“ERMƏNİSTAN PARLAMENTİ QARABAĞIN “MÜSTƏQİLLİYİNİ” TANIYARSA…” – Sərdar Cəlaloğlu: “Bu halda Azərbaycan, İrəvan da daxil olmaqla, bütün tarixi torpaqlarımıza iddiasını ortaya qoymalıdır”

153

Sosial şəbəkələrdə və bəzi saytlarda Ermənistan Parlamentinin qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyini” tanıyacağı haqda şayiələr yayılıb.

Hurriyyet.org-un məlumatına görə, rəsmi İrəvanın bu addımı ilə döyüş meydanında uduzduğu Azərbaycandan “qisas” almağa çalışdığı iddia olunur.

Maraqlıdır, indiki ərəfədə Ermənistan Parlamentinin belə bir addım atması, yəni separatçı “Dağlıq Qarabağ Respublikası”nı tanıyan qərar qəbul etməsi mümkündürmü və bu halda Azərbaycan hansı adekvat addımlar atmalıdır?

Hurriyyet.org-un suallarını cavablandıran ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, hazırda belə bir məlumatın yayılması daha çox məqsədyönlü şəkildə ortaya atılmış dezinformasiyaya bənzəyir. Onun fikrincə, bu gün Ermənistan Parlamentinin Dağlıq Qarabağı “müstəqil dövlət” kimi tanıması beynəlxalq səviyyədə qalmaqala səbəb olmaqla yanaşı, rəsmi İrəvanın özünün əleyhinə işləyər.

ADP sədrinin fikrincə, əgər ermənilər heç bir beynəlxalq normaları nəzərə almaqdan, belə bir qərar qəbul edərlərsə, Azərbaycan bu addımı cavabsız qoymamalıdır. “Ermənistan Parlamenti Dağlıq Qarabağın “müstəqilliyini” tanıyarsa, o zaman Azərbaycan Milli Məclisi İrəvan da daxil olmaqla, Qərbi Azərbaycanda olan bütün tarixi torpaqlarımıza iddia edən qərar qəbul etməlidir”.

Hurriyyet.org