Ermənilər bu gün Şuşada atəşfəşanlıq edəcək, biz isə…

276

Səfər Əbiyevin bu gün üçün də aktual olan qərarını kim və hansı məqsədlə ləğv etdirib?

İlham İsmayıl: “Bizim zədələnimiş qururumuzu, heysiyyətimizi bir daha yerə vurdular”

Azad İsazadə: “Səfər Əbiyevin bəyanatı da sırf Xocalı aeroportundan istifadə edilməməsi ilə bağlı idi”

Bu gün axşam Şuşada Azərbaycan torpaqlarındakı separatçı rejimin rəhbəri Araik Arutunyanın andiçmə mərasimi keçiriləcək. Düşmənin Azərbaycanın işğal olunmuş ərazilərində sərbəst hərəkəti cəmiyyətdə hər kəs də qıcıq doğursa da, hələ ki, xalq, dövlət olaraq heç nə edə bilmirik.

Bu arada, keçmiş müdafiə naziri Səfər Əbiyevin Ermənistan prezidentini Qarabağa gətirən istənilən hava nəqliyyatının vurulmasını əmr etməsi mətbuatda müzakirə olunmaqdadır. Belə ki, həmin əmrə əsasən, düşmən ölkənin prezidenti Qarabağa təyyarə ilə gələrsə, dərhal vurulmalıydı. Hətta mətbuatda gedən məlumatlara görə, ümumiyyətlə, Ermənistandan Qarabağa uçan təyyarə və helikopterlər vurulmalıydı. Mətbuatda açıqlanan məlumatlarda da aydın qeyd olunur ki, həmin vaxtı Ermənistan rəhbərliyi Qarabağa təyyarə ilə gələ bilməyib, ancaq indi Paşinyan istədiyi vaxt Qarabağ ərazisinə sərbəst gəlir-gedir, hələ yeri gələndə yallı da oynayır. Təəccüblüdür, Səfər Əbiyevin nazir olduğu dönəmdə Ermənistan rəhbərliyinin Qarabağda sərbəst hərəkətinə imkan verilmirdi, niyə indi buna imkan verilir?

“Sərt bir bəyanat vermək olardı”

