Ermənistanda 2021-ci il üçün qəbul edilmiş büdcə layihəsinin tətbiqi imkanları

471

Dekabrın 10-da Ermənistan parlamenti 2021-ci il üçün dövlətin büdcə layihəsini qəbul etmişdir. Layihənin qəbul edilməsi ilə bağlı müzakirələrdə iştirak edən 98 deputatdan 84-ü layihənin lehinə, 14-ü isə əleyhinə səs vermişdir. Bu o deməkdir ki, büdcə layihəsi 85.7% səslə qəbul edilmişdir.

Müxalif “Çiçəklənən Ermənistan” fraksiyası səsvermədə iştirak etməmiş, “Parlaq Ermənistan” fraksiyası isə layihənin əleyhinə səs vermişdir. Büdcə layihəsində gözləniləndən daha yaxşı proqnozların yer almasına baxmayaraq Ermənistanda gələn il istər iqtisadi, istərsə də sosial baxımdan mövcud olacağı gözlənilən şəraiti və Ermənistanın maliyyə imkanlarını nəzərə aldıqda bu proqnozlar ilə bağlı şübhələr yaranır. Ona görə də büdcə layihəsində yer almış proqnozları və onların reallaşdırılması imkanlarını nəzərdən keçirək.

Büdcə layihəsi 

Qəbul edilmiş büdcə layihəsində yer alan proqnozlara əsasən, 2021-ci ildə büdcə gəlirləri 2.87 1 milyard ABŞ dolları (bundan sonra dollar), büdcə xərcləri isə 3.52 milyard dollar həcmində olacaqdır. Belə olan halda 648 milyon dollar həcmində büdcə kəsri formalaşacaqdır (ÜDM-in 5.3%-i). 2021-ci ilin büdcə layihəsinin ilkin versiyası ilə müqayisədə qəbul edilmiş layihədə büdcə gəlirləri 144 milyon dollar azaldılmış, büdcə xərcləri isə 14 milyon dollara qədər artırılmışdır. Nəticədə, büdcə kəsrinin həcmi ilkin olaraq proqnozlaşdırılan 520 milyon dollardan (ÜDM-in 4.1%-i) 128 milyon dollar daha çox olacaqdır.

Büdcə layihəsində eyni zamanda növbəti il üçün iqtisadiyyatın artım proqnozu da yer almışdır. Proqnozlaşdırılan büdcə göstəricilərinin dəyişməsi nəticəsində iqtisadiyyatın artım proqnozu da yenilənmişdir. Büdcənin noyabrda müzakirə edilmiş ilkin versiyasında Ermənistan iqtisadiyyatının 2021-ci ildə 4.8% artacağı proqnozlaşdırılsa da qəbul edilmiş sonuncu layihədə bu rəqəm 3.2%-ə endirilmişdir. 2021-ci ildə inflyasiya səviyyəsinin isə 2.5%-5.5% aralığında dəyişəcəyi proqnozlaşdırılmışdır.

Büdcə layihəsinin parlamentdəki sonuncu müzakirəsi zamanı Ermənistanın maliyyə naziri qeyd etmişdir ki, ÜDM-in gələn il üçün proqnozlaşdırılan 3.2%-lik artımının əldə edilməsi üçün iqtisadi sahədə böyük səylərə və səmərəli fəaliyyətə ehtiyac vardır. Nazir eyni zamanda qeyd etmişdir ki, 2021-ci il üçün büdcə layihəsi qəbul edilmiş ümumi fiskal qaydalar əsasında hazırlansa da iqtisadi bərpa prosesinin nə vaxt başlayacağı və nə qədər davam edəcəyi məlum olmadığından proqnozlardan fərqli nəticələrin əldə edilməsi və fiskal qaydalardan kənarlaşmaların olması ehtimalları vardır.

