Ermənistan Rusiyanın əsəbi ilə oynayır – “moderator” qəzəblidir

207

Tofiq Zülfüqarov: “Putin heç vaxt imkan verməz ki, onun nüfuzu, imzasının mötəbərliyi şübhə altına düşsün”

Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların dayanmasına gətirən məlum üçtərəfli bəyannamənin moderator rolu Rusiyaya və prezident Vladimir Putinə məxsusdur. Sənədin hər hansı bəndinin yerinə yetirilməməsi Rusiyanın nüfuzuna ciddi zərbə olar, o cümlədən Rusiya sülhməramlılarının taleyi sual altına düşər. Ermənistanda Rusiyadan ciddi narazıdırlar və Kəlbəcərlə bağlı ləngimə həm də Rusiyanın sözünün mötəbərliyinə kölgə salmaq məqsədi daşıya bilər. Sirr deyil ki, Azərbaycan Ermənistanın başına elə bir zərbə vurub ki, indi Rusiya üfürsə, bu ölkədən heç nə qalmayacaq.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, 10 noyabrda imzalanan məlum bəyannamədəki öhdəliklərin təminatçısı Rusiya prezidenti Vladimir Putindir. Eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da öhdəliklərin təminatçısıdır. Hər iki prezident sözünə, vədinə, imzasına hörmət qoyan və hörmət qoyulmasına da həssas yanaşan liderdir.

Əldə olunmuş razılıqlara-fərq eləmir bu razılıqlar yazılı və ya şifahi olub-çox böyük önəm verirlər. Ona görə də 10 noyabr bəyannaməsindəki öhdəliklər, razılaşmalar mütləq həyata keçirilməlidir: “Onlar gözləyirlər ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl edəcək. Azərbaycan onsuz da üzərinə götürdüyü öhdəliklərə həmişə əməl edir. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə qeyd edib ki, biz götürülən öhdəlikləri həmişə yerinə yetiririk, fərq eləmir bu öhdəliklər yazılı şəkildə, yaxud şifahi şəkildə olsun.

Öhdəlikləri adətən yerinə yetirməyən və razılaşmaları pozan Ermənistan olur. Ancaq bu dəfə üzərinə götürdüyü öhdəlikləri pozmaq və oyun oynamağa cəhd etmək Ermənistana baha başa gələr. Hesab edirəm ki, Qarabağdakı, işğal altında olan ərazilərdə Ermənistanın müəyyən hərbi qruplarının Rusiya sülhməramlılarının ərazini tərk etməklə bağlı çağırışlarına məhəl qoymamağa cəhd etməsi və hətta aqressiya ilə cavab verməsi variantı istisna deyil. Ermənilər buna gedə bilər. Ermənistanda ümumi vəziyyəti götürsək, onlar hesab eləmirlər ki, Rusiya gəlib onları məhv olmaqdan xilas edib. Ermənistanda səslənən bəyanatlar heç də Rusiyaya minnətdarlıq üslubunda verilmir. Hətta narazılıq da edirlər ki, Rusiya erməniləri satıb və sair. Yəni Ermənistanda Rusiyaya qarşı əhval-ruhiyyə mövcuddur. Bu əhval-ruhiyyə Qarabağdakı erməni silahlılarının da davranışına təsir edə bilər”.

Tofiq Zülfüqarov — Vikipediya

Tofiq Zülfüqarov

Sabiq nazir hesab edir ki, əgər bu istiqamətdə hadisələr cərəyan eləsə, ermənilərin vəziyyəti çox ağır olacaq. Yəni bu dəfə onları döyən, onların başına vuran ən azı üç tərəf olacaq: “İndiyə qədər təkcə Azərbaycan bunları döyürdü, indi vasitəçilik eləyən və öhdəliklərə əməl edilməsini gözləyən iri dövlətlər də ermənilərin başına qapaz endirəcəklər. Çünki Ermənistan öhdəliklərə əməl etməzsə, bu iri dövlətlər və onların başçıları özlərini aldadılmış hiss edəcəklər. Cılız Ermənistan tərəfindən aldadılmasını Vladimir Putin heç də yaxşı qarşılamaz. Buna mənim heç bir şübhəm yoxdur. Ermənilərin öhdəliyə əməl etməməsi prezident Putinin nüfuzu ilə oynaması anlamına gələr. Vladimir Putin heç vaxt imkan verməz ki, onun nüfuzu, imzasının mötəbərliyi dünyada, öz ölkəsində, Azərbaycanda, Türkiyədə şübhə altına düşsün, zərbəyə məruz qalsın. Ona görə də əgər Ermənistan bəyannamədən irəli gələn tələbləri yerinə yetirmək istəməsə, öhdəliklərə əməl etməsə, ilk növbədə Putinin onlara cavabı çox sərt olacaq. Eyni zamanda Türkiyənin və Azərbaycanın da cavabı sərt olacaq”.

T.Zülfüqarov onu da qeyd etdi ki, Ermənistanda hələ də siyasətçilər reallığı dərk edə bilmirlər, dərk etmək istəmirlər: “Nə qədər qəribə olsa da, hazırda reallığı Ermənistanda dərk etməyə başlayan yeganə siyasətçi elə Nikol Paşinyandır. Onun axırıncı bəyanatları, parlamentdə iki gün öncəki çıxışında dedikləri onu göstərir ki, real mənzərəni görən və etiraf edən elə odur. Paşinyan uduzduqlarını və başda Şuşa olmaqla, digər ərazilərdən çıxmağa məhkum olduqlarını etiraf edib. Digər erməni siyasətçilər isə ümumiyyətlə, tamamilə reallıqdan uzaq fikirlər söyləyirlər, reallıqla ziddiyyət təşkil edən mövqedə dayanıblar. İndiki mərhələdə Paşinyan digərlərinə baxanda daha reallığa yaxın mövqedə görünür. Digərləri hələ də ”göylərdə uçur”. Belə görünür ki, onları yerə endirmək və reallığı dərk etdirmək üçün əlavə addımlara ehtiyac olacaq. Bir sözlə, bu gedişlə ermənilərin alacağı zərbə və ödəyəcəkləri cərimə daha böyük olacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”