Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa…

309

…Bu ölkə ilə mövcud reallıqlar çərçivəsində iqtisadi münasibətlər qurula bilərmi?

Tural Abbaslı: “Azərbaycanın ərazi bütövlüyü tanınmadığı müddət ərzində hansısa əlaqələrdən söz gedə bilməz”

Bəhruz Bayramov: “Bu, Azərbaycan dövlətinin ərazi bütövlüyünü tanıyandan sonra mümkün ola bilər”

Razi Abbasbəyli: “Ermənistan Azərbaycanın iqtisadi münasibət qura biləcəyi ən sonuncu ölkədir”

Ermənistanın yeni iqtisadiyyat naziri Azərbaycanla əməkdaşlıqdan danışıb. Belə ki, yeni təyin olunan iqtisadiyyat naziri Vaqan Kerobyan Ermənistan İctimai Televiziyasına müsahibəsində Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasının faydalılığı barədə bildirib. O, müsahibəsində Azərbaycana yönəlik müsbət mesajlar verib və 10 noyabr sazişini bir fürsət kimi dəyərləndirib: “Perspektivdə Türkiyə limanlarından və ehtimal ki, Azərbaycan bazarından istifadə etmək imkanları qazanacağıq. Əlbəttə ki, açıq sərhədlər iqtisadiyyat üçün çox faydalıdır. Çünki rəqabət nəticəsində daha yaxşı məhsullar istehsal olunur və nəticədə iqtisadiyyatımız dünya bazarına keyfiyyətli məhsullar çıxarmaq imkanı qazanır. Üstəlik, ölkəyə ucuz və keyfiyyətli məhsullar gətirilsə, o zaman yerli istehsalımız daha da yaxşılaşacaq”.

Nazir daha sonra deyib ki, erməni ixracatçıları məhsullarını Rusiyaya və digər ölkələrə indikindən daha əlverişli yollarla çatdıra biləcəklər, Türk limanları açılacaq, daha çox imkanlar ortaya çıxacaq:  “Türkiyə ilə sərhədlər bağlıdır, Rusiya bazarlarına da çıxışımız yoxdur. Ağır günlərdən keçirik. İmzalanan bəyanat bizim üçün fürsətdir. Bəlkə də Türkiyə dəniz limanlarını, Azərbaycan isə öz bazarlarını bizə açar. Əgər bu baş verərsə, bizim üçün əla fürsət olar”.

Bəs, indiki halda Ermənistanla Azərbaycan arasında iqtisadi əlaqələrin yaranması mümkündürmü?

Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, əgər Ermənistan Azərbaycanla iqtisadi əlaqələr qurmaq istəyirsə, ərazi bütövlüyü tanınmalıdır. O, müharibədən sonra, Ermənistanda ağırlaşmış olan iqtisadi vəziyyətdən çıxış yolu kimi, qonşu dövlətlərlə münasibətləri düzəltməyin vacib olduğunu deyib:

“Azərbaycanın ərazi bütövlüyü tanınmadığı müddət ərzində hansısa əlaqələrdən söz gedə bilməz. Çünki dünyanın hər hansısa bir dövləti sənin ərazini tanımırsa, eyni zamanda ölkənin sərhədlərinə və suverenliyinə hörmətlə yanaşılmırsa, həmin dövlətlə nə iqtisadi əlaqələr, nə də digər əlaqələr qurula bilməz. Yəni Ermənistan yenə də əvvəlki mövqeyində -Azərbaycana torpaq iddiasında qalarsa, eyni zamanda orda hansısa qondarma rejimin oluduğunu dəstəkləyəcəksə, heç bir iqtisadi, siyasi və mədəni əlaqlərdən söhbət gedə bilməz. Bu, dünyada qəbul edilmiş qanundur. Əgər Ermənistan Azərbaycanla iqtisadi əlaqələr qurmaq istəyirsə, ərazi bütövlüyü tanınmalıdır. Müharibədən sonra Ermənistanda ağırlaşmış olan iqtisadi vəziyyətdən çıxış yolu, qonşu dövlətlərlə münasibətləri düzəltməkdir. Yəni, Ermənistan bu gün Gürcüstana da torpaq iddiası irəli sürüb. Eyni zamanda, onlar Türkiyənin Ağrı dağı ərazisinə də torpaq iddiası irəli sürmüşdülər. Bizim qəlbəmizdən sonra İranla da sərhədləri nisbətən məhdudlaşıb. Əslində, Ermənistan siyasətçiləri məsələyə nə qədər real baxsalar, o qədər yaxşıdır. Yoxsa “böyük Ermənistan” xülyalarıyla yaşasalar, yaxın 5-10 il ərzində Ermənistan dövlətinin özünün siyasi varlığı şübhə altına düşəcək. Çünki pulsuz-parasız dövlətin regionda qalması mümkün olmayacaq”.

Maraqlıdır ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadan hansısa iqtisadi münasibətlər qurula bilərmi?