Nazir bu fikirləri söyləməklə hökumətin özünün də layihədə yer almış proqnozlardan əmin olmadığı göstərməklə yanaşı fiskal qaydalardan kənarlaşma deməklə əsasən büdcə kəsrinin normadan artıq olmasını nəzərdə tutur. Artıq 2020-ci ildə büdcə kəsrinin normadan artıq səviyyəyə çatmasına hüquqi baxımdan imkan yaratmaq üçün Ermənistan hökuməti bununla bağlı müəyyən edilmiş limiti aradan qaldırmaq məcburiyyətində qalmışdı. Büdcə kəsri növbəti ildə də yüksək səviyyədə olarsa büdcə kəsrinin limitin artırılmasına və ya aradan qaldırılmasına ehtiyac yaranacaqdır. Bu isə o anlama gəlir ki, büdcə kəsri maliyyə təhlükəsizliyi baxımından riskli səviyyədə olacaqdır.

Hökumət nümayəndələri arasında əminsizliyin olmasına baxmayaraq onlar 2021-ci ildə fiskal konsolidasiya (büdcə kəsrinin azaldılması siyasəti) istiqamətində tədbirlərin həyata keçirilməsindən sonra büdcə kəsrinin ÜDM-in 5.3%-i səviyyəsində saxlaya biləcəklərini güman edirlər (2020-ci ilin sonuna bu göstəricinin 7.4% olacağı gözlənilir).

Fiskal konsolidasiya siyasətinin həyata keçirilməsi imkanları 

Ermənistanda büdcə kəsrinin həcminin böyük olması və maliyyə təhlükəsizliyi ilə bağlı problemlər yaratması fiskal konsolidasiya siyasətinin həyata keçirilməsini zəruri edir. Ermənistanda iqtisadi vəziyyət ilə bağlı beynəlxalq maliyyə təşkilatları tərəfindən hazırlanan hesabatlarda da Ermənistanda fiskal konsolidasiya siyasətinin həyata keçirilməsinin vacib olduğu vurğulanır. Ona görə də Ermənistan hökuməti 2021-ci ildə bu istiqamətdə tədbirlərin görüləcəyi ilə bağlı fikirləri irəli sürür. Lakin, bu siyasətin həyata keçirilməsi üçün fiskal sahədə buna imkan yaradacaq manevr imkanları mövcud olmalıdır. Ermənistanda isə gələn il belə imkanların olacağına inanmaq çətindir. Ümumiyyətlə, bu siyasətin həyata keçirilməsi üçün Ermənistan hökuməti iki vasitədən istifadə edə bilər:

Büdcə gəlirlərinin artırılması. Zəif iqtisadi aktivlik şəraitində büdcə gəlirlərinin artırılması çətindir. Ona görə ki, iqtisadi aktivlik zəif olduqda büdcə gəlirlərinin formalaşmasında əsas rol oynayan vergi gəlirlərinin də həcmi aşağı düşür. Onu nəzərə alsaq ki Azərbaycanın işğal edilmiş torpaqları azad etməsi Ermənistanda iqtisadi vəziyyəti gərginləşdirmişdir və bu vəziyyət gələn il də davam edəcəkdir, o zaman vergi gəlirlərinin artacağını gözləmək olmaz. Bundan əlavə, Ermənistanda fəaliyyət göstərən və böyük həcmdə vergi ödəyən şirkətlərin böyük hissəsi işğal edilmiş ərazilərdəki resursları talan etməklə məşğul idi və gəlirləri bu ehtiyatlar hesabına formalaşırdı. Həmin resurslara çıxış imkanlarının azalması isə şirkətlərin müflis olmasına və ya fəaliyyətlərinin əhəmiyyətli dərəcədə daralmasına səbəb olacaqdır. Belə olan halda vergi gəlirlərini artırmaq qeyri-mümkündür. Ona görə də gələn il Ermənistan hökumətinin proqnozlaşdırdığı büdcə gəlirlərini belə toplaya biləcəyi sual altındadır.

