“ERMƏNİSTAN ORDUSUNDA QƏRİBƏ PROSESLƏR BAŞ VERİR” – “Laçın koridoru qismən Azərbaycan hərbçilərinin nəzarətindədir”

765

Qarabağ müharibəsində demək olar ki, tam sıradan çıxarılmış və böyük hissəsi məhv edilmiş Ermənistan ordusu ən ağır günlərini yaşamaqda davam edir. Belə ki, vaxtilə yenilməzliyindən dəm vuran ordu rəhbərliyi nəinki döyüş qabiliyyətinin bərpası, hətta çağırışçıların hərbi xidmətə cəlb edilməsində belə ciddi problemlər yaşayır və Qarabağa hərbi xidmətə göndərməyə adam tapmır.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında ordunun düşdüyü acınacaqlı durumla bağlı məlumatlarla yanaşı ayrı-ayrı siyasətçilərin, politoloqların və hərbçilərin bu məsələyə dair narahatlıqlarına da yer verilir. Və belə məlum olur ki, erməni millətçilərini və revanşist qüvvələri ən çox narahat edən məqam artıq Ermənistanda heç kimin Qarabağa hərbi xidmətə getmək istəməməsidir.

Təbii ki, Ermənistanda Paşinyan hakimiyyətinə qarşı etimadsızlığın və etirazların artmasında maraqlı olan Rusiya da bundan öz məqsədləri üçün istifadə etməyə çalışır. Moskvanın maraqlarına xidmət edən erməni KİV-ləri Ermənistandan Qarabağa hərbiçi göndərilməməsini erməni xalqının faciəsi və Paşinyan hakimiyyətinin xəyanəti kimi qələmə verməyə çaslışırlar.  Məqsəd isə erməniləri hakimiyyət əleyhinə “qışqırtmaq”  və Qarabağda sülhün bərqərar olmasına imkan verməməkdir.

Ötən gün “Sputnik Armenia” saytında erməni ordusundakı vəziyyətlə bağlı dərc olunan məqalədəndə bunu görmək mümkündür. Məqalədə deyilir: “Ermənistan ordusunda olduqca qəribə proseslər baş verir. Son həftələr Qarabağdan məzuniyyətə gələn hərbçilərin geri qayıda bilməməsilə bağlı çoxlu sayda faktlar qeydə alınıb. Heç bir rəsmi reaksiya olmadığı üçün cəmiyyətdə buna dair müxtəlif şərhlərə və şayiələrə rast gəlinir”.

Saytın iddiasına görə, hələ dekabrın sonunda şayiələr gəzirdi ki, Ermənistandan Qarabağa hərbçilər geri göndərilmir: “Çünki Azərbaycan tərəfi buna maneə yaradır. Məlumdur ki, Laçın koridoru qismən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.”

Daha sonra qeyd edilir ki, valideynlər övladlarının Qarabağa göndərilməsinə qarşı çıxaraq, aksiya keçirirlər və onların Ermənistanda qalıb, hərbi qulluq keçirmələrinə təminat tələb edirlər.

 

 

Yazıda deyilir ki, hələlik hərbi qulluqçuların Qarabağa göndərilib-göndərilməyəcəyi məlum deyil. Lakin bir şey dəqiqdir ki, Ermənistan ordusu çağırışçı, şəxsi heyətin komplektləşdirilməsi və ən əsası da Qarabağa hərbçi göndərilməsi məsələlərilə bağlı ciddi problemlər yaşayır. Bunun əsas səbəbi isə ermənilərin artıq uzun illərdir davam edən Qarabağa dair işğalçı siyasətdən bezməsi, bunun yaratdığı acı sonluğu görməsi və nəticədə övladlarının oraya göndərilməsini istəməməsidir.

Lakin yaranan bu reallıq Ermənistanın köhnə hakimiyyətinin tör-töküntülərini və Rusiyanın qulbeçələrini ciddi narahat edir. Məsələn, bu mövzuya dair açıqlama verən hərbi ekspert Tiqran Abramyan deyib ki, Qarbağda hərbi xidmətə qarşı etirazlar erməni ordusu üçün olduqca təhlükəli tendensiya yaradır: “Valideynlərin narahatlığını anlamaq olar. Bir çox hərbçilərin atəşkəsin imzalanmasından sonra əsir düşməsi erməni cəmiyyətində haqlı olaraq təşviş yaradıb. Lakin bununla belə, Qarbağda hərbi qulluq keçib-keçməməklə bağlı diskussiyalar hədsiz dərəcədə təhlükəlidir.”

Abramyan həyasızcasına qeyd edir ki, Qarabağdakı ermənilərə hərbi yardım edilməməsi və Ermənistandan oraya hərbi qulluqçuların göndərilməməsi “Artsaxın tam itirilməsilə” nəticələnəcək.

Abramyan həmçinin qeyd edib ki, rəsmi Bakı ilə İrəvan arasında Qarabağdakı erməni birləşmələrilə bağlı gizli razılığın olması ehtimalı olduqca böyükdür.

Qeyd edək ki, erməni hərbi birləşmələrinin Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinə paralel olaraq, ərazidən çıxarılması noyabrın 10-da imzalanmış üçtərəfli razılaşmada da yer alıb və burada gizlin nəsə yoxdur. Lakin göründüyü kimi, Ermənistandakı revanşist qüvvələr bu şərtin icrasına qarşı çıxır və bundan Paşinyana qarşı istifadə etməyə çalışırlar.

Hərbi ekspert əlavə edib ki, erməni ordusunun hazırkı aciz durumunu şərtləndirən əsas məqamlardan biri də Qarabağdakı məğlubiyyətlə yanaşı, ölkədəki qeyri-stabil siyasi durumdur. Və bütün bunların nəticəsi olaraq, peşəkar hərbçilərin çoxu öz istəklərilə ordudan tərxis olunurlar.

Xatırladaq ki, son günlər yanvarın 11-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin üçtərəfli görüşünün olacağına dair məlumatlar yayılıb.

Ermənistan mətbuatı və müxalif siyasətçilər iddia edirlər ki, həmin görüşdə müzakirə ediləcək məsələlərdən biri də erməni hərbi birləşmələrinin Qarabağdan tam çıxarılması olacaq. Lakin hələlik bu görüş barədə tərəflərin heç biri rəsmi məlumat yaymayıb.

Cəlal

“AzPolitika.info”