“Ermənistan beynəlxalq hüquqa uyğun olaraq bizim sərhədlərimizi tanımalıdır”

1077

Natiq Cəfərli: “Yəqin ki, bu məsələ sülh məqaviləsinin tərkib hissəsi olacaq”

“Qarabağda yaşayacaq erməni əsilli Azərbaycan vətəndaşlarının hansısa formada idarəetmədə iştirakı ilə bağlı müəyyən məsələrlər Laçın qaytarılandan sonra masada olacaq”

Azərbaycan qoşunlarının Qarabağın işğaldan azad olunması hərbi əməliyyatının ilk mərhələsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Ermənistanın qida böhranı ilə üz-üzə qaldığını qeyd etdi. Qiymətlərin artması, qidanın bahalaşması fonunda ermənilərin narahatlığı və ərzaq yardımı üçün müraciətləri də artdı. Üstəlik, bu mənzərə yalnız işğal olunmuş torpaqlarda deyil, həm də Ermənistanın öz ərazisində də müşahidə olundu və bu fakt ölkədəki qida böhranının tezliklə dərinləşəcəyi barədə danışmağa əsas verdi.

Ermənistanın hazırkı iqtisadi vəziyyəti barədə təsəvvür yaratmaq istəsək deməliyik ki, Ümumdünya Qida və Kənd Təsərrüfatı Təşkilatına görə, Ermənistana qida idxalatı ümumi ixracatın 24% -ni təşkil edir. BMT-nin Dünya Qida Proqramına görə, Ermənistan taxıl və paxlalı bitkilərin 67% -ni, quş ətinin 78% -ni, orta hesabla 50% ət, 96% bitki yağı və 50% paxlalı bitkilərin idxalını həyata keçirir. Elə bu göstəricilər yetərlidir ki, beynəlxalq təşkilatlar Ermənistanda qida təhlükəsizliyinin aşağı səviyyəsini və fövqəladə hallarda əhalinin qida ilə təmin olunması ilə bağlı köklü problemlərin olduğunu qeyd etsinlər.

Və müharibənin başlaması ilə fövqəladə vəziyyət partlayışı baş verdi, amma bu gözlənilməz deyildi. Bu Ermənistanın axsaq, sınıq-salxaq iqtisadiyyatının məntiqi nəticəsi idi. Paşinyan düşünmədən Qarabağ probleminin 30 illik sülh danışıqların üstündən xətt çəkdi və açıq hərbi təxribatlar başladı. Və bu, əlbəttə ki, cavabsız qala bilmədi – kapitulyasiya müqaviləsi imzalaması üçün 44 gün bəs etdi.

Müharibə uduzan tərəf üçün dağıdıcı şeydir, üstəlik buna tamamilə hazır olmadığı vaxtda. Ölkənin onsuz da zəif iqtisadiyyatı müharibənin gətirdiyi xaos ilə məhv təhlükəsi ilə üz-üzədir. Aclıq təkcə Paşinyan hökumətinin istefasının təxirə salınması məsələsinə deyil, həm də Ermənistanın dövlət kimi mövcudluğuna son qoya bilər.

İş burasındadır ki, Qlobal Qidalanma Hesabatında verilən məlumatlara görə, Ermənistanda keçmişdə də qida çeşidliliyi səviyyəsi çox aşağı idi. Bu baxımdan əhalidə zərərli qida qəbul etmə vərdiş halına keçib. Anket nəticələri göstərir ki, 5 yaşınadək erməni uşaqlarının 9 faizində böyümə problemi, 14 faizində artıq çəki, 16 faizində anemiya var. Müharibədən sonrakı dağıntılar yalnız yaşayış şərtlərinin daha da pisləşməsinə kömək edəcək.

Digər statistik məlumatlar da gətirilə bilər. Beləliklə, ümumi əhalisi 3 milyona yaxın olan ölkə əhalisinin dörddə biri (23,3%) kasıbdır. Yəni müharibədən əvvəl hər dördüncü vətəndaş yoxsullar kateqoriyasına aid idi. İndi də onların sayı çox artacaq. Birmənalı şəkildə Ermənistanda əhalinin rifah halının vacib göstəricisi olan ərzaq təhlükəsizliyinin kifayət qədər aşağı səviyyədə olduğunu bildirmək olar. Müharibədən əvvəl də ölkə əhalisinin 15,3% -i ərzaq çatışmazlığı məsələsi var idi və 6% -i tamamilə aclıq çəkir.

