Ermənistanda müxalifətin Paşinyanı istefaya göndərmək niyyəti baş tutacaqmı? – PAŞİNYANA VERİLƏN VAXT BİTDİ

1074

Erməni əhalisi Qarabağdakı məğlubiyyətdən sonra ağrı və acı itkilər yaşayır. Ermənistan mətbuatının məlumatına görə, paytaxt Yerevanda bəzi etirazçılar şəhərdaxili yolları bağlayaraq Nikol Paşinyanı istefaya səsləyiblər. Bundan əlavə, Ermənistanda parlamentdə təmsil olunmayan siyasi qüvvələr itaətsizlik aksiyalarına da başlayıblar. Bütün ermənilərin katolikosu II Qaregin və Ermənistan prezidenti Armen Sarkisyan Moskvadakı erməni icması ilə görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyanı istefaya getməyə çağırıb.

Qeyd edək ki, Ermənistan müxalifətinin baş nazir Nikol Paşinyana istefa vermək üçün verdiyi vaxt da artıq bitib. Yerevanın mərkəzində etirazçılar toplaşaraq onu istefa verməyə çağırırlar. Nümayişçilər paytaxt küçələrini bağlamağa çalışırlar.

Bəs, müxalifətin Paşinyanı istefaya göndərmək niyyəti baş tutacaqmı?

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Hürriyyət-ə açıqlamasında, Paşinyanın müəyyən xarici dairələr tərəfindən müdafiə olunduğunu bildirib:

“Bildiyiniz kimi Ermənistanda hərtərəfli böhran var. O cümlədən də ciddi siyasi böhran yaşanır. Paşinyanı bir sıra siyasi təşkilat birləşərək devirmək istəyir. Onların da, ölkəni dirçəltmək üçün heç bir alternativ planı yoxdur. Ölkəni hansı qayda da idarə edəcəklərini və ağır məğlubiyyətdən ölkəni necə çıxaracaqlarını bilmirlər. Bir sözlə, ortalıqda heç nə yoxdur. Konkret olaraq əllərinə fürsət düşüb ki, Paşinyanı devirsinlər. Düzdür ki, Ermənistan ağır məğlubiyyətə uğrayıb. Lakin, bütün olanlarda Paşinyan günahlandırılır. Amma, reallıq odur ki, Ermənistanda xeyli sayda insan müharibənin olmasını istəmir. Çünki, Azərbaycanla müharibədən qorxub və çəkinirlər. Onların keçirdikləri mitinqlərdə çox insan olmur. 5000-8000 arası insan olur. Onu da nəzərə alaq ki, Paşinyan müəyyən xarici dairələr tərəfindən müdafiə olunur. Sorosun Ermənistanda təmsilçisidir. Bu baxımdan, Paşinyan arxayın olaraq hakimiyyətdən getmək istəmir. Əgər, Paşinyan gedərsə, müxalifətin də alternativ variantı var. Onlar öz partiyasından birinə hakimiyyəti vermək istəyirlər. Demək olmaz ki, Paşinyan bunların təzyiqi ilə geri çəkiləcək. Paşinyanın istefa verməsi heç nəyi dəyişməyəcək. Ölkə o qədər dərin böhrandadır ki, iqtisadiyyat darmadağın olub. Onlarda yalnız loğvalıq xüsusiyyəti var. Bizimkilər Şuşanı alıb, lakin onlar  bildirir ki, biz Hadrut uğrunda ağır döyüş aparırıq. Bu erməni xarakteridir. Onlar fürəstdən istifadə edib, təxribat törətməyə cəhd ediblər. Eyni zamanda, Ermənistanın özündə yerli ermənilərlə Qarabağ erməniləri arasında soyuq münasibətlər olub. Qarabağ klanın hakimiyyətə gəlmək şansı yoxdur. Bu baxımdan ziddiyyətlər daha da dərinləşəcək. Rusiyanın müəyyən dairələri də Paşinyanı aradan götürmək istəyirdi”.

Ermənistanda müxalifət Paşinyanın istefa verməyəcəyi təqdirdə, İrəvanda və respublikanın müxtəlif bölgələrində yolları bağlayaraq, nəqliyyatın hərəkətinin dayandırılacağını bildirib. Bundan  əlavə, digər itaətsizlik aksiyalarının da başlayacağı deyilib. Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə Hürriyyət-ə açıqlamasında, Ermənistanda müxalifətin təşkil etdiyi mitinqlərin arxa fonunda keçmiş Qarabağ klanının sabiq rəhbərləri Robert Köçəryanın və Serj  Sarksiyanın dayandığını deyib:

