“ERMƏNİSTANIN BU ŞƏRƏFSİZ ƏMƏLİNİ ŞİDDƏTLƏ QINAYIRIQ” – İTC Millət Şurası bəyanat yaydı

45

İrəvan Türk Cümhuriyyəti Millət Şurası düşmənin yenidən Gəncəni atəşə tutması ilə bağlı bəyanat yayıb. Hurriyyet.org həmin bəyanatı olduğu kimi təqdim edir:

17 oktyabr 2020-ci il gecə saat 01.00 radələrində, insanların evlərində yatdığı və tam müdafiəsiz vəziyyətdə olduğu anlarda Ermənistan terror dövləti tərəfindən Azərbaycan Respublikasının Gəncə şəhərinin mərkəzinə, həm də yaşayış massivinə növbəti dəfə xüsusilə böyük dağıdıcılıq gücünə malik ballistik raket zərbəsi endirilmişdir. Bu hərbi cinayət əməli şərəfsiz erməni terrorunun növbəti dəfə xislətini nümayiş etdirmişdir. Zərbə nəticəsində dinc əhalidən çoxsaylı ölən və yaralananlar var. İyirmidən artıq ev dağıdılıb. Dağıntılar altından ailələri xilas etmə işləri aparılır. Bu həyasız cinayət əməli əslində bütövlükdə bəşəriyyətə qarşı cinayətdir, Azərbaycan xalqına qarşı soyqırım aktıdır.

İrəvan Türk Cümhuriyyəti Millət Şurası olaraq Ermənistanın bu şərəfsiz əməlini şiddətlə lənətləyirik. Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevə, bütövlükdə Azərbaycan xalqına dərin hüznlə baş sağlığı veririk. Tam əminliklə bildiririk ki, dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, canımız və qanımızla Azərbaycan dövlətinin və ordusunun yanındayıq. Vətəndaş və tərəfdarlarımızla birlikdə könüllü olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmrinə girməyə hazır olduğumuzu bəyan edirik!

Eyni zamanda bütün dünya dövlətlərinin rəhbər qurum və liderlərini, beynəlxalq təşkilatları, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını, Avropa Birliyi, Avropa Şurası və dünya qurumlarını sözü gedən cinayətə səssiz qalmamağa, həlak olan insanların və zərbələrə məruz qalan millətin islam dininə sahib olmasına fərq qoymadan bu şərəfsiz cinayətə qarşı səsini çıxarmağa, mövqeyini açıq ortaya qoymağa və cinayətkarın cəzalandırılması üçün real addımlar atmağa çağırırıq!

Unutmayın: Belə cinayətlərdən heç bir cəmiyyət sığortalanmayıb. Sizin də dövlət və xalqınızın başına raketlər yağa bilər. İnsanlıq dramına göz yummaq cinayəti cəzasız qoyar. Cinayət isə ayaq açıb hər birinizin evinə daxil ola bilər!

İrəvan Türk Cümhuriyyəti Millət Şurası