Ermənistan aclıq ərəfəsində – durum daha da pisləşəcək

204

Düşmən işğalçı siyasətin “bəhrəsini” görür

Ermənistanın keçmiş kənd təsərrüfatı naziri Artur Xaçatryan bir neçə gün əvvəl açıqlama verib, ölkəsini gözləyən iqtisadi təhlükələr haqda xəbərdarlıq edib. Xaçaturyan deyir ki, hazırda Ermənistan və Qarabağdakı ermənilər ərzaq təhlükəsizliyi ilə bağlı ciddi təhlükə qarşısındadırlar: “Birinci təhlükə taxıl çatışmazlığıdır. Məsələ burasındadır ki, hər il Ermənistanda 200 min ton taxıl istehsal olunurdu, bunun da 150 min tonu indi müharibə nəticəsində itirilən torpaqlarda becərilirdi. Bu, o deməkdir ki, biz Ermənistan üzrə taxıl istehsalının 75 faizindən məhrum olmuşuq”.

Keçmiş nazirin dediklərindən aydın olur ki, yerli saydıqları 200 min ton istehsalla bərabər, Ermənistan daxili tələbatı ödəmək üçün hər il xaricdən 250 min ton taxıl idxal edirmiş. İndi Azərbaycan öz ərazilərini azad etdikdən sonra Ermənistan 250 deyil, 400 min ton taxıl idxal etmək məcburiyyətində qalacaq. A.Xaçaturyan bildirir ki, Ermənistan dramının dollar qarşısında sürətlə məzənnə itirdiyi indiki vəziyyətdə idxalı reallaşdırmaq üçün xarici valyuta əldə etmək çətinləşəcək. Digər bir çətinlik ondan ibarətdir ki, taxılın idxal olunduğu əsas quru yolu – Gürcüstanın ərazisindən keçən Yuxarı Lars yolu ilə qış aylarında yükdaşımalar kəskin azalır. Son iki ildə bu yolla yükdaşımalarda bir neçə dəfə əlavə problemlər də yaranıb. Bundan əlavə, koronavirus pandemiyasının yaratdığı böhran şəraitində taxılın əsas ixracatçıları xaricə satışa məhdudiyyətlər tətbiq etməkdədirlər.

Əli Əliyev - Publika.Az

Erməni nazir açıqlamasa da, Azərbaycanın öz ərazilərini azad etməsi Ermənistan üçün daha bir problem yaradıb. Belə ki, Kəlbəcər ərazisində yerləşən “Söyüdlü”-Zod qızıl yatağının 60 faizi Azərbaycan ərazisinə düşür. İşğal dövründə Ermənistan qanunsuz olaraq yatağı təkbaşına istismar edib. Sentyabrın 27-dən – Vətən müharibəsi başlanandan yataqdan hasilat dayandırılıb. Kəlbəcər rayonu Ermənistan tərəfindən boşaldıldıqdan sonra Azərbaycan Ordusu yataq ərazisinə daxil olaraq ölkəmizin sərhədlərini tam olaraq bərpa edib. Yatağın istismarı ilə bağlı xüsusi razılaşma əldə olunanadək orada hasilatın bərpa olunmayacağı aydın məsələdir. Bu isə Ermənistan büdcəsini illik 60 milyon dollardan yuxarı gəlirdən məhrum edəcək. İdxal ehtiyacı artıb, xarici valyuta gəlirlərinin azalması da düşmən ölkə üçün yaxşı perspektiv vəd etmir. Bundan əlavə, hasilatda çalışan yüzlərlə işçi işsiz qalacaq ki, bu da əlavə problemlər yaradacaq.

Ermənistan işğal etdiyi ərazilərimizdə heyvandarlıqdan da irihəcmli gəlirlər əldə edirdi. Ərazilər azad olunduqdan sonra Kəlbəcər, Laçın rayonlarında ermənilərin heyvandarlıqla məşğul olması da mümkün deyil. A.Xaçaturyanın sözlərinə görə, Kəlbəcərdən köçən ermənilər məcburən heyvanların yarıdan çoxunu kəsiblər. Eyni aqibət Laçındakı erməniləri də gözləyir. Bu isə Ermənistanın tezliklə heyvandarlıq məhsulları baxımından da çatışmazlıqla üzləşəcəyi deməkdir.

Sabiq nazir onu da bildirir ki, son iki ildə Ermənistanda kənd təsərrüfatı məhsulları istehsalçılarının böyük əksəriyyəti həyata keçirilən dövlət dəstəyi proqramlarından kənarda saxlanıb: “Aqrar ölkə olan Ermənistanda hazırda Kənd Təsərrüfatı Nazirliyi yoxdur”.

