Ermənistan müxalifəti Paşinyanı devirə biləcək?

615

Şahin Cəfərli: “İrəvanda barışmaz, radikal mövqeli hökumətin iş başında olması Moskvanın maraqlarına daha uyğundur”

Fuad Çıraqov: Rusiyanın problemi təkcə Paşinyan deyil, çünki o, Ermənistanda son 15 ildə formalaşmış ictimai rəyin məcmusu və təmsilçisidir

“Paşinyan bu gün hətta Rusiyaya sədaqət andı içsə də, Moskva üçün ögey övladdır, ona heç vaxt güvənməyəcəklər. İkincisi, inqilabi yolla hakimiyyət dəyişikliyinin, Qərbə yönəlmək arzusu və cəhdinin hansı nəticələrə gətirib çıxarmasının Rusiya xalqı başda olmaqla, bütün postsovet xalqlarına bir daha əyan olması baxımından Paşinyan idarəçiliyinin tənəzzülü öz məntiqi sonluğuna çatmalıdır”

Dekabrın 5-də etiraz aksiyası keçirən Ermənistan müxalifəti düşmən ölkənin baş naziri Nikol Paşinyana istefaya getməsi üçün 3 gün vaxt verib. Bu barədə axar.az-da yer alan informasiyaya görə, Daşnaksütyun Partiyasının üzvü İşxan Saqatelyan Paşinyanın iqamətgahı qarşısında keçirilən mitinqdə ona dekabrın 8-i saat 12:00-a qədər vaxt verildiyini elan edib: “Biz çərşənbə axşamı – 8 dekabr, saat 12:00-yə qədər vaxt veririk ki, Nikol Paşinyan öz komandası ilə bu məsələni müzakirə etsin və istefaya getsin. Əks təqdirdə Ermənistanın bütün ərazisində vətəndaş itaətsizliyi aksiyalarına başlanacaq”.

Erməni politoloq Aleksandr İsgəndəryan isə qeyd edib ki, Nikol Paşinyana qarşı etirazlar geniş kütlələrdən çox, elitanı əhatə edir. İsgəndəryan bu müharibənin daxili, sosial problemlərdən çox, xarici siyasətlə əlaqəli olduğunu və baş verən etirazların elə də böyük olmadığını vurğulayıb: “Bu, o demək deyil ki, Paşinyan xalq arasında populyardır. Başa düşülən odur ki, geniş kütlələrdə etiraz var və o, getdikcə artır. Paşinyanı hakimiyyətdə saxlayan alət yorğunluq, apatiya, iki ildən sonra daha bir inqilab həyata keçirməmək istəyi ilə bağlıdır. İnsanlar Qarabağdan geri dönməyə, ordudan mülki həyata geri qayıtmağa başlayırlar, hər yerdə iqtisadi böhran var ki, bu da etirazların böyüməsini qaçılmaz edir. Bu, nə dərəcədə sürətli olacaq, onu demək çətindir”. Erməni politoloqun fikrincə, ölkəsində hələ də güclü müxalif qüvvə yoxdur. Eyni zamanda, o, bu qüvvənin hazırkı aksiyalar zamanı ortaya çıxacağını deyib.

