Ermənistan Minsk qrupunun dəstəyini itirir – Azərbaycanın prioritetləri dəyişib

366

ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfərləri çərçivəsində Ermənistanın baş nazir Nikol Paşinyanla görüşüblər.

“AzPolitika.info” xəbər verir ki, Paşinyan görüşdə Ermənistanın ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların bərpasını vacib hesab etdiyini bildirib.

Baş nazir aparatının yaydığı məlumata görə, Paşinyan qarabağlıların öz müqəddəratını təyinetmə hüququnu nəzərə alaraq Dağlıq Qarabağın statusunun dəqiqləşdirilməsinin, Qarabağ ermənilərinin öz evlərinə təhlükəsiz qayıtması üçün şərait yaradılmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Dağlıq Qarabağın statusunun artıq gündəmdəolmadığını bəyan edib. 10 noyabrda Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli atəşkəs bəyanatına statusla bağlı müddəa salınmasa da, Ermənistan rəsmiləri bu məsələni səsləndirməkdə davam edirlər.

Dekabrın 12-də Prezident İlham Əliyev Bakıda həmsədrlər ilə görüşündə onları səfərə dəvət etmədiyini deyib. Prezident Minsk qrupunun münaqişənin həllində heç bir rol oynamadığını vurğulayıb: “Beləliklə, Azərbaycan bu məsələni özü həll edib. Biz Ermənistanı döyüş meydanında məğlub edərək işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik”.

Dünən həmsdərlər regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar. Bəyanatda bildirilir ki, tərəfləri vəziyyəti öz öhdəliklərinə uyğun olaraq sabitləşdirmək üçün əlavə tədbirlər görməyə çağırıblar. Onlar Ermənistanı və Azərbaycanı əsirlərin mübadiləsini ən qısa müddətdə başa çatdırmağa və BQXK ilə koordinasiyalı şəkildəəsgər meyitlərinin qalıqlarının müəyyənləşdirilməsini və geri qaytarılmasını sürətləndirməyə səsləyiblər.

Həmsədrlər qalan bütün substantiv məsələlərin hərtərəfli və davamlı həllinə tərəfdar olduqlarını bildiriblər. Onlar daha müsbət bir mühit yaratmaq üçün qızışdırıcı ritorikanın azaldılmasının vacibliyini vurğulayıblar.

“Həmsədrlər və tərəflər münaqişənin təsirinə məruz qalmış əhaliyə humanitar yardımın təşviqi, mədəni və dini irsin qorunmasına beynəlxalq təşkilatların cəlbinin vacibliyini vurğulayıblar”, – bəyanatda deyilir.

Beləliklə, 44 günlük Vətən müharibəsinin regionda geosiyasi vəziyyəti kökündən dəyişdikdən sonra bölgəyə səfər edən Minsk qrupu həmsədrlərinin prosesin bundan sonrakı inkişafı ilə bağlı mövqelərini ifadə ediblər. Habelə, Azərbaycan və Ermənistan da vasitəçilərin davam etdirmək istədiyi prosesdə iştirak edib-etməyəcəklərinə aydınlıq gətiriblər.

Bakı həmsədrlərin 28 illik səmərəsiz, işğalçı siyasəti dəstəkləyən fəaliyyətini əsas tutaraq əvvəlki formatın davam etməsində maraqlı olmadığını bəyan edib. Tamamilə haqlı və real situasiyaya adekvat mövqedir.

Ermənistan isə israrlı şəkildə Minsk qrupu vasitəçiliyinin davam etməsini istəyir. İrəvanın da mövqeyi düçmənin maraqları baxımından aydındır: 28 ildir faktiki işğalçılıq siyasətini dəstəkləyən, beynəlxalq müstəvidə Azərbaycanı və Ermənistanı bərabər tərəflər kimi, 

Dağlıq Qarabağdakı separatçı cinayətkarları isə müstəqil subyekt kimi tanıtmağa çalışan həmsədrlərdən imtina etmək olmaz. Onların dəstəyi ilə növbəti mərhələdə Azərbaycanı sıxışdırıb bölgədəki erməni separatçılarına status qazandırmaq lazımdır. Yeri gəlmişkən, vasitəçilərin Bakıda və İrəvanda səsləndirdikləri bəyanatlarda bu niyyət gizlədilməyib.

Minsk qrupu həmsədrlərinin regiona səfərin yekununa dair bəyanatında Dağlıq Qarabağdakı faktiki vəziyyət əks olunmayıb. Azərbaycan Ordusunun məsələni böyük ölçüdə həll etməsi, staus məsələsinin gündəlikdən çıxması, Rusiya sülhməramlılarının fəaliyyəti barədə bir cümlə də yoxdur. Sanki vasitəçilər son 3 ayda baş verən prosesləri görməzdən gəlib əvvəlki mövqelərini təkrar edirlər. Bu, tamamilə qəbuledilməz, real situasiyaya uyğun olmayan yanaşmadır. Azərbaycan rəhbərliyi haqlı olaraq onlarla əməkdaşlığı rədd edir.

Azərbaycan üçün bundan sonra əsas prioritet Dağlıq Qarabağın işğalda qalan ərazilərində suverenliyinin bərpası, strateji müttəfiqi Türkiyənin prosesdə yaxından işitrakını təmin etməkdir. Ehtiyac yaranarsa, 44 günlük müharibə Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş Britaniya, İtaliya və Almaniya, İsrail kimi ölkələrlə məsləhətləşmələr aparılmalıdır.

E. Rüstəmli

“AzPolitika.info”