Ermənistan prezidenti hökuməti və parlamenti növbədənkənar seçkilərə hazırlaşmağa çağırdı

225

Ermənistan Prezidenti Armen Sarkisyan hökuməti və parlamenti növbədənkənar parlament seçkilərinə hazırlaşmağa çağırıb.

Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

Onun sözlərinə görə, Ermənistan həm döyüş meydanında, həm də diplomatik arenada məğlub olub.

“Yaralı iqtisadiyyatımız böyük sosial problemlərlə yüklənib. Biz reallığı inkar edib adi həyatımızı yaşamağa davam edə bilmərik”, – deyə A.Sarkisyan bildirib.

O bildirib ki, son günlər parlament və qeyri-parlament qüvvələri, ictimai qruplar, diaspora nümayəndələri ilə görüşüb. Bütün bu görüşlərdə ümumi bir fikir səsləndirilib: hökumətin istefasının və ya Nazirlər Kabinetinin səlahiyyətlərinə son qoyulmasının və növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruri olması.

Ermənistan prezidenti bildirib ki, görüş və məsləhətləşmələrin nəticəsində vəziyyətdən yeganə çıxış yolu növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

A.Sarkisyan hökuməti və hakim qüvvələri öz potensialını obyektiv qiymətləndirməyə, qısa müddətdə konstitusiya proseslərinin aparılması üçün yol xəritəsini təqdim etməyə çağırıb.