Levon Ter-Petrosyan da Nikol Paşinyanı istefaya çağırdı

Bu arada, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan isə müxalifətin baş nazir postuna namizəd irəli sürdüyü Vazgen Manukyanın mitinqdə “Paşinyan nə qədər tez istefaya getsə, onun üçün bir o qədər yaxşıdır, əks halda qəzəblənmiş xalq onu parçalayacaq” sözlərini şərh edərkən bildirib ki, bu sözlər çox təhlükəlidir və ölkəni vətəndaş müharibəsinə sürükləyir: “Əgər bu, sadəcə söz olsaydı, ciddi narahatlıq yaratmazdı. Ancaq Manukyanın tərəfdarları olan və baş nazirin iqamətgahını mühasirəyə alan çoxminlik kütlə açıq şəkildə zorakılığa hazırlıqdan başqa bir şey deyil”. Nikol Paşinyanın mövqeyini də təhlükəli sayan Petrosyan əlavə edib ki, Ermənistanın baş nazirinin son çıxışı və istefaya getməməklə bağlı ritorikası konfrantasiyaya hazırlığa işarədir: “Hər ikisinin parlamentə basqın təcrübəsi var – Manukyan 1996-cı ildə, Paşinyan 2018-ci ildə bunu edib. Əgər 2018-ci ildə Respublikaçılar Partiyası Paşinyana güzəştə getdisə, Paşinyanın indiki davranışları göstərir ki, o, ən xırda güzəştə də hazır deyil”. O da hesab edir ki, Paşinyan daxili toqquşmalarla deyil, konstutision mexanizmlərlə getməlidir. Bununla yanaşı, Levon Ter-Petrosyan xalqa çağırış edib, insanları hakimiyyətin və müxalifətin provokasiyalarında iştirakçı olmamağa çağırıb.

“Manukyanın və o zehniyyətdə olan qüvvələrin hakimiyyətə qayıdışı Ermənistanın gələcəyinin bir daha qaranlığa qərq olması deməkdir, bölgədə isə düşmənçiliyin davam etməsi anlamına gələcək”

Beləliklə, “Hürriyyət”in məlumatına görə, mövzu ilə bağlı mövqeyini bölüşən siyasi şərhçi Şahin Cəfərlinin fikrincə, Vazgen Manukyanın bir siyasətçini linç olunmaqla təhdid etməsi onun hansı səviyyəyə malik olmasından xəbər verir: “Bildiyiniz kimi, Ermənistan müxalifəti Paşinyana ultimatum verib. Ona 8 dekabr, saat 12-yə qədər istefa vermək təklif olunub. Müxalifətin keçid dövrü üçün baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan deyib ki, əks halda, qəzəblənmiş kütlə Paşinyanı parça-parça edəcək. Keçmiş baş nazir və müdafiə naziri, 74 yaşlı Manukyan erməni separatizmi və işğalçılığının başında durmuş, yəni həm öz xalqının, həm də bizim başımıza bu bəlaları açmış adamlardan biridir. Ahıl yaşına rəğmən, bir siyasətçini linç olunmaqla təhdid etməsi onun hansı səviyyəyə malik olmasından xəbər verir. Manukyanın və o zehniyyətdə olan qüvvələrin hakimiyyətə qayıdışı ilk növbədə Ermənistanın və erməni xalqının gələcəyinin bir daha qaranlığa qərq olması deməkdir, bölgədə isə düşmənçiliyin davam etməsi anlamına gələcək. Hazırda yaranmış vəziyyət erməni xalqı üçün bir yolayrıcıdır, onlar mövcud durumu soyuqqanlı şəkildə təhlil və həzm etməyə özlərində güc tapmalıdır. İstənilən başı işləyən erməni xəritəyə bir daha nəzər salsa, ölkəsinin inkişafının, hətta etibarlı, uzunmüddətli təhlükəsizliyinin yalnız Azərbaycan və Türkiyə ilə dostluq, əməkdaşlıq şəraitində mümkün ola biləcəyini, tarixə nəzər salsa isə düşmənçilik və savaşlardan da özlərinin daha çox zərər çəkdiyini anlayar. Yenə eyni əməllərə davam edib, fərqli nəticələrə ümid etmək axmaqlıq və boş xəyalpərəstlikdən başqa bir şey deyil”.