Nümunə üçün Kəlbəcər rayonunda yerləşən Söyüdlü Qızıl yatağını göstərmək olar. Kəlbəcər rayonu işğaldan azad edildiyindən bu yataq Azərbaycanın nəzarətinə keçmişdir. Bu yataqda fəaliyyət göstərən Ermənistanın “GeoProMining” şirkəti isə Ermənistanda ən böyük vergi ödəyicilərindən biridir. Belə ki, bu şirkət 2020-ci ilin ilk 9 ayında dövlət büdcəsində 34 milyon dollar həcmində vergi ödəməklə Ermənistanda dördüncü ən böyük vergi ödəyicisi olmuşdur. Dördüncü ən böyük vergi ödəyicisinin fəaliyyətinin dayanması büdcə gəlirlərinin əsaslı şəkildə azalacağını deməyə imkan verir. Bundan başqa, Ermənistanda onlarla şirkət öz fəaliyyətlərini işğal edilmiş torpaqlardakı resurslar, xüsusilə də qiymətli metallar hesabına qeyri-qanuni şəkildə həyata keçirirdi. Bu şirkətlərin də vergi ödəyə bilməməsi büdcə gəlirlərinin azalmasına şərait yaradacaqdır.

Belə bir vəziyyətdə Ermənistan hökumətinin gələn il üçün büdcə gəlirlərinin həcmini 2020-ci il ilə müqayisədə 391 milyon dollar çox proqnozlaşdırması onu göstərir ki, verilmiş proqnoz reallığı əks etdirmir. Ermənistan iqtisadiyyatında böyük paya sahib olan mədən sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərin işğal edilmiş torpaqlardakı xammaldan məhrum olması büdcə gəlirlərinin azalmasına əsaslı şəkildə təsir edəcəkdir.

Gələn il üçün büdcə gəlirlərinin artırılması daha çox pandemiyanın aradan qalxacağı və iqtisadi aktivliyin bərpa ediləcəyi ilə əlaqələndirilir. Lakin, Ermənistanda iqtisadi bərpa prosesinin gələn il nə zaman başlayacağı məlum deyil və bu böyük ehtimal ilk yarım ildən tez olmayacaqdır. Hətta başlasa belə, bu proses sürətlə getməyəcəkdir. İkinci Qarabağ Müharibəsinin Ermənistanda yaratmış olduğu iqtisadi və sosial problemlər bərpa prosesinin əsaslı şəkildə ləngiməsinə səbəb olacaqdır.

Digər tərəfdən isə Ermənistanın xarici borc cəlb etmək imkanlarının məhdud olması və əlavə borclanmanın yarada biləcəyi maliyyə problemləri borc hesabına inkişaf edən iqtisadiyyat üçün sürətli bərpa imkanları yaratmayacaqdır. Belə şərtlər daxilində büdcə gəlirlərinin gələn il bu ildəkindən çox deyil, əksinə az olacağını gözləmək olar.

Büdcə xərclərinin azaldılması. Ermənistan hökuməti üçün büdcə xərclərini azaltmaq imkanları da məhduddur. Xüsusilə də post-müharibə dövründə hərbi sektorun və ümumilikdə iqtisadiyyatın bərpasını həyata keçirmək, əhalinin sosial problemlərini həll etmək və müharibədə dünyasını dəyişən hərbiçilərin ailələrinə maddi dəstək vermək üçün hökumət büdcə xərclərinin yüksək səviyyədə saxlamaq məcburiyyətindədir. Gələn il üçün proqnozlaşdırılan büdcə xərclərinin həcmi qeyd edilən istiqamətlərdə maliyyələşməni həyata keçirmək və dəymiş böyük zərərləri aradan qaldırmaq üçün tələb olunan vəsaitlə müqayisədə çox azdır. Ona görə də Ermənistan hökuməti büdcə xərclərini azalda bilməz.

Hazırkı şəraitdə Ermənistan hökuməti üçün büdcə xərclərinin azaldılması deyil, əksinə artırılması daha səmərəli olar. Ona görə ki, hökumət büdcə xərclərini artırmaqla sosial və maddi problemləri daha tez həll edə bilər ki, bu da hökumətin mövqeyini siyasi baxımdan möhkəmləndirə bilər. Lakin, büdcə xərclərinin artırılması öz növbəsində büdcə kəsrinin artmasına yol aça bilər. Maliyyə resursları məhdud olduğundan kəsrin maliyyələşdirilməsi də öz növbəsində xarici borcların cəlb edilməsinə ehtiyac yaradar ki, bu da maliyyə təhlükəsizliyi problemlərinin daha da artmasına səbəb olar. 2020-ci ildə yaranmış iqtisadi problemlər nəticəsində Ermənistan hökuməti büdcə xərclərini artırmaq (ÜDM-in 26.5%-i səviyyəsinə qədər) və əlavə xarici borc cəlb etmək (illik 18% artım) məcburiyyətində qaldıqdan sonra istəsə belə onun büdcə xərclərini artırmaq imkanları azdır.