“Ermənistanda baş verən son siyasi proseslərdən görürük ki, Qarabağ müharibəsi siyasi çaxnaşmalara gətirib çıxaracaq. Paşinyanın etirazlar fonunda getməsi real görsənmir. Çünki, Paşinyana da ölkə daxilində siyasi dəstək var. Baxmayaraq ki, bir sıra müxalifət liderləri bir araya gəlib, Paşinyanı hakimiyyətdən devirməyə çalışırlar.  Amma, bu proseslərin arxa fonunda keçmiş Qarabağ klanının sabiq rəhbərləri Robert Köçəryan və Serj  Sarksiyan dayanır. Artıq, Ermənistan prezidenti Armen Sarkisyan və keçmiş prezident Serj Sarksiyan arasında görüş keçirilib. Görünür ki, Ermənistanda baş verən siyasi oyunların arxasında Rusiya dayanır. Rusiya baş nazir Paşinyana təzyiqlər edir. Eyni zamanda da onu müdafiə etməyə də çalışır. Moskva çalışır ki, Paşinyan Rusiya tərəfdən addımlarını atsın. Bununla da Qərb siyasətinin qarşısını almağa çalışır. Ümumi emənilərin patriarxı da Paşinyanla görüşüb, ondan istefasını tələb edib. Düşünürəm ki, Paşinyan istefaya getməyəcək. O, ABŞ-ın Ermənistandakı səfirliylə də görüş keçirdib. ABŞ-ın İrəvanda 2600-ə qədər səfirlik əməkdaşı var. Eyni zamanda, orda ABŞ-ın xüsusi təyinatlıları da var. Onlar Paşinyanı qoruyacaqlar. Qərb düşünür ki, Paşinyan Rusiyaya qarşı ən etibarlı müttəfiqdir. Paşinyan bir müddət sonra, ölkə daxilində Rusiyaya qarşı siyasi  proseslərə start verəcək. Eyni zamanda, Rusiyanın Gümrdüəki hərbi bazasının götürülməsinə də çalışacaq. Amma, müəyyən partiyalar var ki, Paşinyanın əleyhinədir. Həmin partiyalar ətrafında çox sayda insan İrəvan küçələrində mitinqlər keçirir. Lakin, onlar Qarabağ kartından istifadə edib, hakimiyyətə gəlmək istəyirlər. Onlar hakimiyyətə gəlsələr belə, ölkəni ağır durumdan necə çıxaracaqlarını bilmirlər. Erməni əhalisi də bilir ki, mitinqlərin arxasında duran Robert Köçəryan və Serj Sarksiyandır. Çünki, müxalifət  Türkiyəyə qarşı koalisiya yaradılacağını, Rusiyaya inteqrasiya edəcəklərini bildirirlər. Onlar xalqa hər hansısa bir islahat vəd etmirlər. Xalq bilir ki, onlar hakimiyyətə gəlsələr Ermənistanı daha da uçuruma aparacaqlar. Reallıq budur ki, Ermənistan müharibədə məğlub olub. Müxalifət mitinqlərində müharibənin və millətçiliyin alovlanıdırılması erməni əhalisini ciddi narahat edir. Düşünürəm ki, erməni əhalisi müxalifətin keçirtdiyi mitinqlərə geniş dəstək verməyəcək. Nikol Paşinyan xalqdan altı ay vaxt istəyib. O, bu istiqamətdə Azərbaycanla münasibətlərin normallaşdırmağı, həmçinin Türkiyəylə komunnikasiyaların açılmasını reallaşdıracaq. Çalışacaq ki, bu iki ölkə ilə münasibətləri normallaşdırsın və ticarət əlaqələri qursun. Əslində, erməni əhalisinin də istəyi budur. Onlar da istəyir ki, müharibə olmasın və regionda yeni əməkdaşlıq mühiti formalaşsın. İndiki hakimiyyət də bunların olmasında maraqlıdır. Buna görə də Ermənistanda müxalifətin keçirtdiyi mitinqlər yalnız Qarabağ klanının hakimiyyətə gəlmək üçün atılan addımlardır. Onlar özləri də yaxşı bilir ki, məğlub olan ordu Paşinyanın qurduğu ordu deyil. Bu ordu Robert Köçəryanın və Serj Sarksiyanın qurduğu ordudur. Nəticədə də onlar ağır məğlubiyyətə uğradılar. Paşinyan iki il müddətində orduyla bağlı ciddi nəsə edə bilməzdi…Erməni əhalisi də bunu yaxşı anlayır. Bu baxımdan, indiki müxalifətə dəstək verilməyəcək. Ümumilikdə götürdük də, Nikol Paşinyanın hakimiyyətdə olması Azərbaycanın da maraqlarına cavab verir. Çünki, Paşinyan da qeyd edir ki, artıq Ermənistanla Azərbaycanın sərhədi cəbhə xətti sayılmayacaq. Bu regionda ümumi təhlükəsizliyi də ehtiva edir. Düşünürəm ki, Rusiya prezidenti Vladimir Putin KTMT-nin iclasında Pşainyana dəstək verilməsinə çalışır. Hələ ki, Moskvadan Paşinyana dəstək var. Qeyd etməliyik ki,  Paşinyana əsasən Qərbdən dəstək alır. Azərbaycan da istəməz ki, Paşinyan hakimiyyətdən getsin. Çünki, bəyannaməyə o imza atıb. Düşünürəm ki, Paşinyan beş-altı min müxalifətçiyə görə, hakimiyyətini atıb istefaya getməyəcək. Lazım gələrsə, Paşinyan öz tərəfdarlarını İrəvan küçələrinə çağıraraq, Qarabağ məsələsində Köçəryan və Sarksiyan tərəfdarlarını sıxışdıraraq onları həbs atıdıra bilər. Paşinyanın yaxın zamanda istefası gözlənilmir”.

YƏHYA