Təəssüf ki, Ermənistanın özündə hiddətdən coşan siyasətçilər hələ bu problemlə məşğul deyillər, hakimiyyət uğrunda acımazsız mübarizə gedir. Keçmişdə olduğu kimi bütün ümidlər digər ölkələrin köməyinədir. Ancaq heç kim əhalisi ac olan bu çökən ölkə ilə maraqlanmır.

Düzdür, Qarabağda qalan erməni əhalisinin təhlükəsizliyinə zəmanət verən Rusiya bir müddət onları qida ilə təmin etməli olacaq. Bəs Ermənistanın özündə həyat necə olacaq? Tarixin göstərdiyi kimi, elə bu Rusiyadan başqa heç kim ölkəyə indiyə qədər təsirli yardım göstərməyib – fərqli humanitar fəaliyyət sayılmamaqla. Əks təqdirdə, ölkə əhalisi aclığa məhkum olacaq. Bəs bu vəziyyətdə olan Ermənistanın çıxış yolu nədir? Bu barədə iqtisadçı Natiq Cəfərlinin fikirlərini öyrəndik.

– Bildiyimiz kimi, Azərbaycan, Rusiya və Ermənistan tərəfindən 10 noyabrda imzalanmış 3 tərəfli sülh bəyannaməsinin 9-cu bəndində bölgədəki bütün  bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir- kimi məsələlər yer aldı. Sizcə, müharibə edən iki ölkənin arasında müharibədən sonra iqtisadi əlaqələrin bərpa edilməsində hansı proseduralar yerinə yetirilməlidir?

– İlk növbədə təbii ki, sərhədlərin dəqiqləşdirilməsi prosesi olmalıdır. Çünki bu günə qədər də Ermənistan tərəfi Azərbaycanın BMT-nin qəbul etdiyi sərhədlərini hələ tanımayıb. Yəni biz işğaldan azad olunmuş rayonlar da daxil olmaqla sərhədlərimizi dəqiqləşdirməliyik. Ermənistan tərəfi beynəlxalq hüquqa uyğun olaraq bizim sərhdlərimizi tanımalıdır. Bu məsələ yəqin ki, sülh məqaviləsinin tərkib hissəsi olacaq. Bundan sonra kommunikasiyaların açılması, Qarabağda yaşayacaq erməni əsilli Azərbaycan vətəndaşlarının hansısa formada idarəetmədə iştirakı ilə bağlı müəyyən məsələrlər Laçın qaytarılandan sonra masada olacaq. Bir müddət bu danışıqlar gedəcək. Bundan sonra kommunikasiya xəttlərinin açılması və regionda münasibətlərin bərpa olunması haqqında danışmaq və düşünmək mümkündür, lazımdır. Çünki nə biz regiondan harasa köçəcəyik, nə də ermənilər köçəsi deyil. Bəxtimizə tarixdən belə bir qonşuluq düşüb. Ona görə də bu qonşuluğun gələcəkdə təcavüz olmasın deyə, həm də öz sərhədlərimizi daha da möhkəm qoruyaq deyə kommunikasiyaların açılması ilə bağlı danışıqlar başlaya bilər. Bu kommunikasiyalar təkcə SSRİ vaxtı qurulmuş xəttlər deyil, həm də yeni yolların çəkilməsi ilə mümkündür. Çünki həmin bəyannamədə Naxçıvanla Azərbaycanın qərb hissəsini birləşdirəcək yolların açılması da var. Burada köhnə xəttlərin bərpası da mümkündür, yeni xəttlərin çəkilməsi də. Yəqin ki, hər iki variant müzakirə olunacaq. Bundan sonra Ermənistan Azərbaycanın sərhədlərini, ərazi bütövlüyünü tanıyandan sonra münasibətlərin qurulması başlayacaq. Yəqin ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması da bu məsələyə bağlı idi. Bu məsələ də həllini tapacaq. Ermənistan bundan sonra təcavüzkar siyasətindən əl çəksə Türkiyə, Azərbaycan, Ermənistan iqtisadi münasibətləri yarana bilər.  Azərbaycan tərəfi burada uduşlu çıxacaq, çünki ölkəmizin müqayisə olunmaz dərəcədə iqtisadi üstünlükləri var. Həm iqtisadi, həm siyasi. Kommunikasiyaların açılması bir müddət sonra regionda əlimizi gücləndirəcək.

