“Ermənilərlə birgə yaşamağa hazırıq, amma…”

129

Gülməmməd Məmmədov: “…bir şərtlə ki, onlar da bizimlə yaşamağa hazır olsunlar”

“Böyük əminliklə deyə bilərəm ki, yaxın həftələrdə bütün ərazilərimiz işğaldan azad ediləcək”

2020-ci il tək Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması üçün deyil, ümumilikdə Azərbaycan üçün tarixi ildir”

Müsahibimiz “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Gülməmməd Məmmədovdur. Onunla söhbətimizdə təmsil etdiyi qurumun fəaliyyətindən və Qarabağ savaşından danışdıq.

– 2020-ci il Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması üçün hansı hadisələrlə əlamətdardır?

– 2020-ci il tək Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması üçün deyil, ümumilikdə Azərbaycan üçün tarixi ildir. 30 ilə yaxındır ki, torpaqlarımız işğal altında idi. Nəhayət ki, bu il sentyabrın 27-dən başlayaraq torpaqlarımız işğaldan azad edilir. Böyük əminliklə deyə bilərəm ki, yaxın həftələrdə bütün ərazilərimiz işğaldan azad ediləcək. Dağlıq Qarabağın azərbaycanlı icması olaraq hamı bir nəfər kimi torpaqlarımızın işğaldan azad olunmasını gözləyirik. Yəni icma üçün bu baxımdan 2020-ci il çox uğurlu il oldu.

Təbii ki, münaqişə başlamazdan əvvəl müxtəlif istiqamətlərdə çalışmışıq. Münaqişənin sülh yolu ilə həll olunması istiqamətində çağırışlarımızı bütün dünyaya çatdırmışıq. Eyni zamanda erməni icmansının özünə də çatdırılıb. Biz buna hər zaman hazır olduğumuzu bəyan etmişik. Bu istiqamətdə bizim çox geniş fəaliyyətimiz oldu. Dağlıq Qarabağın azərbaycanlı icması 2020-ci ildə fəaliyyətinin pik nöqtəsinə çatdığını deyə bilərik.

– Sosial şəbəkələr dövrümüzün ən effektiv təbliğat vasitələrindəndir. Azərbaycan gəncləri sosial şəbəkələrdə erməni gənclərlə mübarizə apara bilirmi? Bu sahədə hansısa addımlar atmağı düşünürsünüz?

– Ümumiyyətlə, sosial şəbəkələrdə, ümumilikdə dünyada yaşayan azərbaycanlı gənclərin aktivliyini müşahidə etdik. Gənclər ölkənin taleyüklü məsələlərini sosial şəbəkələr vasitəsilə bütün dünyaya təqdim edir. Gənclərimiz, istər ermənilərin özünü, isərsə də onlara havadarlıq edənləri informasiya savaşında məğlub edir. Bu tək döyüş meydanında qələbə qazanan ordunun uğuru deyil, eyni zamanda informasiya sferasında da xalqımız birlik göstərir. Ermənilərlə müqayisədə deyə bilərik ki, ümumilikdə bizim insan kapitalımız çox böyükdür. Düşmən artıq təşviş içindədir. Biz öz həqiqətlərimizi dünyaya çatdırmağa davam edəcəyik. Ermənilərin yaydığı saxta informasiyaların hamısını ifşa edirik.

– Azərbaycan ictimaiyyətində düşmən ermənilərə qarşı münasibət çox kəskindir. Əksəriyyət hesab edir ki, Qarabağ işğaldan azad olunandan sonra orada bir nəfər erməni qalmamalıdır. Belə kəskin mövqeyə münasibətiniz necədir?

