Ermənistanda hələ 3 əsir və çoxlu girovumuz qalır

390

Dövlət Komissiyası rəsmisi: “Ermənistan II Qarabağ müharibəsində də azərbaycanlı əsirləri beynəlxalq təşkilatlardan gizlətmək yolunu tutmuşdu”

QAT sədri: “90-cı  illərin əvvəllərində itkin düşən vətəndaşlarımızın da məsələsini qaldırmalıyıq”

“Dövlətimizin başçısı İlham Əliyevin göstərişi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 2020-ci il dekabrın 14-də Azərbaycan Respublikasının 14 vətəndaşı erməni əsirliyindən və girovluğundan azad edilərək Bakıya gətirilib”.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib. Onun sözlərinə görə, onlardan 12 nəfəri Vətən müharibəsində müxtəlif səbəblərdən əsir düşmüş, digər 2 nəfər isə 2014-cü ilin iyul ayında Kəlbəcər rayonu ərazisində girov götürülərək qeyri-qanuni həbs edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevdir.

E.Səmədov bildirib ki, azad edilmiş vətəndaşlarımız hazırda dövlətimiz tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə edilməklə müayinə və müalicə olunur, sağlamlıqlarını bərpa edirlər.

Eldar Səmədov: Azərbaycan Prezidentinin tapşırığı ilə Dilqəm Əsgərov və  Şahbaz Quliyevin azad edilməsi üzrə işlər davam

Eldar Səmədov

E.Səmədov həmçinin deyib ki, Vətən müharibəsi zamanı Ermənistan beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin özünün də qoşulduğu Cenevrə konvensiyalarının öhdəliklərinə məhəl qoymayaraq Birinci Qarabağ müharibəsində olduğu kimi, azərbaycanlı əsirləri beynəlxalq təşkilatlardan gizlətmək yolunu tuturdu, onlar haqqında vaxtında məlumat vermirdi, həyatlarına təhlükəli qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmirdi.

Bununla bağlı erməni hərbçilərin özlərinin qeydə aldıqları təkzibolunmaz videomateriallar və fotolar da mövcuddur: “Bundan başqa, hazırda Azərbaycan Respublikasının beynəlxalq təşkilatların da qeydiyyata aldığı 3 vətəndaşı Ermənistanda əsir-girovluqda saxlanılır. Azərbaycan həmin vətəndaşlarının da azad edilərək qaytarılmasını Ermənistandan tələb edir. Artıq qeyd etdiyimiz kimi, 14 vətəndaşımız əsirlik və girovluqdan azad olunaraq Vətənə gətirilib. Əlbəttə ki, qanunvericiliklə müəyyən olunmuş prosedur qaydalara əsasən həmin şəxslərin sorğusu keçirilir, onların iştirakı ilə əhəmiyyət kəsb edən hallara dair ibtidai araşdırma hərəkətləri icra edilir, zəruri ekspertizalar aparılır. Bu tədbirlər yekunlaşdırıldıqdan sonra müvafiq qanuni qərarlar qəbul olunacaqdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qurbanı olmuş bütün vətəndaşlarımız, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələ daim Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir”.

E.Səmədov onu da qeyd edib ki, hazırda Dövlət Komissiyasında Birinci Qarabağ müharibəsinin nəticələrinə görə 3890 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb: “Dövlət Komissiyası itkin düşmüş bütün vətəndaşlarımızın axtarışı sahəsində zəruri tədbirləri davam etdirir. Bu iş həm də aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə həyata keçirilir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi ilə Dövlət Komissiyası arasında imzalanmış ”Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişinə əsasən, son illərdə bu iş daha intensiv aparılır. Saziş çərçivəsində itkinlərə aid 3600-dən çox sorğu anketi toplanılıb, məlumatlar elektron məlumat bazasına daxil edilib. Zəruri olan digər vacib iş isə itkin düşənlərin ailələrindən bioloji (DNT) nümunələrin götürülməsi ilə bağlıdır. Son illər ərzində 3 minə yaxın bioloji nümunə toplanaraq müvafiq qaydada sənədləşdirilib”..

Akif Nağı: “Mitinqə icazə verilməməsini pisləyirik”

Akif Nağı

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə qeyd etdi ki, 44 günlük Vətən müharibəsi Azərbaycanı kifayət qədər üstün mövqeyə çıxarıb: “Qələbəmiz artıq Ermənistana diktə edəcək səviyyədə üstünlük verib. Ona görə də yaranmış bu vəziyyətdən istifadə edib birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab edilən vətəndaşlarımızın məsələsini Ermənistan qarşısında qaldırmalıyıq. 2014-cü ildən Ermənistanın girov saxladığı Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsi əlbəttə ki, Azərbaycanın döyüş meydanında qələbəsi ilə bağlıdır. Bu qələbə olmasaydı, onları ermənilər geri qaytarmaq fikrində deyildilər. Ermənistan qalib tərəfin şərtlərini yerinə yetirməli oldu. Digər tərəfdən, onların bizdə hərbi əsirləri var idi, həmin əsirlərin geri qaytarılması üçün bu addımı atmağa məcbur idilər. Ermənistanda itkin düşənlərin yaxınlarının da təzyiqi getdikcə artır. Bu kateqoriyadan olan erməni hərbçilərinin sayı belə müşahidə olunur ki, hələ çoxdur. Bu şəraitdə Azərbaycan ötən əsrin 90-cı  illərinin əvvəllərindən itkin düşmüş hesab edilən vətəndaşlarımızın da məsələsini qaldırmalıdırlar. Ən azından onların taleyi ilə bağlı Ermənistan tərəfi bizə rəsmi məlumat verməlidir. Zaman-zaman belə xəbərlər yayılıb ki, Ermənistan çoxlu sayda azərbaycanlını gizli şəkildə əsir saxlayır, onları ağır işgəncələr altında işlədirlər və sair”.

Başqa sözlə, əsirlərimiz az olsa da, Ermənistanda çoxlu girovumuz qalır…

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”