– Dağlıq Qarabağın mərkəz hissəsindəki rus sülhməramlıları bölgəni tərk etmədən, bizim azərbaycanlı əhali öz evlərinə qayıtmadan, “Qarabağ məsələsi tam həll olundu” deyə bilərikmi? Ümumiyyətlə hadisələrin axarı necə olacaq?

– Bu, uzunmüddətli prosesdir. Buna görə Ermənistan bizim suverenliyimizi tanımalı, ölkəmizə qarşı bütün iddialarından əl çəkməli, azərbaycanlı əhali Dağlıq Qarabağa köçürülməli, Azərbaycan daxilində bizim və erməni icmasının arasında münasibətlər bərpa olunmalıdır ki, kommunikasiya xəttləri açılsın və iqtisadi münasibətlər bərpa olunsun. Azərbaycan tərəfi heç bir xüsusi statusun olmayacağını bəyan etdi.

– Amma rus mətbuatında status məsələsi dövriyyə edilir…

– Biz əlimiz güclü şəkildə masada olacağıq. Bu üçtərəfli bəyannamə sülh müqaviləsi deyil. Bəyanatdır və proses onun ətrafında başlandı. Amma genişmiqyaslı sülh müqaviləsi hələ yoxdur. Yəqin ki, onunla bağlı bu ilin sonu-gələn ilin əvvəllərində danışıqlar başlanacaq və bu danışıqlar uzun zaman sürəcək. Çünki Ermənistan tərəfi də, Rusiya tərəfi də status məsələsini gündəmə gətirirlər. Bizim burada əlimizi gücləndirəcək faktorlardan biri odur ki, döyüş meydanındakı qələbələrimiz diplomatik masada da bizi qüvvətli edir. Biz simmetrik addımlar haqda indidən düşünməliyik. İki yolumuz var: Ya elan edirik ki, özünü idarə etmə ilə bağlı imzaladıımız Avropa xartiyası əsasında sistemi ölkəmizdə tətbiq edəcəyik, yerli idarəetməni gücləndirəcəyik, mer seçkiləri keçirəcəyik. Həm Xankəndində, həm ermənilərin kompakt yaşadığı digər ərazilərdə onlar bələdiyyəyə də seçilə bilərlər. Yəni yerli idarəetmənin bu formasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ermənilər özünü idarə etmədə iştirak edə bilərlər. Azərbaycan vətəndaşı olacaqlar, seçicilər olacaqlar, vətəndaş olacaqlar, idarəetmədə iştirak edəcəklər. Yox, əgər həm Rusiyadan, həm Minsk qrupundan təzyiqlər olacaqsa, biz də bizdən nə tələb olunursa eyni status Zəngəzur və hazırkı Ermənistanın digər ərazilərindən 1988-ci illərdə köçürülən 250 mindən çox soydaşımız üçün tələb etməliyik. Yəni onlar da gəldikləri yerə qayıtmalıdırlar və kompakt şəkildə yaşamalıdırlar. Bizdən nə tələb edəcəklərsə eynisini tələb edəcəyik. Bu yolla status məsələsi gündəmdən tamamilə çıxa bilər. Çünki mən inanmıram ki, Ermənistan 250 mindən çox azərbaycanlı əhalinin qayıtması ilə bağlı öhdəlik götürsün. Əgər bu öhdəliyi götürməyəcəklərsə ermənilər Dağlıq Qarabağda özünü idarəetmədə sadəcə iştirak edəcəklər. Bunda heç bir problem yoxdur. Bələdiyyəyə seçilə bilərlər, mer seçilə bilərlər. Biz heç vaxt etnik təmizləmə aparmamışıq, belə fikrimiz də yoxdur. Sadəcə Azərbaycan bayrağını, vətəndaşlığını, qanunlarını qəbul edirlər və bu çərçivədə də fəaliyyət göstərirlər. Bu, həm də Azərbaycanın önünü açacaq. Bakıda da, Gəncədə də, Şəkidə də mer seçiləcək. Biz Avropa xartiyasına imza atmışıq ki, ona uyğun olaraq addımlar ataq. Bu Azərbaycanda idarə etmənin təkmilləşdirilməsində öz töhfələrini verəcək.