Hüquqşünas Bəhruz Bayramov “Hürriyyət”ə açıqlamasında, Ermənistanın əvvəlcə Qarabağın Azərbaycan ərazisi olduğunu hüquqi cəhətdən tanımalı olduğunu bildirib. O, yalnız bundan sonra Ermənistanla Azərbaycan arasında hansısa iqtisadi danışmağın mümkün olduğunu deyib:

“İqtisadi münasibətlərin qurulması tərəflərin razılaşmasından aslıdır. Fikrimcə, Ermənistan əvvəlcə Qarabağın Azərbaycan ərazisi olduğunu hüquqi cəhətdən tanımalıdır. Azərbaycan dövlətinin ərazi bütövlüyünü tanıyandan sonra bu mümkün ola bilər. Belə olan halda, Ermənistanla hansısa iqtisadi münasibətlər haqda düşünmək olar. Yenə deyirəm ki, bu tərəflərin münasibətindən aslı olan məsələdir. Amma beynəlxalq qanunvericiliyə əsasən, münasibətlərin qurulmasından əvvəl, Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır. Digər tərəfdən isə, Ermənistanla siyasi baxımdan iqtisadi əlaqələr qursaq  və onlar iqtisadi inkişafa nail olsa, gələcəkdə onlar Qarabağ problemindən əl çəkə bilərlər. Düşünürəm ki, bu sahəni daha da qabartmalıdılar. Çünki Ermənistanda iqtisadi inkişaf və yaşayış olandan sonra, problemin həllində irəliləyiş ola bilər. Ermənistan əhalisinin çox hissəsi də Qarabağ problemini qəbul etmir. Son günlər Qarabağdan gedən ermənilərin qəbul edilməməsinin səbəblərindən biri də bu amildir”.

İqtisadçı Razi Abbasbəyli “Hürriyyət”ə açıqlamasında, Ermənistanın ticarət dövriyyəsi və iqtisadi münasibətlər baxımından Azərbaycanla münasibət qura biləcəyi ən sonuncu ölkə olduğunu bildirib. O, Ermənistanın Azərbaycana vurduğu ziyan ödənildikdən sonra, müəyyən mənada dövlətlərarası səviyyədə hər hansı bir formada iqtisadi əlaqələr həyata keçirilə biləcəyini deyib:

“Əslində, Azərbaycanla Ermənistan arasında iqtisadi münasibətlərin qurulması Azərbaycan üçün o qədər də cəlbedici deyil. Heç bir əhəmiyyət daşımayan iqtisadi münasibətlər ola bilər. Ermənistan faktiki olaraq nə dənizə, nə də dünyaya çıxışı olmayan bir ölkədir. Yəni Ermənistan özünü dünyadan təcrid etmiş bir ölkədir. Ticarət dövriyyəsi və iqtisadi münasibətlər baxımından isə Azərbaycanın iqtisadi münasibət qura biləcəyi ən sonuncu, yəni ölkəmizin iqtisadiyyatına heç bir töhvə verə bilməyəcək bir ölkədir. Ermənistan faktiki olaraq, nə sənaye məhsullarının, nə də kənd təsərrüfatı məhsullarının dünyaya çıxarılması baxımından cəlbedici ölkə sayılmır. Amma Azərbaycan Ermənistan üçün çox vacib və mühüm strateji bir ölkə sayılır. Həm enerji təminatıyla bağlı, həm dünyaya çıxışıyla bağlı, həm də Cənubi Qafqazda iri geosiyasi layihələrdən faydalanması üçün, tranzit yollarından yararlana bilməsi üçün Ermənistanın Azərbaycana ehtiyacı var. Beynəlxalq hüquq baxımından yanaşsaq, Ermənistanın Azərbaycanın işğal altında olmuş ərazilərinə son 27 ildə vurduğu ziyan, təzminat halında hesablanmalıdır. Bu təzminat Ermənistan tərəfindən geri ödənməlidir. Əgər təzminatı pul və investisiya halında ödəyə bilmirlərsə, dünya təcrübəsində olduğu kimi, torpaqların əvəzlənməsi şəklində də həyata keçirilə bilər. Ya uzun müddətliyə, yəni 100 il müddətində icarəyə verilmək şərtiylə, ya da birdəfəlik Azərbaycan Respublikasının ərazisi olmaq şərtiylə verilməlidir. Yəni beynəlxalq hüquqda bu praktika 20-ci əsrin əvvələrindən tətbiq olunub. Bununla da ölkələr arasında borcların qarşılıqlı şəkildə ödənilməsi həyata keçirilir. Bundan sonra Ermənistan beynəlxalq hüquq normalarına uyğun olaraq, Azərbaycana vurduğu ziyanı ödədikdən sonra, müəyyən mənada dövlətlərarası səviyyədə hər hansı bir formada iqtisadi əlaqələr həyata keçirilə bilər. Bu, Ermənistana qazın, enerjinin, içməli su təchizatının satılması şəklində həyata keçirilə bilər. Bilirsiniz ki, Azərbaycan Qarabağı azad etdikdən sonra, faktiki olaraq Ermənistanın bir sıra əraziləri su ehtiyatlarından yararlanmaq məcburiyyətində qalacaq. Bunun üçün Ermənistan ilk növbədə Azərbaycana müraciət etməlidir. Dünyada qəbul edilmiş normalara uyğun olaraq, tariflər hesablanacaq və Ermənistan Azərbaycana bunun ödənişini edəcək. Bu prinsiplə həyata keçirildikdən sonra, o zaman Azərbaycanla Ermənistan arasında hansısa iqtisadi-ticarət münasibətlərindən danışmaq olar. Bir daha qeyd etmək istəyirəm ki, Ermənistanın Azərbaycana vurduğu ziyan qəpiyinə kimi hesablanmalıdır. Ermənistan da öz növbəsində vurulan ziyanı kompensasiya şəklində ödəməlidir”.

 

YƏHYA