Ermənilərlə yanaşı yaşamağa məhkumuq?

279

Və yaxud Qullu Məhərrəmli nə üçün “erməni xalqının neçə yüz ildir bəxti gətirmədiyini” düşünür?

 …Bu qatillərə poemalar, səhnə əsərləri, romanlar həsr edən konformistlərə dahi sənətkar, ustad, əsl vətənpərvər deyən sizin müəllimlər idi, Qulu ağa!

Ötən yazımda umu-küsü edirdim ki, bizim rəssamlar heç nə edə bilmirlər, ya ustalıq məsələsində uduzublar, ya da artıq formalaşmış milli burjuaziyasını nazı ilə oynayırlar, sənəti pula qurban veriblər. Meşşan zövqlü harının barmağı olan yerdə də əsl sənətdən danışmaq mənasızdır. Elə bu əsnada eşidirəm ki, üç il bundan əvvəl rəsmi surətdə fırça ustalarına Xocalı faciəsi mövzusunda işləməyi təklif ediblər. Laqeyd

qalan olmayıb, hamı qol çırmayıb işləməyə başlayıb.

Bütün bunlar öz yerində, dünya görmüş, az-maz savad qazanmış adi bir adam kimi keşiş-mason dünyasının məkrli oyunlarından başım çıxır. Amma mənim torpağımda yaşayıb, özünü azərbaycanlı, alim, gülməşəkər ziyalı sayan unikumlardan başım çıxmır. Şəxsən mən indiyə kimi bilmədim, Qulu Məhərrəmli kimi zatlar hansı məzhəbə qulluq edirlər, məramları nədir. Hələ neçə illər bundan əqdəm belələrini siyasi flügerlər adlandırmışdım. Qulu ağanın bir müddət bundan əvvəl dəhanından çıxan pürməna kəlamlarla tanış olandan sonra gördüm ki, siyasi flüger sözü çox yumşaq ifadədir.

Kiçik bir haşiyə

Hörmətli mühərrir, cəsarətli çıxışları ilə hamının rəğbətini qazanmış qəzetinizin etik normalara ciddi əməl etməsini mən yaxşı bilirəm. Siz də bilirsiniz ki, şəhadətə çatanların əksəriyyətinin qırxı da çıxmayıb. Qələbə sevinci öz yerində, amma əzizlərini itirənlərin ah-naləsi eşidilir, ovunmayan dərd-ələmimiz həddən ziyadədir. Keçmiş əyyamda deyildiyi kimi, darül-üqbaya gedənlərin kəfənləri hələ saralmayıb.  Həmişə ikrah hissi ilə yanaşdığım bir qəzetdə özünü mətbuatımızın müctəhidi sayan Qulu Məhərrəmlinin aşağıdakı sözlərini oxuyanda elə bil başıma ildırım çaxdı. Üzərinə yağdırılacaq haqlı tənə və nifrət yağmurunu azca azaltmaq xatirinə Qulu ağa bir-iki cümlə də işlədir. Amma min qəsidə də söyləsə, iblisanə məkr, qələm, söz zinası göz qabağındadır.

Hörmətli mühərrir, təvəqqe edirəm, bu sözlərə diqqət yetirin: “Amma reallıqdır ki, eyni coğrafiyada (?) yaşayırıq, yanaşı yaşamağa məhkumuq”, “O xalqlar bədbəxtdir ki, ziyalısı qisasa, nifrətə körükləyir”, “Bu baxımdan erməni xalqının neçə yüz ildir bəxti gətirmir. Bizim genetikamız fərqlidir. Unutqan, cinayətləri bağışlayan deyilik, amma içimizdəki tolerantlıq, nəcabət birgə yaşamağa imkan verir”.

Hörmətli mühərrir, fikir verdinizmi, bu sözlər nə vaxt və harada səslənir.

Indi isə söz mənimdir. Unutqanlıq məsələsində biz kürreyi -ərzdə bütün qövmlərdən irəlidəyik, cinayətləri də həmişə bağışlamışıq.