UNEC – Azərbaycan Dövlət İqtisad Universiteti — Гулиева Гюнай Умудвар

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin(İİTKM) baş analitiki Günay Quliyevanın sözlərinə görə, Azərbaycanın Ermənistana qarşı əks-hücum əməliyyatlarına başladığı 27 sentyabr tarixində 1 dollar 485,26 Ermənistan dramına (AMD), 10 noyabr Qələbə günümüzdə isə 1 ABŞ dolları 494,76 Ermənistan dramına bərabər idi: “Kəlbəcərin işğaldan tam azad olunduğu gündə isə Ermənistan Mərkəzi Bankının məlumatlarına əsasən 1 ABŞ dolları 511,69 dram dəyərində olub. Müharibənin başladığı tarixdən iki ay müddətində Ermənistan milli valyutası digər valyutalara nisbətdə 6-7  faiz dəyər itirib”.

Ekspertin fikrincə, erməni dramının devalvasiyasının səbəbi ona etimadın azalmasıdır: “Ermənistanın xarici valyuta ehtiyatlarında da yüksək azalma müşahidə edilib – valyuta ehtiyatları 2,278 milyard dollara qədər azalıb. Azalma 2019-cu ilin oktyabr ayı ilə 2020-ci ilin eyni ayının müqayisəsində 7,4 faiz olub. 2020-ci il yanvar-oktyabr ayları ərzində ümumi azalma 19,9 faiz təşkil edib. Ermənistanın Mərkəzi Bankının qızıl və SDR (Special Drawing Rights) nəzərə alınmadan ümumi valyuta ehtiyatları 1,8 milyard dollara düşüb. Yalnız 2020-ci ilin oktyabr ayında xarici valyutadakı aktivlər 5,3 faiz azalıb, SDR-in Beynəlxalq Valyuta Fondundakı payı 0,3 faiz əhəmiyyətsiz dərəcədə artıb. Ermənistan Milli Statistika Xidmətinin son məlumatlarına istinadən sürətlə yayılan COVİD-19 pandemiyası və Azərbaycanla 6 həftəlik müharibədən sonra 2020-ci ilin üçüncü rübündə ÜDM ötən illə müqayisədə 9,1 faiz, ötən ilin eyni dövrü müqayisədə isə 13,7 faiz daralma müşahidə olunub. Bu, 2009-cu ilin üçüncü rübündən bəri iqtisadi fəaliyyətdəki ən kəskin daralma idi”.

Turizm sektoru Ermənistan ÜDM-nin 11.8 faizini formalaşdırır və ölkə üzrə mövcud işçi qüvvəsinin 12.5 faizi məhz bu sektorda çalışır: “Keçən illə müqayisədə Ermənistanın turizm sektorunun dövriyyəsi 2020-ci ilin ilk altı ayı ərzində 90 faizdən çox azalıb. Bu da öz növbəsində Ermənistana gətirilən xarici valyutaların kəskin surətdə azalmasına gətirib çıxardıb. Ermənistandakı dövlət borcu, 2020-ci ilin ikinci rübündə 3.7 trilyon drama yüksəlib. Hökumətin 2020-ci il üçün dövlət büdcəsi layihəsində xarici borcun ümumi daxili məhsulun (ÜDM) 49,5 faizinə enəcəyi proqnozlaşdırılmışdı. Lakin gözləntilərin əksinə, xarici dövlət borcu daha da artaraq ÜDM-in 66,5 faizinə bərabər olub. Ermənistan iqtisadiyyatına vurulan digər zərbə birbaşa xarici investisiyalarla (BXİ) bağlıdır ki, 2020-ci il Dünya İnvestisiya Hesabatına əsasən Ermənistan iqtisadiyyatına 2019-cu ildə qoyulan xarici sərmayə cəmi 254 milyon dollar olub. Müharibənin də Ermənistanın investisiya mühitinə mənfi təsiri qaçılmazdır, növbəti ildə də uzunmüddətli azalma davam edə bilər”.

G.Quliyeva qeyd edir ki, hazırda Ermənistan iqtisadiyyatında milli valyutanın sürətlə dəyərdən düşməsi hər iki halı özündə birləşdirir: “Hərbi, siyasi və iqtisadi qeyri-sabitlik əhalinin əhval-ruhiyyəsinə mənfi təsir göstərib və alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Digər tərəfdən, əhalinin iqtisadiyyatın mənfi ssenarilərinə hazırlaşması, iqtisadi reallıqlara qarşı sığortalanma arzusu əldəki mövcud milli valyutanı da xarici valyutalara dəyişməyə, milli valyutalarda olan depozitlərini geri götürməyə və ya mövcud depozitlərini xarici valyutaya konvertasiya etməyə sövq edir. Bu da milli valyutanın sosial təzyiq nəticəsində dəyərsizləşməsini daha da sürətləndirir. Milli valyutanın devalvasiyası özü ilə bərabər digər mənfi sosial-iqtisadi nəticələrə də səbəb olacaq. Dolların dəyərinin Ermənistan dramına nisbətən bahalaşması, domino effekti ilə istehlak mallarının qiymətinin də artmasına səbəb olacaq. Bu qısa müddətdə idxaldan asılı Ermənistanın istehlak bazarında inflyasiyaya və əhalinin həm yerli həm xarici məhsullarda alıcılıq qabiliyyətinin kəskin düşməsinə səbəb olacaq”.

