“Ermənistan dəmir yumruq hesabına sülh sazişinə imza atdı” – KÖNÜL NURULLAYEVA

465

Könül Nurullayeva: “Türkiyə hərbçilərinin prosesdə iştirakı Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısını alacaq”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupun rəhbəri, deputat Könül Nurullayeva Hurriyyet.org-a açıqlamasında, düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolunun qalmadığını deyib:

“Azərbaycan Ordusunun zəfər yürüşü Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə başladı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, ümumilikdə, hərbi kampaniya dövründə 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Hərbi ekspertlərin, elə ermənilərin özlərinin də də dediyi kimi,  “kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”. Şuşanın azad olunması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü. Nəhayət ki, tarixi ədalət bərpa olundu. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Ermənistan dəmir yumruq hesabına sülh sazişinə imza atdı. Azərbaycan cumhur başkanı İlham Əliyevin də söylədiyi kimi, Paşinyan bu sənədi hansısa bağlı bir yerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzaladı, özü də dəmir yumruğun hesabına. Məhz bu tarixi sənədə əsasən, Ermənistan hələ də işğal altında olan digər rayonlarımızı – Ağdam, Laçın, Kəlbəcər rayonlarını məhz dövlət başçımızın şərtlərinə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq qrafik əsasında qaytaracaq. Qısa bir müddətdə – 20 gün ərzində qalan ərazilərimiz də tarixi sahiblərinə qaytarılacaq. Azərbaycan uzun illərdən sonra öz ərazi bütövlüyünü bərpa etdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı.

Rusiya və Türkiyə sülhməramlılarının əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə paralel aparılır. Аrtıq qoşunların təmas xətti anlayışı yoxdur. Atəşkəs hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur.  Rusiya və Türkiyə silahlı qüvvələri sülhməramlı statusda məhdud kontingentlə əraziyə yerləşdirilir. Sülhməramlıların yerləşmə müddəti 3 il müəyyən olunur.

Prezident İlham Əliyev həmişə bəyan edirdi ki, münaqişənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə həm də atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında da fəal yer alacaq. Artıq Türkiyə müdafiə naziri Hulusi Akar da sosial şəbəkələrdə bəyan etdi ki, işğalçı Ermənistan Dağlıq Qarabağda təslim oldu. Azərbaycan Ordusu qarşısında ağır itkilər verən, son olaraq Şuşanı itirən Ermənistan Kəlbəcər, Ağdam, Laçından və nəticədə Dağlıq Qarabağdan tamamilə çəkiləcək!

Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaqdır”.

YƏHYA