Ermənistan artıq forpost formatından çıxıb Rusiyanın altına qoyulmuş saatlı bomba mərhələsinə keçir

132

Sergey Lavrov susmağa davam edərsə, tezliklə daha çox terrorçu axın edəcək və beləliklə müharibə qaçılmaz olacaq

Ermənistanın baş naziri Nikol Paşinyan Livan ermənilərinin, PKK kadrlarının işğal altındakı Azərbaycan ərazilərinə köçürülməsi siyasətini başladıb. “Dinc” erməni ailələrinin köçürülməsi adı altında geniş dosyesi, bəlkə də qırmızı kartla axtarışda olan PKK-çı və “Asala” kadrları Yaxın Şərqdən Rusiyanın böyründəki, öz maraqlarını təmin etmək üçün yaratdığı “arxa baxçası”na köçürülür. “Asala”nın Livanda nələrə qadir olduğunu görürük.

İşğal olunmuş ərazilərin qeyri-qanuni məskunlaşdırılması ilk öncə beynəlxalq hüququn pozulmasıdır. Bu, Rusiyanın cənub sərhədlərində daha bir gərginlik ocağının yaradılması deməkdir. Ermənistana Livandan və PKK adı altında gizlənmiş kripto ermənilərin yerləşdirilmə siyasətinin Rusiyaya qarşı yönəlməsi məsələsinə gəldikdə isə bu kontingentin ermənilərin iddia etdikləri Krasnodar diyarına, hazırda Rusiyanın işğalı altındakı Abxaziyaya ötürülməyəcəyinə kim zəmanət verə bilər? Bu Rusiyanın bütövlüyünü təhdid edə biləcək bir müharibəyə hazırlıqdır. Yəni ermənilərin Rusiyanın parçalanma prosesində silahlı aktiv şəkildə bəlli nöqtələrə yerləşdirilməsinə hazırlıqdır. Paşinyan Qarabağ savaşı adı altında erməniləri yığsa da, Türkiyənin PKK-nı “məhv etmə” təcrübəsini nəzərə alsaq, müharibədən canını qurtarmaq üçün Rusiyaya və Abxaziya ərazilərinə sızacağı şübhəsizdir.

Bəs Moskva niyə susur? Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvanla həqiqətən mübarizə aparması ehtimalı yoxdur. Kalantaryan maraqları üçün xidmət etdiyi İrəvana qarşı çıxarmı? Livandan gələn mühacir ermənilər Rusiyanı guya Qarabağı öz nəzarəti altına alacağını iddia edərək Rusiyanı birbaşa təhdid edirlər. Yaxın Şərqdən olan erməni silahlıları Rusiyanın cənub sərhədlərinə kütləvi şəkildə yerləşdirilən terrorçu dəstələrdir. Lavrov susmağa davam edərsə, tezliklə daha çox terrorçu axını olacaq və sonra müharibə qaçılmaz olacaq. Məsələn, bu yaxınlarda Livandan olan bir erməni hərbi cani köçkün bəyan etmişdi: “Rusiya burada tam nəzarət yaratmaq, Qarabağ amilindən geosiyasi məqsədləri üçün istifadə etmək üçün öz qoşunlarını yerləşdirmək istəyir. Qarabağ rəhbərliyi Kremlin regional maraqlarına xidmət edərək milli maraqlarımıza qarşı addımlar atır. Rusiya müstəmləkəçilik məntiqi ilə qurduqları Ermənistan siyasi və hüquqi konsepsiyasını da əsaslı olaraq yenidən nəzərdən keçirməlidir. Sovet İttifaqı və postsovet kontekstindən çıxmaq, Ermənistanı böyük Orta Şərq bölgəsinin tam hüquqlu iştirakçısına çevrilmək lazımdır. Aydındır ki, iri miqyaslı geri dönüş ani hərəkətlər olmadan baş tuta bilməz”. Yəni birinci mərhələ silahlıların köçürülməsi, Azərbaycanın işğal olunmuş ərazilərinin məskunlaşdırılması, daha sonra birbaşa Rusiyanın cəlb olunacağı müharibənin başlanmasıdır. Nədənsə ermənilər əmindir ki, bu müharibənin nəticəsi Türkiyə, Gürcüstan və hətta Rusiyadan iri ərazilərin qopardılması “böyük Ermənistan”ın lehinə qələbə ilə yekunlaşacaq.

Erməni terrorçularının “regional memarlığı yenidən gözdən keçirmək zərurəti” və “Ermənistan böyük Orta Şərq bölgəsinin tam hüquqlu iştirakçısına çevriləcək” ifadələri təhlükəli deyilmi? Necə ki, yaxın günlərdə erməni xarici işlər nazirinin Misirə səfər etməsinin, İordaniya, BƏƏ-yə yaxınlaşmasının arxasında da elə bu plan durur-Ermənistanın Yaxın Şərqə açılması, bizim torpaqlarımıza terrorçu axınını yaratmaq da buna hesablanıb. Yaxın Şərq “açılımı baş tutsa” Avrasiyanın Rusiya konfiqurasiyasını və Rusiyanın indiki sərhədlərini dağıdacaq . Deməli, Ermənistan artıq forpost formatından çıxır, Rusiyanın altına qoyulmuş saatlı bomba mərhələsinə keçir.

Ülviyyə ŞÜKÜROVA