Ermənistan 120-dən artıq yaşayış məntəqəsini Azərbaycana təhvil verib

309
DER SPIEGEL, Almaniya
25.11.2020

Ermənistan artıq Dağlıq Qarabağda onlarla kənd və qəsəbəyə nəzarəti itirib. O, həmin əraziləri rəsmən Azərbaycana təhvil verir. Lakin bu ərazilərin bəziləri minalanıb.

Azərbaycanla Cənubi Qafqazda yerləşən Dağlıq Qarabağ bölgəsi uğrunda illərdir münaqişə yaşayan Ermənistan artıq 120-dən çox yaşayış məntəqəsinə nəzarəti Bakıya təhvil verib. Ermənistan hökuməti bazar ertəsi Azərbaycanın nəzarətinə keçmiş ərazilərin siyahısını açıqlayıb. Orada 121 şəhər, qəsəbə və kəndin adı yer alır.

Ermənistan ərazilərin bəzisini döyüşlər zamanı itiribsə, digərlərini döyüşsüz, təslim olmaqla əldən verib. Lakin bölgənin böyük bir hissəsi minalanmış ərazilərdir. “İnterfaks” agentliyinin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, bu günlərdə mina partlayışı nəticəsində bir rus və 4 erməni hərbiçi yaralanıb, Azərbaycan Ordusunun zabitisə şəhid olub. Hadisə döyüşlər zamanı həlak olmuş hərbçilərin cəsədlərinin axtarışı zamanı baş verib.

Noyabrın 10-da Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putinin vasitəçiliyilə Dağlıq Qarabağda döyüşlərin dayandırılmasına dair razılaşma imzalayıblar. İlham Əliyev bunu Azərbaycanın “böyük zəfəri” elan edib. Ermənistanda isə sənədin imzalanmasına etiraz olaraq nümayişlər başlayıb. Etiraz aksiyasına qatılanlar Nikol Paşinyanın istefasını tələb edir. Onlar baş naziri məğlubiyyət aktı imzalamaqda və ərazilərin itirilməsində günahlandırırlar.

Dağlıq Qarabağ onillərdir iki keçmiş Sovet respublikası olan Ermənistanla Azərbaycan arasında mübahisə obyektidir. Bölgədə bu il sentyabrın 27-də başlamış yeni müharibədə Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi ərazilərin böyük hissəsini geri qaytarıb. Bakı bu müharibə zamanı “qardaş ölkə” olan Türkiyə tərəfindən tam dəstəkləndiyini bildirirdi. Ermənistan isə Rusiyanı özünə arxa sayırdı.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya bir neçə gün əvvəl etdiyi səfər zamanı İlham Əliyevlə görüşüb. Görüşdə o, Dağlıq Qarabağda müxtəlif dinə və etnik mənsubiyyətə sahib insanların birlikdə, dinc yaşaması üçün lazımi şəraitin yaradılmasının vacibliyini bildirib. Xatırladaq ki, Qarabağda xristian ermənilərlə müsəlman azərbaycanlılar arasında qarşıdurmalar keçmişdə də baş verib.

Dağlıq Qarabağda son atəşkəs razılaşmasına nəzarət etmək üçün bölgəyə 2000-dək Rusiya sülhməramlısı yerləşdirilib.

(Alman dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: DER SPIEGEL