“Ermənistan əsirləri təhvil vermirsə, bu beynəlxalq qanunları  və Cenevrə Konvensiyasını pozmaq deməkdir” – POLİTOLOQ

315

Azərbaycan tərəfinin Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində qoyub getdiyi 85 yaşlı erməni qadının birtərəfli qaydada azad edilməsinə hazır olduğunu diqqətə çatdırmasına baxmayaraq, indiyədək Ermənistan Respublikası əsirlərin və saxlanılan şəxslərin azad edilməsi ilə bağlı Azərbaycan Respublikasının təkliflərinə cavab verməyib. Bundan da əlavə , Azərbaycan Respublikasının Prezidenti , Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı bəyyannamənin səkkinci bəndinə əsasən, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilməlidir.  Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurernin bildirdiyinə görə, bu zamana qədər artıq 200 nəfərin meyitinin mübadiləsini həyata keçirilib.

Bəs, görəsən əsirlərin taleyi necə həll olunacaq? Onların da mübadiləsi həyata keçiriləcəkmi?  Əgər, Ermənistan əsirlərin qaytarılmasından boyun qaçırarsa, havadarı olduğu Rusiya Ermənistana müdaxilə edəcəkmi? Cavablandırılmalı suallar çoxdur…

Mövzuyla bağlı Hurriyyet.org-a açıqlama verən politoloq Ramiyə Məmmədova, hazırki dönəmdə sülhməramlı rolunu Rusiyanın oynadığına görə, bu məsələni də Rusiyanın həll etməli olduğunu bildirib.  O, Ermənistanın bəyannaməni Rusiyanın təsiriylə imzaladığına görə, bu məsələdə də təsir edə biləcəyini düşünür:

Əgər, Ermənistan azərbaycanlı əsirləri qaytarmırsa və ya boyun qaçırarsa, bu beynəlxalq qanunlar çərçivəsində həll olunmalıdır. Bu problem illərdir ki, davam edir. Hazırda da Ermənistanda əsirlərimiz var, Dilqəm Əsgərov və Şahbaz Quliyev də qanunsuz yerə saxlanılıb və  ilərdir ki, əsir saxlanılır. Bilirsiniz ki, bu iş beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır. Cenevrə Konvensiyasında buna aid protokollar və bəndlər var. Eləcə də beynəlxalq hüquq çərçivəsində bununla bağlı sənədlər var ki, orda əsir düşmüş və girov düşmüş mülki insanların, eləcə də hərbiçilərin müxtəlif saxlanılma qanunları var. Təbii ki, bu şəxslər əsir düşdüyü dövlətdən qarşı tərəfə təhvil verilməlidir. Əgər, təhvil vermirsə, bu beynəlxalq qanunları  və Cenevrə Konvensiyasını pozmaq deməkdir. Belə olan halda, Azərbaycan  beynəlxalq ictimaiyyət qarşısında iddia qaldırmalıdır. Çünki, burda cinayət faktoru var. Necə ki, biz onların əsirlərini qaytarırıqsa, eyni qaydayla onlar da bizim əsirləri geri qaytarmalıdır. Hazırki dönəmdə sülhməramlı rolunu Rusiya oynadığına görə, bu məsələni də Rusiyanın həll etməli olduğunu düşünürəm. Ermənistan bəyannaməni Rusiyanın təsiriylə imzaladığına görə, bu məsələdə də təsir edə bilər”.

YƏHYA