Ermənistan Səhiyyə Nazirliyi: “İndiyədək 3330 əsgər meyitinin qalıqları üzərində tibbi ekspertiza aparılıb”

372

1 yanvar tarixinə qədər Dağlıq Qarabağda öldürülən 3330 nəfərin qalıqları ilə bağlı məhkəmə tibbi ekspertizası aparılıb. 
 
Məlumatı Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoghosyan Facebook səhifəsində paylaşıb.

Məlumata görə, döyüş əməliyyatlarının başladığı 27 sentyabr tarixindən bu yana 1441 meyitin genetik materialından nümunələrin götürülüb. 871 nümunə ekspertizaya göndərilib, 436 cəsədin kimliyi müəyyənləşdirilib. Onlardan 66-sı üzərində son 10 gündə ekspertiza aparılıb.

Qeyd edək ki, ermənilər indiyədək öz əsgərlərinin meyitlərini yalnız bəzi bölgələrdə aparıblar. Ötən gün “Dağlıq Qarabağ Respublikası”nın fövqəladə hallar üzrə dövlət xidmətinin nümayəndəsi Unan Tadevosyanın mediaya verdiyi açıqlamaya görə, onlar hələ də Azərbaycan tərəfindən Qubadlı və Hadrut istiqamətində axtarışların aparılması üçün icazə ala bilməyiblər: “Hadrutda axtarış işlərinin bərpa edilməsi üçün danışıqlar gedir. Hazırda axtarışlar Füzuli və Xocavənd istiqamətində gedir”.

Sözsüz ki, ağır döyüşlərin getdiyi Hadrutda və Qubadlıda meyit qalıqlarının toplanması nəticəsində ermənilərin canlı itkilərinin sayının artacağı istisna edilmir. \\Ovqat.com