Sovet hakimiyyəti dövründə türk-islam dünyasının (ələlxüsus azərbaycanlıların) elə qatili qalmamışdı ki, biz onun adını “əbədiləşdirməyək”. Bu qatillərə poemalar, səhnə əsərləri, romanlar həsr edən konformistlərə dahi sənətkar, ustad, əsl vətənpərvər deyən sizin müəllimlər idi, Qulu ağa! Kəlbəcər camaatı pərən-pərən düşəndə, ismətli qızları düşmən əlinə keçməmək üçün özlərini qayalardan atanda, varı-yoxu talan ediləndə saymaz-saymaz “indiyə qədər dağ yerində yaşayırdılar, bundan sonra aranda, burada nə var ki?” sözünü deyən degeneratı yaxşı tanıyırsınız. Niyə onda kişi kimi sözünüzü demədiniz? Amma mən nə İskəndər Həmidovun “cinni-Cəfər qoşunundan”, nə də AXC-nin qızmış başıpozuqlarından qorxmamışam, sözümü demişəm.

Qulu Məhərrəmli, nəcabət sözünü dilinizə gətirməyin. Mən Namiq Abbasovun Milli məclisin məşhur iclasında etdiyi nitqi ömrüm boyu unutmayacağam. O, ilk dəfə olaraq ermənilər tərəfindən əsir alınmış, sonra da qonşu ölkələrin pozğunluq yuvalarına cariyə kimi satılmış bizim qız-gəlinlərin sayını açıqlamışdı. Ondan sonra da nə qədər müdhiş cinayətlər baş verib… Sizin heç vaxt cınqırınız çıxmayıb. Qulu ağa, məsləhət görərdim ki, əvvəlcə dəstəmza alıb, sonra da Vətən müharibəsinin tək xanım şəhidi Arəstəmizin iki yetim qalmış balaca uşaqlarının ziyarətinə gedib ayaqlarına düşəsiniz və deyəsiniz ki, uşaqlar, göz yaşlarını silin, “içimizdəki nəcabət” bizə imkan verir ki, ananızın və başqa soydaşlarımızın qatilləri ilə birgə yaşayaq. Sonra cürətin çatsa, bir gecədə saçına dən düşmüş gəlinlərə, şücaətləri ilə millətin qəddini dikəltmiş qəhrəman əsgər və zabitlərimizə də eyni sözləri de! Mən bilirəm onlar sizə necə tövbələtmə verərlər. “Erməni xalqının neçə yüz (??) ildir bəxti gətirmir” sözünüz sizin nə qədər bivec jurnalist olduğunuzu sübut edir.

Rusiya göz qabağında Azərbaycanın qədim torpaqlarının böyük hissəsini ermənilərə peşkəş edib, onlar üçün dövlət yaratdı.  Erməninin bəxti gətirdi, Azərbaycan qadınları əsl qul kimi pambıq tarlalarında can qoyurdular, zəhər udur, şikəst körpələr dünyaya gətirirdilər, erməni gözəlcələri Bakıda kefə baxırdılar, erməni sənətkarı, müxtəlif idarə və müəssisələrdə vəzifə tutanları isə heç nədən korluq çəkmirdilər.

Bakıda elə manqurt qələm sahibi yox idi ki, erməni cəlladları ideallaşdırıb ağac başına çıxartmasın. Şəhərin mərkəzində ən yaxşı mənzillər ermənilərdə deyildimi? Etiraz edən vardımı?

Sadəcə olaraq Rusiyadan hərtərəfli dəstək alan, keşiş-mason dünyasının gücünə arxalanan erməni faşizmi Azərbaycana ölümcül zərbənin vurulma vaxtını düzgün müəyyən etmişdi.

Yaxın Şərqin siyasət şahmatında Ulu öndər Heydər Əliyevin misilsiz gedişləri, qoyduğu irs  və bünövrə hər şeyi həll etdi.

İlham Əliyev artıq püxtələşmiş siyasətçi kimi bu sərmayəni istifadə edərək, ondan bəhrələnərək həm güclü ordunu yaratdı, həm də iqtisadiyyatı tənəzzüldən xilas etdi.

