“Ermənistanda Paşinyanın səlahiyyətlərinin zəiflədilməsi yolları axtarılır”

135
nikol paşinyan

Natiq Cəfərli: “Azərbaycanın hərbi uğurları və torpaqların işğaldan azad olunması əməliyyatı genişləndikcə, Paşinyanın kreslosu sirkələnməyə başlayıb”

“Dağlıq Qarabağ münaqişəsinin istənilən həll variantı Qərbin marağındadır, çünki bu zaman Rusiyanın regiona təsir rıçaqları kifayət qədər zəifləyəcək”

Rusiyanın tanınmış ictimai xadimi, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, politoloq Sergey Markov bildirib ki, Azərbaycan Ordusu Ermənistan tərəfindən zəbt edilmiş ərazilərinin 10 faizini artıq öz nəzarəti altına alıb. Onun sözlərinə görə, Ermənistanın baş naziri, bu müharibənin əsas səbəbkarı, Ermənistanın siyasi və hərbi məğlubiyyətlərinin əsas səbəbkarı Nikol Paşinyan hər an hakimiyyətdən uzaqlaşdırıla bilər: “Orada hakimiyyət hərbi komitəyə ötürülə bilər. Buna səbəb – Ermənistanın açıq-aşkar hərbi məğlubiyyəti, bir də odur ki, Rusiya açıq-aşkar Sorosun əlaltısı olan Paşinyana kömək göstərmək istəmir. Hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu əyani şəkildə göstərdi ki, o, daha yaxşı təchiz olunub, daha yaxşı hazırlaşıb və görünür, onun döyüş ruhu da yüksəkdir. Çünki o, öz əraziləri uğrunda vuruşur. Axı Rusiya da, dünya birliyi də Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.

Bu arada, məhz bu mövzu ilə bağlı axar.az-da yer alan informasiyada isə deyilir ki, Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyü naminə apardığı Vətən müharibəsində uğurları Ermənistanda çaxnaşma yaradıb. Belə ki, bəzi siyasi partiyalar məğlubiyyətin günahını Paşinyanda görərək, hərbi-siyasi qərarlar qəbul edəcək bir “şura” yaradılması, ora eks-prezidentlərin də daxil etdilməsini təklif etsə də, bu, əks-effekt yaratdı. Belə ki, Ermənistan hakimiyyəti bunun “siyasi çevriliş” olduğunu bildirərək, 13 siyasi partiyanın birgə təşəbbüsünü qəbul etmədi. Ermənistanın sabiq prezidenti Ter-Petrosyanın da bu anda aktivləşdi, hətta onu hakimiyyətdən zorla kənarlaşdıran və 20 ildən artıq bir müddətdə düşmən münasibətdə olduğu Daşnaksütyun rəhbərliyi ilə də uğursuz görüş keçirdi. Bütün siyasi polemikaların heç bir mənası olmadığını dərk edən siyasilər indi yalnız mümkün qədər prosesi uzatmağa və atəşkəsi təmin etməyə çalışmaqdan başqa yol görmürlər. Bütün təşəbbüsləri “bir neçə gün də dözmək lazımdır” düşüncəsinə hesablanıb. “Hazırkı müharibə adi müharibə deyil, taledir” çağırışı edən və “azacıq dözməyə” səsləyən Ermənistan Müdafiə Nazirliyinin nümayəndələrinin cəhdləri isə heç bir nəticə vermir: Ermənistan ordusunun səfi dağılıb, könüllülər döyüşməkdən imtina edir, erməni analar övladlarının yad torpaqlarda ölməsinə qarşı çıxaraq, ardıcıl aksiyalar keçirirlər.

“Fikrimcə, sözügedən yeni qurumun yaradılması üzrə aparılan işin əsas moderatoru Rusiyadır”