Ermənistan hökumətinin büdcə xərclərini artırmaq imkanının olmaması və eyni zamanda büdcə kəsrinin azaldılması üçün büdcə xərclərini azalda bilməməsi onu büdcə xərclərini mümkün ən yüksək səviyyədə saxlamağa məcbur edir. Cari il ilə müqayisədə büdcə xərclərinin gələn il 75 milyon dollar çox olacağı proqnozlaşdırılır. Gələn il Ermənistanda kəskin iqtisadi və sosial problemlərin mövcud olacağı şəraitdə hökumətin büdcə xərclərini cəmi 75 milyon dollar artırmaq imkanına malik olması Ermənistan hökumətinin çıxılmaz vəziyyətdə qaldığını göstərir. Ona görə də deyə bilərik ki, büdcə vəsaitləri hesabına Ermənistan hökuməti dəymiş böyük zərərləri aradan qaldıra bilməyəcəkdir və bu da iqtisadi vəziyyətin daha da gərginləşməsinə imkan yaradacaqdır.

Ermənistanda istər büdcə gəlirlərinin artırılması, istərsə də büdcə xərclərinin azaldılması imkanlarının olmaması onu deməyə əsas verir ki, gələn il hökumətin fiksal konsolidasiya siyasətini həyata keçirmək imkanları məhdud olacaqdır. Ona görə də ehtimal etmək olar ki, hökumət fiskal konsolidasiya siyasətini həyata keçirməklə büdcə kəsrinin ÜDM-in 5.3%-i səviyyəsində saxlayacağına ümid etdiyindən bu siyasətin həyata keçirilə bilmədiyi şəraitdə bu göstərici daha yüksək olacaqdır. Belə olduğu halda isə Ermənistan hökuməti yenə xarici borc cəlb etmək məcburiyyətində qalacaqdır.

Büdcə kəsrinin maliyyələşdirilməsi vasitələri

Büdcə kəsrinin maliyyələşdirilməsi gələn il Ermənistan üçün əsas problemlərdən biri olacaqdır. Ona görə də bu problemin aradan qaldırılması üçün fiskal konsolidasiya siyasətindən istifadə ilə yanaşı hökumət nümayəndələri tərəfindən başqa vasitələrin istifadəsi ilə bağlı da təkliflər irəli sürülmüşdür. Belə ki, 2021-ci il üçün qəbul edilmiş büdcə layihəsi barədə danışan Ermənistanın yeni iqtisadiyyat naziri qeyd etmişdir ki, büdcə kəsrinin maliyyələşdirilməsi üçün üç vasitədən istifadə edilə bilər: daxili və ya xarici borc, dövlət mülklərinin özəlləşdirilməsi, kəmiyyət asanlaşdırılması (quantitative easing). Bu vasitələrin tətbiqi imkanlarını nəzərdən keçirək.

Borc cəlb edilməsi. Xarici borcun cəlb edilməsi bu istiqamətdə Ermənistan hökuməti tərəfindən ən çox istifadə edilən vasitə olmuşdur. Bunun nəticəsidir ki, Ermənistanın xarici borcu sürətlə artmışdır və bu ilin sonuna ÜDM-in 67%-nə çatacağı gözlənilir. Lakin, istər dövlət borcu təhlükəli səviyyəyə çatdığından, istər beynəlxalq reytinqləri pisləşdiyindən, istərsə də pandemiya ilə əlaqədar xarici borc cəlb etmək imkanları azaldığından böyük həcmdə xarici borcun cəlb edilməsi Ermənistan üçün çətindir. Lakin, başqa ümid edəcəyi yol da yoxdur.