QALİB” Ermənistan MƏĞLUB durumda: » AzərTaym İnformasiya Portalı

İİTKM ekspertləri qeyd edirlər ki, istehlak Ermənistan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsidir. 2019-cu ildə ÜDM-in 7,6 faiz artımına istehlakın töhfəsi 10,8 faiz, bundan özəl istehlak xərcləri 9,3 faiz olub. 2019-cu ildə ev təsərrüfatı istehlakı xərcləri ÜDM-in 82,8 faizini təşkil edib. Ev təsərrüfatlarının son istehlak xərcləri aşağı məcmu kapital formalaşmasını və cari balansın xroniki kəsirini qismən kompensasiya edir.

Oktyabr ayında Beynəlxalq Valyuta Fondu 2020-ci il üçün Ermənistan ÜDM-də 4,5 faiz azalma proqnozlaşdırıb. BVF-yə görə, Ermənistanda cari əməliyyatlar hesabı kəsrinin ÜDM-ə nisbətinin 2020-ci ildə -8.8 faizə qədər artacağı gözlənilir: “Son iqtisadi qeyri-müəyyənliklər, siyasi qeyri-sabitlik və hərbi əməliyyatlar Ermənistanda birbaşa xarici investisiyaları daha da azaldır. COVİD üzrə adambaşına düşən infeksiya səviyyəsinin olduqca yüksək olduğunu nəzərə alaraq, səhiyyə xərcləri də büdcəyə böyük yük olur. Son hökumət büdcəsi müzakirələri əsasən fiskal genişlənməyə mənfi təsir göstərəcəyi gözlənilən hərbi xərclərin artmasına yönəldilib. Beləliklə, digər xərc faktorları Ermənistan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinin azalmasını kompensasiya edə bilməz”.

İşsizlik və artan yoxsulluq səviyyəsi ev təsərrüfatlarının istehlakının azalmasına səbəb olur. BVF Ermənistanda işsizlik səviyyəsini 2020-ci ildə 22,3 faiz və 2021-ci ildə 21,1 faiz həddində proqnozlaşdırır: “Xüsusi istehlakın azalması müxtəlif göstəricilərdə özünü göstərir. 2020-ci ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrünə nisbətən idxal 12,4 faiz azalıb. Nəqliyyat vasitələrinin idxalı isə iyul ayında ötən ildən aşağı olub. 2020-ci ilin yanvar-avqust aylarında keçən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsi 11,5 faiz azalma nümayiş etdirmişdir. Rəqəmsallaşma nəticəsində kassa dövriyyəsi cəmi 2,5 faiz azalıb. Ev təsərrüfatları istehlakının qiymətləndirilməsi üçün əhəmiyyətli bir göstərici olan xidmətlərin həcmi 10,8 faiz aşağı düşüb.

Mənzil bazarında tələb də azalmaqdadır. İrəvanda mənzil alqı-satqısı əməliyyatlarının sayı 2020-ci ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz azalıb. Bununla yanaşı, iyul ayında illik azalma tempi 12 faizə düşüb ki, bu da həmin ayda ipoteka krediti portfelinin 3 faiz artması ilə əlaqədardır.

Ermənistanda yaşayış sürətlə bahalaşır - yanvarın 1-dən isə...

Ermənistanda vətəndaşların özləri tərəfindən qarşılanan (out of pocket) sağlamlıq xərcləri  ümumi sağlamlıq xərclərinin 80 faizini tutur və bu İnkişaf Etməkdə Olan Ölkələr arasında ən yüksək göstəricilərdən biridir. Belə ki, inkişaf etməkdə olan ölkələrdə bu xərclər üzrə orta göstərici 32 faizdir.

Ermənistanda iqtisadi artımın 2021-ci ildə bir qədər yüksəlməsi gözlənilsə də, bu, hərbi əməliyyatların hansı müddətdə davam etməsi və ölkədə koronavirusun nə qədər yayılmasından asılıdır. Mövcud tendensiyalar nəzərə alınaraq, Ermənistanda ÜDM-in əsas amili-ev təsərrüfatlarının istehlakı iqtisadi artımla bağlı müsbət proqnozları dəstəkləmir”.

Beləliklə, Ermənistan uzun illər həyata keçirdiyi işğalçılıq siyasətinin “bəhrələrini” görməyə başlayır. Azərbaycan işğal altında olan torpaqlarını azad etdi, ancaq düşmən bundan sonra özünə gələ bilməyəcək. Hansı ki, işğalçılıq siyasəti yürütməsəydilər, ermənilər indi bu fəlakətli durumda olmazdılar. Öz cəzalarıdır, çəksinlər…

 Dünya SAKİT,
“Yeni Müsavat”