– Ermənilər bizə qarşı həmişə etnik təmizləmə törədib. Lakin, qərəzli səbəblərdən dünya bunu dilə gətirmək istəmir. Biz ermənilər kimi davaranış göstərməməliyik. Ermənistan-Azərbaycan münaqişəsindən əvvəl ermənilər bizimlə birgə yaşayıb və Azərbaycan sakinləri olublar. Dağlıq Qarabağ və ətraf ərazilər işğaldan azad olunduqdan sonra da onlar bizimlə yaşaya bilər. Mən onlara azərbaycanlı ermənilər deyirəm. Necəki Azərbaycanda rus, yəhudi və digər millətlərin nümayəndələri var, onlar da elə yaşayacaqlar. Buna bu kontekstdən yanaşmaq lazımdır. İcmanın fəaliyyəti də bu istiqamətdə olub. Onlarla yaşamağa hazırıq. Amma, bir şərtlə ki, onlar da bizimlə yaşamağa hazır olsunlar. Onlar seçimini etməlidirlər. Ermənistan isə əskinə etnik təmizləmə aparmağa çalışır. Bu isə hüquqa ziddir. Azərbaycan beynəlxalq hüquqa zidd olan heç bir addım atmır. Ordumuz beynəlxalq konvensiyalara uyğun olaraq, savaş aparır. Ancaq hərbi obyektləri və işğalçı qüvvələri hədəf alır. Azərbaycan öz ərazisində işğala məruz qalıb. Hazırda isə işğal olunmuş əraziləri azad edir. Dünyada olan heç bir hüquqi sənəd bizi torpaqlarımızı azad etməkdən çəkindirə bilməz. Biz qanuna uyğun olaraq, əməliyyat aparırıq. Amma etnik təmizləmə aparsaq, artıq o bizim əleyhimizə olar.

Azərbaycan beynəlxalq humanitar qanunlara və Cenever konvensiyasına uyğun olaraq, döyüş aparır. Orda yaşayan insanların təhlükəsizliyini təmin edəcəyimizi də təklif etmişik. Digər azərbaycanlılar necə yaşayacaqsa, eyni qaydayla ermənilər də yaşaya bilər. Biz mülki ermənilərə müraciət etmişik ki, Azərbaycan əsgərinə təslim olsunlar. Əgər onlar bunu etsələr Qarabağda qalıb yaşaya bilərlər. Yox, bizim ordumuza qarşı vuruşan terrorçulara kömək edəcəklərsə, onda birgə yaşayışımız çətin olacaq.

– 30 ildir davam edən münaqişəni sülh yolu ilə həll etmək mümkün olmadı. Sizcə, müharibəsiz torpaqlarımızın azad edilməsi nə qədər real idi?

– Təbii ki, real deyil idi. Azərbaycan 30 il gözlədi və xoşməramını göstərdi. Cənab Prezidentin də dediyi kimi baxmayaraq, Azərbaycan ordusu 10 il bundan əvvəl də güclüyüdü. Əgər, məsələni müharibə vasitəsilə həll etmək istəsəydik, illər əvvəl savaş açıb, məsələni kökündən həll edərdik. Bunlara rəğmən, Azərbaycan səbr göstərib, danışıqlar və sülh yolu ilə münaqişənin həll olunması üçün bütün vasitələrdən istifadə edib. Ermənistan isə Azərbaycanın sülhməramlı mövqeyini zəiflik kimi təbliğ edib. Bunu tək Ermənistan deyil, xüsusilə münaqişənin həlliylə məşğul olan Minsk Qurupunun həmsədr ölkələri Azərbaycanın bu münaqişənin hərbi yolla həll etməsi hüququnu, sanki tanımaq istəməyib. Onlar elə düşünürdülər ki, Azərbaycan bunu etmək iqtidarında da deyil. Təəssüflər olsun ki, Azərbaycanı zəif bir ölkə kimi görüblər. Bu mövqeydən də çıxış edərək, Azərbaycan tərəfindən qəbul edilməyəcək şərtləri hansısa formada Azərbaycana qəbul etdirməyə çalışıblar. Ermənistan da bu müddətdən istifadə edib, tarixi torpaqlarımızda öz işğalını daha da möhkələndirib. Özünüz də görürsünüz ki, kəndlərimiz, qəsəbələrimiz və şəhərlərimiz azad olunur. Həmin görüntülərə baxdıq da görünür ki, tarixi torpaqlarımızda daş üstdə daş qalmayıb. Tarixi abidələrimiz məhv olunub. Ümumiyyətlə, izimizi silməyə çalışıblar. Ermənistan guya məsələni danışıqlar yolu ilə həll etmək istəyib. Bu müddətdən də istifadə edib və izlərimizi ordan silməyə çalışıb. Baxsanız görərsiniz ki, işğal olunmuş ərazilərlə Ermənitsan arasında bir dənə də olsun səngər qazılmayıb. Dövlət sərhədləri olduğuna görə, orda post qurulmalıydı. Onlar elə düşünüblər ki, heç vaxt torpaqları Azərbaycana qaytarmayacaqlar.Belə olan halda torpaqlarımızı nəyinki sülh yoluyla, ümumiyyətlə qaytarmaq fikirləri olmayıb. ATƏT-in Minsk Qurupu həmsədrləri isə danışıqları uzatmaqla, Ermənistanın işğalçılıq siyasətinə dəstək veriblər. Bu danılmaz bir həqiqətdir. Həm vaxtı uzadıblar, həm də bizi aldadıblar. Guya, bunlar 30 ildir ki, iş görüblər. Əksinə olaraq, vaxtı uzadıb və Ermənistanı silahlandırıblar. Eyni zamanda, onlara yardım göstəriblər. Digər tərəfdən, müxtəlif formalarda Ermənistanı müdafiə ediblər. Ermənistana dəstək veriblər ki, münaqişə davam etsin. Artıq, münaqişənin sülh yolu ilə həlli yox idi. Azərbaycan nə lazımdırsa etdi. Amma, heç bir nəticə ortaya çıxmadı.

