakı araşdırmaları ilə bağlı ilk hesabatını açıqlayıb.

Təşkilat Ermənistan ordusuna məxsus qüvvələrin Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtər rayonlarındakı şəhər, qəsəbə və kəndlərə hücumlarını araşdırıb, 11 hücum faktı ilə bağlı dəlilləri isbat edərək, sənədləşdirib.

Beynəlxalq qeyri-hökumət təşkilatı olan “Human Rights Watch” təşkilatının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə və mülki obyektlərinə qarşı raket hücumları ilə bağlı apardığı araşdırmalara dair hsabatında noyabr ayında Azərbaycanda yerlərdə aparılan araşdırmalar zamanı erməni qüvvələrinin ballistik raketlər, idarəolunmayan top raketləri və iriçaplı artilleriya mərmilərindən istifadə etməklə yaşayış məntəqələrinin vurulmasına dair 11 faktı qeydə aldığı bildirilir. Qeyd olunur ki, ən azı dörd halda hərbi hədəflərin olmadığı ərazilərdə mülki şəxslərə və ya mülki obyektlərə zərbələr endirilib. “Human Rights Watch”un Avropa və Orta Asiya üzrə direktoru Hugh Villiamson bildirib ki, erməni qüvvələri dəfələrlə raketlər, idarəolunmayan raketlər və ağır artilleriyadan mülki əhalinin yaşadığı şəhər və kəndlərə müharibə qanunlarına zidd olaraq zərbələr endirib. Altı həftəlik müharibə zamanı bu hücumlar mülki insanların həyatına son qoyub, onların evlərini qanunsuz olaraq dağıdıb. Bu hadisələr qərəzsiz şəkildə araşdırılmalıdır.

Yeri gəlmişkən, o da qeyd edilir ki, təşkilat Ermənistan qüvvələri tərəfindən Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtərin şəhər, qəsəbə və kəndlərinə edilən raket və artilleriya zərbələrini araşdırıb. Bu hesabatda endirilmiş zərbələrdən 40 mülki vətəndaşın ölümü və onlarla insanın yaralanması ilə nəticələnmiş 18 hal araşdırılıb ki, bunlar da hücumların 53 şahidi ilə fərdi danışıqlara və 12 telefon danışığına, xəbər reportajlarına və hökumətin məlumatlarına əsaslanır. “Human Rights Watch”, eyni zamanda, hücumların vaxtını və tarixini təsdiqləyən 10 hadisənin peyk görüntülərini və 9-nun sosial mediada yerləşdirilən foto və videolarını araşdırıb. Digər hücumlar gələcək hesabatlarda yer alacaq.

Onu da vurğulayaq ki, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyi (ANAMA) Gəncəyə 4-17 oktyabr tarixləri arasında 32 mülki vətəndaşın öldürülməsi ilə nəticələnmiş hücumlarda idarəolunmayan “Smerch” artilleriya raketləri və “Scud-B” ballistik raketlərinin istifadə edildiyini müəyyən edib. 985 kiloqram, yüksək partlayıcı döyüş başlığı daşıya bilən “Scud-B” raketləri nəzərdə tutulan hədəfdən ən azı 500 metr yayına bilər. Müəyyən hərbi hədəfə yönəldilə bilməyən və hərbi hədəfləri mülki əhali və mülki obyektlərdən fərqləndirə bilməyən silahlardan istifadə edilən hücumlar müharibə qanunlarını pozur. Sözügedən hesabatda o da bildirilir ki, Ermənistanın hücumları mülki əhalinin itkisinə səbəb olmaqla yanaşı, evlərə, müəssisələrə, məktəblərə və klinikalara ziyan vurub və kütləvi köçlərə səbəb olub. Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, silahlı münaqişə zamanı 98 mülki şəxs həlak olub, 414 nəfər yaralanıb, 3000-dən çox ev, 100 yaşayış binası dağıdılıb və ya zərər görüb. Azərbaycan rəsmiləri “Human Rights Watch”a bildiriblər ki, döyüşlər nəticəsində 40 min insan öz yerlərindən didərgin düşüb. “Human Rights Watch”un nümayəndələri münaqişənin təsirinə məruz qalmış ərazilərdə olarkən sakinlər bir çox insanların, xüsusilə də qadınların və uşaqların daha təhlükəsiz bölgələrə getdiklərini deyiblər.

Hesabatda o da qeyd olunur ki, müharibə qanunları hücum edən tərəflərin mövcud vəziyyət imkan verməsə belə, mülki insanlara təsir edən hücumlar barədə xəbərdarlıq etmələrini tələb edir. Hücum şahidləri erməni qüvvələrinin xəbərdarlıqlarından xəbərsiz olduqlarını bildiriblər. Oktyabrın 4-də Araik Arutunyan ingilis dilində tvitlər yayaraq mülki şəxsləri hərbi qüvvələrin hücum edəcəyi Gəncə də daxil olmaqla böyük şəhərlərdən ayrılaraq qaçılmaz itkiyə yol verməməyə çağırmışdı. Az sayda azərbaycanlı mülki şəxsin oxuya biləcəyi bir dildə, qeyri-müəyyən vaxtda qeyri-müəyyən hədəflərə edilən hücum təhlükələri barədə məlumat təsirli xəbərdarlıq hesab edilmir. Hesabatda, həmçinin vurğulanır ki, Ermənistan hökuməti erməni qüvvələrinin beynəlxalq humanitar hüquqa və ya müharibə qanunlarına zidd olan hücumları ilə bağlı qərəzsiz, hərtərəfli və şəffaf araşdırmalar aparmalıdır. “Erməni qüvvələri Azərbaycanın şəhərlərini, qəsəbələrini və kəndlərini çox dağıdıcı, yanlış təyinatlı silahlarla atəşə tutub”, – deyə Hugh Villiamson qeyd edib.