Keçmiş müdafiə naziri Səfər Əbiyevin əmri ilə bağlı fikirlərini bölüşən təhlükəsizlik eksperti İlham İsmayıl “Hürriyyət”ə bildirib ki, həmin vaxtı Ermənistan rəhbəri Qarabağ ərazisinə təyyarə ilə gəlsə, vurulacaqdı: “Doğrudur, o vaxtkı müdafiə naziri belə bir əmr verib. Təbii ki, o dövrdə o məsələni o, həm də dövlət başçısı ilə bir yerdə həll edib. O elə məsələdir ki, o, təkbaşına əmr verə bilməzdi və qərara gəliblər ki, belə bir əmr olsun. Əmr verilib və ən əsası odur ki, bu əmr dolayısı yolla da olsa, çatdırılıb. Yəni əmr hərəkətlə də göstərilib. Mən də o müzakirələri oxumuşam ki, o vaxtkı Ermənistan rəhbərliyi geriyə yarımçıq qayıdıblar, sonra helikopterlə, ya da avtomobillə gəliblər. Əsas odur ki, bu təhlükəni hiss edib, qayıdıblar. İndi isə sabah (bu gün – red.) axşam saat 6-da Şuşa Gənclər və Mədəniyyət Mərkəzində tədbir keçiriləcək, Paşinyan yenə gələcək, inaqurasiya olacaq. İnaqurasiyadan sonra da çox böyük atəşfəşanlıq olacaq. Yəqin onun işığı mütləq Bakının üstünə düşəcək. Çünki Şuşa çox qəlblərdədir. Bunun qarşısını nətəhər almaq olardı? Orada zamanında belə bir göstəriş verilib. İndi də sözlə sərt bir bəyanat vermək olardı. Sərt şəkildə Minsk Qrupuna demək olardı ki, “əgər o tədbir Şuşada keçiriləcəksə, artıq atəşkəs pozulacaq, vəssalam”. Görün, orada inaqurasiya mərasimi keçiriləcəkdi, yoxsa yox. Keçirilməyəcəkdi. Nə söz deyilə bildi, nə hərəkət yoxdur. Hətta ayın 18-22-də keçirilən hərbi təlimlərlərdən xüsusi narahatçılıqlarını Minsk Qrupuna bildirdilər, Lavrov keçən həftə ərzində 3 dəfə Mnatasakanyanla danışıb. Bizim xarci işlər naziri ilə də danışıb. Putin də dövlət başçısı ilə danışıb. Ermənilərin tam rahatçılıqla bu mərasimi keçirməsi üçün Azərbaycana təziyiq etməyilər, bir növ deyiblər ki, “belə şey etməyin, nəyinizə lazımdır” və bunlar da razılaşıblar, vəssalam. Bizim zədələnimiş qururumuzu, heysiyyətimizi bir daha yerə vurdular. Erməni bilirsiniz niyə bunu edir? Erməni yermi tapmır? Onu keçirməyə Stepanakertdə daha yaxşı şərait, orada daha yaxşı mədəniyyət sarayları var. Onlar bilirlər ki, Azərbaycan xalqı bununla bir az da daxilən, mənən öləcək. Azərbaycan xalqı təslimliçilyə qol çəkəcək. Bizimkilərlə bərabər, ona hazırlayırlar. Kim ki bu bəyanatı vermirsə, bu işləri görmürsə, bu, Şuşada da keçirilsə, deyir ki, “cəhənnəm olsun Azərbaycan xalqı, onun zədələnmiş qüruru da, şərəfi də bir daha zədələnsin, heç vecimizə də deyil””.

 “Bu gedişlə nəinki Şuşanın, heç Ağdamın Güllücə kəndinin də qayıtmasının perspektivi yoxdur”

“Yəni hakimiyyət üçün Qarabağ bu qədərmi maraqlı deyil” sualına İ.İsmayıl belə cavab verib: “Yox, Qarabağ maraqlı deyil. Torpaqların azad edilməsi 26 ildə necə maraq oyatmayıb, indi də maraq oyatmır, gündəlikdə deyil, deyir, “nə edirlər, etsinlər”. Koronavirus da bəhanədir. Ortada heç nə yoxdur. Koronavirus olmayanda nə edirdilər ki?! Bu, 26 illik siyasətin nəticəsidir. Artıq gələn il ermənilər Şuşanı paytaxt, Stepanakerti də işgüzar mərkəz elan edirlər ki, biznes orada çiçəklənsin. Əlbəttə, bu gedişlə torpaqlarına qaytarılımasına ümid yoxdur. Bu gedişlə nəinki Şuşanın, heç Ağdamın Güllücə kəndinin də qayıtmasının perspektivi yoxdur”.

 “Təyyarə ilə gəlsə də, Azərbaycanın Paşinyanı vuracağına inanmıram”

İ.İsmayıl qeyd edib ki, Paşinyan Qarabağa həmişə helikopterlə gəlib: “Axırıncı dəfə 9 mayda helikopterlə gəldi, yenə də helikopterlə gələcək. İstəsə, təyyarə ilə də gələ bilər, amma daha sakit olması üçün helikopterlə gəlir. Təyyarə ilə gəlsə də, Azərbaycanın onu vuracağına inanmıram”.

“Müdafiə naziri təşəbbüslə çıxış etməlidir”

 “Bu müdafiə nazirinin iradəsindən asılıdır” deyə sual etdikdə isə İ. İsmayıl söylədi ki, hər halda müdafiə naziri təşəbbüslə çıxış etməlidir: “Məsələni ortaya ciddi, əsaslandırılmış şəkildə qoymalıdır”.