Daxili borclanmaya gəldikdə isə, Ermənistanda azalan iqtisadi aktivlik və artan iqtisadi problemlər şəraitində daxili borcun cəlb edilməsi imkanları demək olar ki, yoxdur. Ermənistanda gələn il mövcud olacaq iqtisadi və sosial problemlər istər yığımda olan əmanətlərin əriməsinə, istərsə də biznes fəaliyyətinin zəifləməsinə səbəb olacaqdır. Belə olan şəraitdə daxili borcun cəlb edilməsi mümkün olmayacaqdır.

Dövlət mülklərinin özəlləşdirilməsi. İqtisadiyyat naziri tərəfindən bu vasitədən istifadənin təklif edilməsi iqtisadi vəziyyətin nə dərəcədə pis olmasından və hökumətin çarəsiz qalmasından xəbər verir. İlk olaraq onu qeyd etmək lazımdır ki, bu vasitə ilə kifayət qədər maliyyə vəsaiti toplamaq mümkün deyildir və bu dayanıqlı maliyyələşmə mənbəyi hesab edilə bilməz.

Digər tərəfdən, dövlət mülklərinin dəyəri yüksək olsa belə bu mülklərin alınması üçün ölkə daxilində iqtisadi subyektlər kifayət qədər maliyyə vəsaitlərinə malik deyildir. İstər biznes fəaliyyətinin kifayət qədər zəifləməsi (hansı ki gələn il də davam edəcəkdir), istərsə də əhalinin maddi vəziyyətinin pisləşməsi dövlət mülklərinin özəlləşdirilməsi imkanlarını aradan qaldırır. Xarici investorlar isə istər siyasi, istərsə də iqtisadi baxımdan qeyri-müəyyənliklərin hökm sürdüyü ölkədə dövlət mülklərinə investisiya yatırmaz. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, büdcə kəsrinin dövlət mülkləri hesabına özəlləşdirilməsi real və səmərəli vasitə deyildir.

Kəmiyyət asanlaşması. Ümumiyyətlə, kəmiyyət asanlaşması pul siyasətinin instrumentidir və iqtisadiyyat naziri tərəfindən bu instrumentdən büdcə kəsrinin maliyyələşdirilməsi üçün istifadə edilməsi təklifi təəcüblüdür. Kəmiyyət asanlaşması adətən iqtisadi aktivliyi artırmaq üçün həyata keçirilir və bu məqsədlə iqtisadi subyektlərin maliyyə əlçatanlığı faiz dərəcələrinin azaldılması ilə yüksəldilir. Əgər kəmiyyət asanlaşmasının həyata keçirilməsinin büdcə kəsrinin maliyyələşdirilməsinə dolayı təsiri olsa belə hazırkı vəziyyətdə buna getmək Ermənistan hökuməti üçün səmərəli ola bilməz. Ona görə ki, kəmiyyət asanlaşmasının həyata keçirilməsi inflyasiya risklərini artırır. Onsuz da Ermənistanda inflyasiya gözləntiləri yüksəkdir. Kəmiyyət asanlaşmasına gedilərsə bu qiymətlərin sürətlə artmasına şərait yarada bilər.

Təsadüfi deyildir ki, noyabrda Ermənistanın Mərkəzi Bankı son beş ildə ilk dəfə olaraq yenidən maliyyələşmə üçün təyin edilən faiz dərəcəsini 1% artıraraq 5.25% səviyyəsinə çatdırmışdır. Bu bir daha onu göstərir ki, Mərkəzi Bank kəmiyyət asanlaşmasına deyil, əksinə inflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrinin artırılmasına çalışır. Digər tərəfdən isə Ermənistan kəmiyyət asanlaşmasını həyata keçirmək üçün kifayət qədər maliyyə resurslarına malik deyildir.