“Paşinyan üçün ən yaxşı çıxış yolu 2-3 ay sonraya erkən seçki təyin edərək seçki prosesini öz rəhbərliyi altında gerçəkləşdirməkdir”

Paşinyanın aqibətinə gəldikdə isə siyasi şərhçi hesab edir ki, Rusiya prezidenti Vladimir Putin son çıxışlarında onu tərifləsə də Moskvanın Ermənistanda siyasi dəyişiklikdə maraqlı olmadığını söyləməyə əsas yoxdur: “Çünki əvvəla, Paşinyan bu gün hətta Rusiyaya sədaqət andı içsə də, Moskva üçün ögey övladdır, ona heç vaxt güvənməyəcəklər. İkincisi, inqilabi yolla hakimiyyət dəyişikliyinin, Qərbə yönəlmək arzusu və cəhdinin hansı nəticələrə gətirib çıxarmasının Rusiya xalqı başda olmaqla, bütün postsovet xalqlarına bir daha əyan olması baxımından Paşinyan idarəçiliyinin tənəzzülü öz məntiqi sonluğuna çatmalıdır. Üçüncüsü isə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsində İrəvanda barışmaz və radikal mövqeli hökumətin iş başında olması Moskvanın maraqlarına daha uyğundur, nəinki Azərbaycan və Türkiyə ilə əməkdaşlığa meylli, güvənilməz qərbyönümlü siyasətçilərin. Moskva bu problemin qəti çözümünü istəmir və bölgədə kommunikasiyaların da yalnız onun nəzarəti altında açılıb, fəaliyyət göstərməsində maraqlıdır. Ermənistan danışıqlarda yenə Dağlıq Qarabağın müstəqilliyində israr edəcək, Azərbaycan təbii ki, bunu rədd edəcək, beləliklə, proses yenə uzanacaq. Daimi və dayanıqlı sülhün olmaması isə Rusiya sülhməramlılarının Dağlıq Qarabağda qeyri-müəyyən müddətə qalmasını şərtləndirəcək, hətta Qərb də buna dəstək verməyə məcbuq olacaq”.

“Paşinyan vəziyyətdən necə çıxa bilər” sualını cavablandıran Şahin Cəfərlinin sözlərinə görə, bu şəkildə – heç nə olmamış kimi davam etmək çox çətindir: “Daxili siyasətdə hansısa yeni, qeyri-standart gedişlərə ehtiyac var. Müharibənin nəticələrinin Paşinyanın reytinqinə necə təsir göstərdiyini dəqiq bilmirik, şübhəsiz ki, onun nüfuzu aşağı düşüb. Amma müxalifətdə də yüksək reytinqə və populyarlığa malik siyasi lider, partiya yoxdur. Bu gün Paşinyan üçün ən yaxşı çıxış yolu 2-3 ay sonraya erkən seçki təyin edərək seçki prosesini öz rəhbərliyi altında gerçəkləşdirməkdir. Əgər yeni seçkidə erməni xalqı revanşist radikallara səs verərsə, yaxın və uzaq tarixdən düzgün nəticə çıxarmadığını göstərmiş olacaq. 1998-ci ildə Azərbaycanla anlaşmağın və güzəştlərin vacibliyindən danışan Ter-Petrosyan “müharibə partiyası” tərəfindən istefaya məcbur edildi, xalq da ona sahib çıxmadı. Nəticə ortadadır”.

“Noyabrın 10-dan sonra erməni cəmiyyəti daxilində qızğın polemikanı görürük və bu, erməni cəmiyyətinin hazırda 2 seçim arasında qaldığını göstərir”