“Çox güman ki, təyyarələr uçmur, yaxın zamanlarda da uçmayacaq”

Azad İsazadə: “İnsanlar rəqəmləri eşitmək istəmirlər”

 Bu gün Şuşada keçiriləcək Araik Arutunyanın andiçmə mərasiminə Ermənistan rəhbərliyinin təyyarə ilə gəldiyindən məlumatı olmadığını bildirən hərbi ekpsert Azad İsazadə deyib ki, Ermənistandan Qarabağa helikopterlər işləyir: “Helikopterin isə vurulması praktiki mümkün deyil. Onları görmək və vaxtında onları zərərləşdirmək texniki baxımdan daha çətindir. Çünki təyyarə yüksəklikdə uçur və onu bizim hava müdafiə sistemi görür. Qarabağ üzərində hava səması Azərbaycanın tam nəzarəti altındadır. Helikopter isə daha aşağıda və dağların arasında getdiyinə görə, onları görüb və vaxtında zərərsizləşdirmək texniki baxımdan problemdir. Ona görə, Səfər Əbiyevin bəyanatı da sırf Xocalı aeroportundan istifadə edilməməsi ilə bağlı idi. Xatırlayırsınızsa, Sərkisyan aeroport hazır olandan sonra bəyan etmişdi ki, ilk təyyarədə o, özü Xocalıya uçub gələcək. Amma Azərbaycan kəskin formada bəyanat verdi ki, mülki təyyarələr üçün birinci hava koridoru açılmalıdır, o yoxdursa, bütün o bölgədə uçan təyyarələr hərbi təyyarə kimi qiymətləndiriləcək və vurulacaq. Ona görə, çox güman ki, təyyarələr uçmur, yaxın zamanlarda da uçmayacaq. Ancaq helikopterlərdən və avtomobil yollarından ermənilər çox geniş istifadə edir və biz hələlik buna qarşı heç nə edə bilmirik. Amma Naxçıvandan Laçına gedən yol bizim nəzarətimiz altındadır və atəşə tutula bilər. Biz qaynar döyüşlər başlanılan vaxtı bu imkandan  istifadə edəcəyik, amma hələlik istifadə etmirik”.

“Helikopterlərin pilotları təxminən bilir ki, hansı zonadan neçə keçə bilər”

A.İsazadə nəzərə çatdırıb ki, Səfər Əbiyevin dövründə Sərksiyan da helikopterlə Qarabağa gələ bilirdi: “Çünki bunları vurmaq üçün ayrı sistemlər lazımdır və yaxından vurulmalıdır. Vurula bilən zonalarda bizm hərbiçilər yoxdur. Helikopterlərin da pilotları təxminən bilir ki, hansı zonadan neçə keçə bilər. Amma yadınızdadırsa, təlim vaxtı cəbhə zonasına yaxınlaşan bir helikopter Azərbaycan tərəfindən vurulmuşdu. Çünki o, vurula bilən zonaya daxil olmuşdu”.

“Helikopter dağın arxasında gizlənəndə raket boşa gedir”

A.İsazadə deyib ki, Sputnik helikopteri görür: “Amma helikopter dağların arasından keçib hərəkət edən obyektdir. Dağın arxasında gizlənəndən sonra raketi yerdən buraxsalar da, raketin uçuşu azı 1-2 dəqiqə  çəkir. O dağın arxasında gizlənəndə raket boşa gedir”.

 “Səfər Əbiyev texniki baxımdan bəyan etdi ki, biz  vura bilirik və vuracağıq”

A. İsazadənin sözlərinə görə, Səfər Əbiyev o vaxtı müdafiə naziri olmağına baxmayaraq, o, özbaşına belə əmr verə bilməzdi: “Çünki bu, daha çox siyasi məsələydi. Sadəcə o, texniki baxımdan bəyan etdi ki, biz  vura bilirik və vuracağıq. Amma aydındır ki, qərar yüksək səviyyədə qəbul olunmuşdu. O əmr də ancaq təyyarələrə aid idi”.

Şamo EMİN, Hurriyyet.org