İqtisadiyyat naziri tərəfindən büdcə kəsrinin maliyyələşdirilməsi ilə bağlı irəli sürülən təkliflərin təhlili onu göstərir ki, Ermənistan üçün hazırkı durumda büdcə kəsrini maliyyələşdirmək üçün ən real olan vasitə həmişə olduğu kimi borc cəlb etməkdir. Qeyd edilən digər vasitələr ilə büdcə kəsrini maliyyələşdirmək mümkün deyildir. Ona görə də deyə bilərik ki, iqtisadiyyat naziri bu formada çıxış edərək Ermənistanın büdcə kəsrini maliyyələşdirmək üçün xarici borcdan başqa variantların da olduğunu diqqətə çatdırmaq istəmişdir. Lakin, reallıqda Ermənistanın xarici borc cəlb etməkdən başqa yolu yoxdur. Ona görə də qarşıdan gələn illərdə Ermənistanın dövlət borcu riskli səviyyədə qalmaqda davam edərək ölkənin maliyyə təhlükəsizliyi üçün təhdidlər formalaşdıracaqdır.

Nəticə 

Ermənistan hökuməti tərəfindən 2021-ci il üçün büdcə layihəsi qəbul edilsə də apardığımız təhlillər layihədə yer alan proqnozların mövcud reallığı əks etdirmədiyini göstərir. İkinci Qarabağ Müharibəsinin və pandemiyanın Ermənistan iqtisadiyyatına vurduğu zərər gələn il üçün iqtisadi artım perspektivləri vəd etmir. Bununla yanaşı pandemiyanın yayılmasının hələ də davam etməsi və gələn il nə zaman bitəcəyinin məlum olmaması iqtisadi bərpa prosesini əsaslı şəkildə ləngidəcəkdir. Ona görə də bu amillər büdcə proqnozlarının etibarlılığını şübhə altına alır.

Proqnozların reallığı əks etdirməməsini hökumət nümayəndələrinin çıxışlarından da hiss etmək mümkündür. Xüsusilə də 2021-ci il üçün büdcə layihəsinin parlamentdəki müzakirələri zamanı maliyyə nazirinin inamsız çıxşı və gələn il üçün verilmiş iqtisadi artım proqnozunun həyata keçirilməsinin çətinliyi ilə bağlı səsləndirdiyi fikirlər hökumətin özündə də inamsızlığın olduğunu göstərir. Sadəcə olaraq hökumət nümayəndələri siyasi gərginliyi azaltmaq məqsədilə gələn il üçün müsbət proqnozlar verməyə çalışırlar. Bundan başqa Ermənistanda müxalifət tərəfindən də oxşar fikirlər səsləndirilir. Büdcə layihəsinin parlamentdəki müzakirələri zamanı “Parlaq Ermənistan” fraksiyası layihənin əleyhinə səs verməsinin əsas səbəbi kimi layihənin reallığı əks etdirmədiyini göstərmişdir.

2020-ci ildə olduğu kimi gələn il də maliyyə sahəsində Ermənistan üçün ən böyük problem büdcə kəsrinin yüksək olması olacaqdır. Ona görə də hökumət nümayəndələri indidən büdcə kəsrinin həcminin optimallaşdırılması üçün istifadə edilməsi planlaşdırılan vasitələr ilə bağlı fikirlərini bölüşürlər. Bu vasitələrə fiskal konsolidasiya, dövlət mülklərinin satışa çıxarılması, kəmiyyət asanlaşması və xarici borcun cəlb edilməsi aiddir. Apardığımız təhlillər göstərir ki, Ermənistanın gələn il fiskal konsolidasiya həyata keçirmək imkanları məhdud olacaqdır, dövlət mülklərinin satışa çıxarılması və kəmiyyət asanlaşması kimi vasitələr isə büdcə kəsrinin maliyyələşdirilməsi üçün uyğun deyildir və yetərsizdir. Ona görə də dövlət borcunun riskli səviyyədə olmasına baxmayaraq büdcə kəsrinin maliyyələşdirilməsi üçün Ermənistan xarici borc cəlb etmək məcburiyyətində qalacaqdır. Bu isə onu deməyə əsas verir ki, ən azı qısa müddətli perspektivdə Ermənistanın dövlət borcu riskli səviyyədə qalmaqda davam edəcəkdir və ölkənin iqtisadi müstəqilliyi üçün təhdid olaraq qalacaqdır. Ona görə də 2020-ci ildə olduğu kimi gələn il də Ermənistan hökumətinin büdcə layihəsini dəyişməsi ehtimalları böyükdür.

Orxan Bağırov, 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində aparıcı məsləhətçi