“Hürriyyət” xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Fuad Çıraqov isə noyabrın 10-dan sonra erməni cəmiyyətinin şok, çaşqınlıq və qəzəb hisslərini yaşamaqda olduğunu qeyd edib. Onun sözlərinə görə, bu, təbiidir və bir çox səbəbləri var: “Mən 2019-cu ildə “Gallup” sorğularında ermənilərin dünyanın ən hirsli və ya qəzəbli xalqı kimi çıxmasını demirəm. Əvvəlla, 30 illik qalibiyyət hissi və özünə əminliklə yaşayandan sonra bir gün məğlubiyyətlə yuxudan oyanmaq, hələ-hələ azı 1960-cı illərdən başlayan fəaliyyətə görə sərf edilən enerjini, zamanı, mübarizəni, insanların həyatlarını, maddi resursları və başqa nələrinsə sərf edildiyinin boşuna getdiyini qəbul etmək asan deyil. Ermənilər bu illərdə özlərinə belə bir fikri təlqin edib inandırıblar ki, əgər Qarabağı uduzsalar, bu, bütövlükdə erməni dövlətçilyinin sonu olacaq. Beləliklə, noyabrın 10-dan sonra xüsusilə son bir neçə gündə erməni cəmiyyəti daxilində qızğın polemikanı görürük. Bu polemika erməni cəmiyyətinin hazırda 2 seçim və ya dilemma arasında qaldığını göstərir. Çox ağır və ağrılı seçimdi. Bizə qarşı təkcə böyük və pataloji nifrət deyil bu seçimə mane olan. Bu nifrət bizdən olan çox böyük qorxudan və özlərinə təlqin etdikləri travmadan doğur. Və bu fobiyaları və travmaları on illərdi məharətlə istismar edənlər var. Əgər erməni mətbuatını və sosial şəbəkələrini diqqətlə izləsək görərik ki, bu seçim ərəfəsində maksimum dərəcədə informasiya məkanında bu fobiyaları və travmaları istismar etmək üçün bəziləri böyük informasiya müharibəsinə başlayıblar. Bunu başlayanlar münaqişənin bitməsini istəməyənlərdi. Məsələn, son günlər onlar Azərbaycanlılar Zəngəzurun, Basarkeçərin kəndlərinə girdi, Naxçıvandan Azərbaycan sərhədləri genişlətdi, dövlət yoxdu, müdafiə yoxdu filan xəbərləri bu qorxuları daha da alovlandırırlar. Bu polemikada hansı tərəfin qalib gəlməsi regiondakı proseslərin istiqamətinə və bizlə münasibətlərə təsir edəcək. Birinci yol Libardianın və ya Ter-Petrosyanın hələ 1997-ci ildə təklif etdiyi yoldu. Libardian hələ avqustun əvvəllində danışmışdı və xəbərdar etmişdi. Son günlərdə yenə bir neçə dəfə danışdı. Onun təklif etdiyi yol kobud şəkildə desək Qarabağ mövzusunu bağlayıb irəliyə doğru hərəkət etməkdi”.

“Rusiyanın Ermənistanda tam sahib olmadığı yeganə məkan – ictimai rəy, insanların beyinləri və şüurlarıdır”