Beləliklə, mövzu ilə bağlı mövqeyini “Hürriyyət”lə bölüşən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirdi ki, artıq Ermənistanda Nikol Paşinyana qarşı ciddi hərəkətlənmə baş verib: “Belə ki, bugünlərdə Daşnaksütyun partiyası yeni bir qurumun yaranması ilə bağlı təkliflə çıxış edib. Artıq bu istiqamətdə keçmiş prezidentlərdən biri Levon Ter-Petrosyanla da görüş keçirilib. Bu qurumun məğzi ondan ibarətdir ki, keçmiş prezidentlər, baş nazirlər, müdafiə və xarici işlər nazirləri həmin qurumda təmsil olunsunlar, hərbi diplomatik, o cümlədən xarici siyasət və ordu ilə bağlı qərarları məhz onlar versinlər. Təbii ki, burda Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərlərinin də təmsil olunması təklif olunur. Bu, o deməkdir ki, artıq Ermənistanda proseslər gedir və Nikol Paşinyanın səlahiyyətlərinin zəiflədilməsi yolları axtarılır”. Politoloqun sözlərinə görə, Azərbaycanın hərbi uğurları və torpaqların işğaldan azad olunması əməliyyatı genişləndikcə, Nikol Paşinyanın vəzifəsi, tutduğu kreslo da sirkələnməyə başlayıb: “Bildiyiniz kimi, iki bundan öncə Ermənistanda konstitusiya dəyişiklikləri oldu və nəticədə parlament respublikasına keçildi. Parlament respublikasına keçərkən indiki prezidentin səlahiyyətləri kifayət qədər azaldılıb. Odur ki, bu gün Ermənistan prezidentinin proseslərə hüquqi müdaxilə imkanları çox aşağıdır. Ona görə də düşünürəm ki, Ermənistanda parlament respublikası qaydalarına uyğun olaraq müəyyən addımların atılmasına və yeni bir qurumun yaradılmasına çalışacaqlar. Nə qədər acılı səslənsə də, bu, mənə Azərbaycanın 1990-cı illərdəki vəziyyətini xatırladır. Yadınızdadırsa, o vaxt bizdə müxtəlif qurumlar, müdafiə şurası, milli müdafiə komitəsi və bu kimi qurumların yaradılmasına cəhd göstərilirdi, xalq parçalanmışdı, hakimiyyətin çox zəif vaxtları idi. İndi bunabənzər proseslər Ermənistanda gedir. Çox güman ki, müzəffər Azərbaycan Ordusunun qələbələri olduqca, bizim işğaldan azad olunmuş torpaqlarımızın sayı, həcmi artdıqca Ermənistanda ciddi siyasi proseslərin olması, hətta növbədənkənar parlament seçkilərinin keçirilməsiylə Paşinyan hakimiyyətinin kifayət qədər zəiflədilməsi baş tuta bilər. Amma çox güman ki, parlament seçkilərinə qədər, yəni müharibə dönəmində bunu elan etməzlər. Fikrimcə, sözügedən yeni qurumun yaradılması üzrə aparılan işin əsas moderatoru Rusiyadır. Əgər belə bir qurum yaradılarsa, o zaman böyük ehtimalla Paşinyanın səlahiyyətlərinin böyük bir hissəsi həmin quruma həvalə olunacaq. Bu isə öz növbəsində, Ermənistanda siyasi böhranın daha da dərinləşməsiylə müşahidə olunacaq”.

“Qərb kritik məqamda Paşinyanın komandasının içindən daha praqmatik, daha az zərərə uğrayan birini seçib onun üzərindən oyun quraraq, Ermənistanda söz sahibi olmağa çalışacaq”

Corc Soros və Qərb dövlətlərinin Nikol Paşinyana mümkün dəstəyinə gəlincə, REAL-ın icra katibi hesab edir ki, bu məsələ bir qədər şişirdilib: “Düşünmürəm ki, sırf Soros vaxtilə bu məsələnin moderatoru olub. Düzdür, müəyyən köməklik olub. Paşinyan QHT sektorundan gəlib, 2018-ci ildə bir neçə media qurumlarının və sivil toplum quruluşlarının iştirakıyla bəzi dəyişikliklərin olduğunu görmüşük. Amma bu rolu o qədər də şişirtməzdim. Yəni Qərb dövlətləri ağıllı və praqmatik yol tutublar. Əgər görsələr ki, Paşinyanın hakimiyyəti zəifləyir və bu proses davam edəcək, onda Paşinyanın komandasının içindən daha az zərərə uğramış və yaxud vətəndaşların gözündən daha az düşmüş birini seçib onun üzərində oyun qurmağa çalışacaqlar ki, əlləri güclü qalsın. Odur ki, onlar Ermənistandan çəkilmək istəməzlər. Çünki Ermənistandan tamamilə çəkilmələri bu ölkənin yenidən tam şəkildə Rusiyanın nəzarəti altına keçməsinə səbəb olacaq. Düzdür, Ermənistan hələ də Rusiyanın nəzarəti altındadır. Lakin son iki ildə müəyyən dəyişikliklər olmuşdu, Qərbə meyillənmə baş verirdi. Düşünürəm ki, Qərb Dağlıq Qarabağ məsələsinin kökündən həll olunmasında maraqlıdır. Yəni bu münaqişənin istənilən həll variantı Qərb dövlətlərinin marağındadır. Çünki bu zaman Rusiyanın regiona təsir rıçaqları kifayət qədər zəifləyəcək. Ona görə də düşünmürəm ki, Qərb istənilən halda Paşinyanı dəstəkləyəcək. Odur ki, kritik məqamda Paşinyanın komandasının içindən daha praqmatik, daha az zərərə uğrayan birini seçib onun üzərindən oyun quraraq, Ermənistanda söz sahibi olmağa çalışacaqlar. Bir sözlə, artıq Qərb də bunu anlayır ki, Paşinyan qurban verilməli fiqurdur. Əgər o, qurbanlıq qoyun olacaqsa, onun arxasında dayanmayacaqlar və yerinə gətirdikləri şəxsin üzərində oyun qurulacaq”.

Vazeh BƏHRAMOĞLU