– Cenevrə görüşü ilə bağlı nə deyə bilərsiniz?

– Azərbaycanın belə görüşlərdən bir gözləntisi var. Keçirilən görüşlər effektli olsun və torpaqlarımızın azad olunmasıyla nəticələnsin. Görüşlərdə Azərbaycanın yalnız bir tələbi var: Ermənitsanın önünə konkret cədvəl qoyulsun ki, qısa müddətdə torpaqlarımızdan çıxsınlar. Amma, Ermənistan bu görüşlərdən humanitar atəşkəsin əldə olunmasını gözləyir. Humanitar atəşkəsin əldə olunmasıyla onlar zaman qazanmaq istəyir və nəticədə qoşunlarının toparlanmasına çalışırlar. Belə olan halda yenidən hücum etməyə cəhd göstərirlər. Artıq, ordumuz torpaqlarımızın böyük bir hissəsini işğaldan azad edib. Digər tərəfdən, onlar əvvəlki status-kvonun bərpa olunmasına çalışırlar. Söhbəti təmas xəttinə gətirmək istəyirlər. ATƏT-in Minsk Qurupu da pərdəarxası Ermənistana dəstək olur. Biz bilirik kim Ermənistana silah yardımı edir, kim siyasi dəstək olur… Hətta, BMT Təhlükəsizlik Şurasında yeni qətnamə qəbul edilib. Rusiya və Fransa həmin qətnaməni yazan tərəf olublar. Həmin qətnamədə BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə istinad etməyiblər. Faktiki olaraq, Ermənistanın torpaqlarımızı işğalda saxlaması üçün hüquqi baza yaratmağa cəhd ediblər. Bunu Fransa və Rusiya edib. Onlar torpaqlarımızın işğaldan azad olunmasında maraqlı deyil. Əksinə, torpaqlarımızın Ermənistana birləşdirilməsində maraqlıdırlar. Bütün dünya Dağlıq Qarabağın tarixi Azərbaycan torpaqları olmasını tanıyır. Fransa və Rusiya Ermənistanın işğalçı siyasəti üçün beynəlxalq səviyyədə hüquqi baza yaratmağa cəhd edir. Təbii ki, Azərbaycanın da xarici siyasəti çox güclüdür. Onların bütün cəhdlərinin qarşısı alınır. Əminəm ki, belə cəhdlər yenə də olsa nəticə verməyəcək.

– Ermənistan Silahlı Qüvvələri mülki əhalini hədəfə alır. Buna baxmayaraq, dünya ölkələri buna susur. Sizcə, dünyanı susmağa vadar edən nədir?

– Bəli, bəzi aparıcı dünya ölkələri var ki, onların münaqişəylə bağlı maraqları var. Onlar maraqlarından istifadə edib, münaqişənin davam etməsinə dəstək verir. Ermənistan tərəfi, ballistik raketlərlə müharibə zonasından uzaqda yerləşən Tərtəri, Gəncəni, Bərdəni, Mingəçeviri, Naftalanı vurur. Nəticədə, xeyli sayda insan həyatını itirir. Hətta, körpə uşaqlar da həlak olur. Hamısı göz önündədir. Amma, buna baxmayaraq, dünya ictimaiyyəti bunu pisləmir. Azərbaycan ordusu yanız hərbi obyektləri hədəfə alır. Dünya mediası bəzən qərəzli şəkildə yalan məlumatlar yayırlar. Bu cür medialar Azərbaycanda mülki insanların ölümünü deyil, ermənilərin yaydığı düzgün olmayan informasiyaları işıqlandırır. Sanki, bizə qarşı birləşiblər.

YƏHYA