Politoloqun bildirdiyinə görə, ikinci yol Vazgen Manukyan və Robert Koçaryanın təklif etdiyi qarşıdurmanı davam etdirmək, revanşizm yoludur: “Bu iki şəxsin son günlərdə danışıqlarındakı xüsusilə Türkiyə mövzusuna diqqəti çəkmək lazımdır. Manukyan deyir ki, Türkiyə ilə hazırkı şəraitdə sərhədlərin açılması və iqtisadi əlaqələrin yaradılması xəyanət hesab edilməlidir. Koçaryansa deyir ki, onların özlərini qorumaları, sıradan çıxarılmış ordunu yenidən bərpa etmək üçün mütləq Rusiya ilə daha yaxından və daha dərindən əlaqələr qurulmalıdı. Koçaryanın sözlərindən yola çıxaraq belə bir sual vermək olar ki, Rusiya ilə bundan da daha yaxından və daha dərindən əlaqələr qurulmalıdı deyəndə nə nəzərdə tutulur? Vahid dövlət, ordumu? Bəyəm, Ermənistanın hansı strateji və iqtisadi resursları və müəssisələri Rusiyanın nəzarətində deyil? Dəmir yolundan tutmuş, elektrik enerjisinin istehsalı, satılmasına qədər hər şey. Rusiya Ermənistanda nəyə hakim deyil? Rusiyanın Ermənistanda tam sahib olmadığı yeganə məkan – ictimai rəy, insanların beyinləri və şüurlarıdır. Rusiya Ermənistanda hər şeyə sahib olsa da, ictimai rəyə sahib ola bilməyib, yumşaq güc Rusiyanın həmişə ən zəif tərəfi olub. Məsələ burasındadır ki, Rusiyanın problemi təkcə Paşinyan deyil. Paşinyan bütövlükdə Ermənistanda son 15 ildə formalaşmış ictimai rəyin məcmusu və təmsilçisidir. Paşinyan olmasa o fikirlər hansısa Ayrapetyanın simasında təmsil ediləcəkdi. Bu fikirlər özünü Serj Sarkisyanın vaxtında da göstərirdi. Qərblə flirtlərdə, 2013-cü ildə Avropa İttifaqı ilə Assosiativ müqaviləni imzalamaq cəhdi və son anda zorlanaraq Avrasiya İttifaqına qoşularaq bütün dünyanı şok etməklə göstərirdi. Avrasiya İttifaqına qoşulandan sonra da Avropa İttifaqı ilə nəsə bir müqavilə imzalamağa çalışması və s. ilə”. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdirinin fikrincə, erməni mətbuatını azından son 15 ildə müşahidə etsək, görərdik ki, aşağıdakı narrativlər formalaşmışdı və özlərini buna inandırmışdılar: “Birincisi, Ermənistan Rusiyasız Qarabağı əllərində saxlamaqla yaşaya bilər, ehtiyacları yoxdu, 1-ci müharibəni özləri udub, öz gücləri hesablarına da nəzarətdə saxlaya bilərlər. İkincisi, ona görə də Ermənistan işğal etdiyi Qarabağla birlikdə üzünü Rusiyadan çevirib Qərbə doğru gedə bilər. Qərb isə prinsipcə Ermənistanı Qarabağla birlikdə qəbul etməyə etiraz etmirdi. Burada isə əsas ziddiyyəti qəbul etmək istəmirdilər. 1. Qarabağın işğalını hansısa formada Azərbaycana qəbul etdirə bilməyəcəklərini anlamırdılar. 2. Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan hansısa xarici siyasət alternativinin olmadığını qəbul etmək istəmirdilər. Libardian da bunu deyirdi həmişə. Əslində, regionda alternativ xarici siyasət yürütmək olar, mümkündür, ancaq bunun birinci və yeganə şərti Azərbaycanla və Türkiyə ilə yaxşı münasibətlərdən keçir. Necə ki, Gürcüstan edir. Təkcə bir faktı deyək ki, Gürcüstan böyük Şərqi Avropa regionunda yeganə ölkədir ki, (Azərbaycanın hesabına) Rusiyadan hansısa formada enerji asılılığı yoxdu və bu ölkəyə qarşı Rusiya enerji rıçaqından istifadə edə bilmir. Açın o boyda Almaniyaya bu istiqamətdə Rusiyanın təzyiq və təsir imkanlarının miqyasına baxın. Paşinyan hökuməti hazırda bu polemikalar zamanı hansısa addımlar atmağa cəsarət etmir. Bir tərəfdən iqtisadiyyat nazirinin dilindən gələcək perspektivlərdən danışır, digər tərəfdən xarici işlər nazirinin dilindən köhnə sərt ritorikanı təkrar edir. Vazgen Manukyan-Robert Koçaryan qrupu isə təzyiqləri getdikcə daha da artırır. Bu məqamda ən böyük missiya və vəzifəni əsl pozitiv missiyanı Qərb görə bilərdi. Amma görə biləcəkmi? Libardianın dediyi kimi mövzunu bağlayıb, yeni reallığı qəbul edib, işğal faktının keçmiş olduğunu başa salıb, iki xalqı birlikdə normal yaşayışa dəvət etmək, yardım etmək. Bu missiyanı Qərb yerinə yetirə bilməsə artıq o heç nəyə yaramır”.

Vazeh BƏHRAMOĞLU