– Natiq bəy, əgər birinci yox, ikinci variant baş versə, rus faktoru burada necə rol oynayacaq. Bildirirsiniz ki, bizə nə şərtlər qoyulsa biz də eyni tələbləri irəli sürək. Rusiya faktoru buna imkan verəcəkmi?

– Bəyannaməyə görə, rus qoşunları 5 illik Dağlıq Qarabağdadır. 5 ilin bitməyinə 4 ay qalmış biz məsələ qaldırmalıyıq ki, Rusiya sülhməramlıları artıq bölgədən çəkilsinlər. Biz bu 5 ili o qədər yaxşı işləməliyik – quruculuq işlərini yüksək səviyyədə görməliyik, əhalinin rifahını yüksəltməliyik ki, artıq rus sülhməramlılarının qalmasına ehtiyac qalmasın. Ona görə də Azərbaycan vətəndaşı olan erməni icması ilə də normal münasibətlər qurmalıyıq. Necə ki, Azərbaycan bayrağı dalğalanan hər yerdə vətəndaşların hüquqlarının qorunması ilə bağlı biz öhdəlik götürmüşük. Çünki ölkənin hər yerində vətəndaşların hüquqları eyni səviyyədə qorunmalıdır. Yəni bu nöqteyi – nəzərdən Rusiyanın sülh məramlılarının Dağlıq Qarabağdan çıxarılması üçün biz ermənilərlə anlaşmalıyıq. Yanlız birgə addımlar bu problemin həllinə gətirə bilər. Ona görə də bu 5 ili ancaq toy-bayramla, qələbə ab-havası ilə qeyd etmək yox, ciddi struktur islahatları, iqtisadi-siyasi islahatlar aparmalıyıq. Azərbaycandan idxal yüksəlməlidir ki, erməni əsilli Azərbaycan bayrağı altında yaşamağın üstünlüklərini görsünlər. Bundan sonra rus sülhməramlılarına ehtiyac qalmayacaq.

– Bu prosesi 5 il ərzində uğurla yekunlaşdıra bilsək, 250 mindən çox Ermənistandan deportasiya olunmuş soydaşlarımızın yurdlarına qayıtması real görünürmü?

– Bu danışıqlar masasında özümüzün qoyduğumuz tələblərdənasılı olacaq. Bu tələblərə beynəlxaql dəstəyin qazanma imkanlarından asılı olacaq. Mənə elə gəlir ki, bu mümkündür. Ümumiyyətlə Cənubi Qafqaz daim müharibələr, münaqişələr şəklində yaşaya bilməz. Mən ümmilikdə görürəm ki, Cənubi Qafqaz Azərbaycanın demoqrafik və digər üstünlüklərini nəzərə alsaq, çiçəklənən regiona çevrilməlidir. Bu münaqişələr arxada qalmalıdır. Bundan sonra Azərbaycan vətəndaşlarının Ermənistana köçməsi, orada yaşaması, öz yurduna geri qayıtması da mümkündür. Biz dövlət və xalq olaraq bu gün hər şeyin həll olunmağını istəyirik. Biz emosionalıq, mən bunu anlayıram. Amma biz regionda böyük oynayırıqsa, artıq10 illik, 15 illik, 20 illik hətta 25 illik projelər qurmalıyıq, belə proqramlarımız olmalıdır. Gedəcəyimiz hədəfə doğru yolla irəliləmək üçün yol xəritəmiz olmalıdır. Azərbaycanda erməni əslii vətəndaşlar kompakt yaşayacaqlarsa, özlərinə bələdiyyə sədri, mer seçəcəklərsə eyni hüquqları azərbaycanlılar Ermənistana qayıdıb orada ala bilməlidir. Bu qarşılıqlı olmalıdır.

 

Ülviyyə ŞÜKÜROVA