“Ermənistan-Yunanıstan əlaqələri Bakı-Ankara müttəfiqliyi qarşısında çox zəif bənddir” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

102

“Son günlər Ermənistan və Yunanıstan arasında hərbi əməkdaşlıq Bakının nəzərindən qaçmır və Afinaya verilən bu mesaj da xüsusi əhəmiyyət daşıyır”

“Azərbaycanın Türkiyəyə Aralıq dənizində Yunanıstanla konfliktində birmənalı dəstəyi iki ölkə arasında rəsmi hərbi müttəfiq müqaviləsinə aparan prosesdir”. Hurriyyet.org xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, dövlət başçısı İlham Əliyevin Yunanıstanın səfirinə qeyd etdikləri çox ciddi bir mesajdır: “Biz görürük ki, İlham Əliyev Ermənistana Rusiyanın silah göndərməsi fonunda Putinə açıq tərzdə narazılıq bildirməsi, Türkiyəyə qarşı Yunanıstanın məlum destruktiv siyasətinə qarşı məlum prinsipial mövqeyi Ankara-Bakı birgə siyasətinin bariz nümunəsidir. Yunanıstan son vaxtlar Ermənistanla hərbi əlaqələri inkişaf etdirir. Yunanıstan Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri Yerevana müntəzəm səfərlər edərək, ikitərəfli əməkdaşlığı müzakirə edirlər və Ankaraya qarşı yeni plan qurulur. Həmçinin, Yunanıstan məhz bununla Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinə qarşı Ermənistanda siyasi cəhətdən möhkəmlənmək kursu reallaşdırır”.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, Yunanıstanın Ermənistan siyasəti perspektivsiz və heç bir uğurlu inkişafa əsaslanmayacaq: “Son günlər Ermənistan və Yunanıstan arasında hərbi əməkdaşlıq Bakının nəzərindən qaçmır və Afinaya verilən bu mesaj da xüsusi əhəmiyyət daşıyır. Ermənistan-Yunanıstan əlaqələri Bakı-Ankara müttəfiqliyi qarşısında çox zəif bənddir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org