Azərbaycan ordusu təkcə erməni faşistlərinə yox, Rusiyanın hərbi sənaye kompleksinə, səlibçi şovinistlərə ağır zərbə vurdu. Bu dəqiqənin özündə onların əllərində imkan olsa, bizləri didib parçalayarlar.

Öz sadiq itini azərbaycanlıların zərbəsindən qoruya bilməyən Rusiya bundan sonra hansı nüfuzundan danışa bilər?

Şah İsmayıl cənnət məkandan sonra xalqımız belə zəfər sevinci yaşamamşdı.

Yenə də Qulu ağanın ermənilərin “neçə yüz il” bəxtinin gətirməməsi fikrinə qayıdıram. Bir əsr ərzində bəxti gətirməmiş millət bizik. 1905-1907-ci illərin qırğınını xatırlayın, erməni maqnatlarının pulu ilə yaxşı təchiz olunmuş xüsusi dəstələr ölkə boyu əllərindən gələni beş qaba çəkdilər. Böyük sərvət yiyəsi olan bizim imkanlı neftxudalar, ədalarından qalmayan iri mülkədarlar milli müqaviməti təşkil edə bilmədilər. Külli miqdarda müsəlman qətlə yetirilir.

1918-1920-ci illərdə baş verənlərdən çoxunun xəbəri var. Amma sonrakı on illər ərzində millətimizin aramsız mənəvi terrora məruz qalmasından bizim üzü qara kommunist tarixçilər bir kəlmə də yazmayıblar.

ABŞ-ın plantatorlarının pambıq sahələrində qaraların çəkdikləri cəhənnəm əzabını bizim qız-gəlin də çəkirdi. Hansı bəxtdən danışmaq olardı ki, şami-səhər pambıqçılıqla məşğul olan kolxozçu qadınların əlləri insan əlindın savayı nəyə desəniz oxşayırdı. Orden-medal, fəxri ad almaq xatirinə bizim qələm əhli elə rəzalət qalmadı ki, ona qol qoymasın. Rusdan  başqa bu torpağa kim ayaq qoydusa hamısına, təcavüzkar, yırtıcı, işğalçı adı verildi. Hansı bəxtdən danışmaq olardı ki, donosbazlıq, partiya iclaslarında peyğəmbəri, xalqın mənəvi güvənci sayılan tarixi şəxsiyyətlərin alçaldılıb təhqir edilməsi şərəf işi sayılırdı.

Azərbaycanın olan-qalan torpaqlarının qorunmasında müstəsna rol oynamış N.Nərimanovun, millətimizin iki dəfə deportasiya edilməsinin qarşısını ölüm-zülümlə ala bilmiş M.C.Bağırovun üzərinə o çirkab qaldı ki atmayaq? Alimnümalarımız illər boyu mikoyanların, xruşovların, rus şovinistlərinin əllərində marionetə döndüklərini qanmadılar. Cürət edib ağzını açanların da başına itin oyununu açdılar.

…Televizoru işə salıram, Şəhidlər xiyabanına sel kimi axan ziyarətçilərin sayı-hesabı yoxdur. Möcüzə baş verib, insanlar sevinc içindədirlər! Üzündən nur yağan bir ağbirçəyin sözləri beynimdə ömürlük həkk olunur: – Mən hər dəfə bura ağlaya-ağlaya gəlib, göz yaşı tökə-tökə getmişəm. Amma indi sevinirəm, gəlmişəm şəhidlərimizə deyim ki, qoy ruhlarınız şad olsun, qan qisası alındı. Var olsun bizim ordu, var olsun bizim Prezident!

…Burada şərhə ehtiyac yoxdur. Ancaq bircə kəlmə deyə bilərəm, bəxtimiz XXI əsrin lap əvvəlində gətirdi, amma qorxuram bu dəfə də fürsəti əldən verək!

Belə ki, bu zəfərin qazanılmasında nə siz Qulu Məhərrəmlinin, nə YAP-ın pulgir məddahlarının, nə də quldur, kəmfürsət məmurların əli var. Cəfakeş millət yaxşı bilir kimə məhəbbətini izhar edir, kimin əmri ilə istənilən əsnada ayağa qalxmağa hazır olduğunu bildirir.

Firuz HAŞIMOV