Ermənilərin yeni “Nemezis” niyyəti – düşmən yeni teyleryanlar, torlakyanlar sorağında

297

Ermənilərin mübarizə üsullarına, 1988-ci ildən ta 1995-ci ilə qədər ölkəmizə, vətəndaşlarımıza qarşı törətdikləri terror aktlarına bələd olan şəxsləri hazırda bir şey düşündürür: düşmən nə əcəb sakit durub, nədən hansısa bir şəkildə terror aktı törətmir və ya buna cəhd etmir?

Heç kəs əmin-arxayın olmasın və sayıqlığı əldən verməsin. Düşmən girəvə gəzir, fürsət axtarır. Onun son iki ayda, xüsusilə də noyabrın 10-da Paşinyanın qol çəkdiyi kapitulyasiya aktından sonra ən çox fikirlşdiyi şey məhz qisas almaq, nəsə bir terror aktı törətməkdir. Hər kəs buna adı kimi əmin olsun.

Bir şey ki, 1994-cü ildə Bişkek şəhərində imzalanan və bizim üçün kapitulyasiya aktına bərabər bir razılaşma olan atəşkəs sazişindən sonra ermənilər Bakıda metrostansiyalarında, ölkəmizə gələn avtobus və qatarlarda ard-arda terror aktı törətməkdə davam edirdilər, indi sakit dayanmaları çox təəccüblüdür.

 Bakı, 1994-cü il, 19 mart, metroda erməni teraktı

Bunun yeganə səbəbi odur ki, hazırda onlar kəşfiyyatdadırlar, boşluq olan yerləri öyrənirlər, insanların kütləvi toplaşdıqları qapalı məkanlarda effektiv teraktlar törədə bilməyəcəklərinin fərqindədirlər. Çünki o məkanlarda təhlükəsizlik tədbirləri gücləndirilib, diplomatik korpuslarımız son dərəcə ehtiyatlıdırlar, ölkəyə girib-çıxanlarla bağlı durum total nəzarət altındadır, ermənilərə yardımçı ola biləcək potensial qruplar və şəxslər müəyyənləşdirilib.

Ermənilərin Qarabağ cəbhəsindəki məğlubiyyətlərinin qisasını terror aktları vasitəsi ilə almaq istədikləri barədə deyilənlər havadan götürülməyib. Bu, ayrı-ayrı erməni liderlərin dilindən elə bu günlərdə səslənib.

Məsələn, qondarma “dqr” parlamentinin sədri Artur Tovmasyan kapitulyasiya aktının imzalandığı gün çarəsizlik sindromuna yaxalanaraq ağrı-acı içində aciz olduğunu yazmış, sonda qeyd etmişdi ki, nəvələri üçün yeganə vəsiyyəti onların həyatda Soqomon Teyleryan kimi olmalarıdır.

Ondan bir az sonra Rusiyada fəaliyyət göstərən erməni əsilli media maqnat Aram Qabrielyanov da ermənilərə qarşı döyüşən hərbi xadimləri, eləcə də siyasiləri yeni teyleryanlara hədələmişdi, demişdi, getdikləri yerlərdə onları teyleryanlar gözləyəcək.

  İrəvanda erməni terrorçularına aid memorial sərgi

İndi baxaq, görək, “tərifli” Teyleryan kimdir?

Soqomon Teyleryan erməni terrorçusudur. S.Teyleryan 1897-ci ilin aprelində Ərzurumda doğulub, 1921-ci ilin 15 martında Berlində Osmanlı imperiyasının sabiq daxili işlər naziri Tələt paşanı güllələyib, ancaq məhkəmə zamanı hakimlər Teyleryanın qətli affekt vəziyyətiində törətdiyini “nəzərə alıblar”, təhlükəli terrorçunu azadlığa buraxıblar. O, 1960-cı ilə qədər yaşayıb, San-Fransiskoda ölüb.

Teyleryan Tələt paşanı 1915-ci il hadisələrinə görə günahkar sayıb, onu izləyib, güllələyib, sonra bu “şücaət”i barədə memuar yazıb. Fəqət hazırda beynəlxalq terrorizmdən danışarkən əl aparıb, qan gətirən qüdrətli demokratik dövlətlərin ir çox siyasi və media dairələri nəyə görəsə Teyleryanın hərəkətini terrorçuluq saymır. Onun barəsində yazanda, danışanda başqa terminlərdən istifadə edirlər.

  Tələt paşa və onun qatili Soqomon Teyleryan

Erməni mənbələrində isə Teyleryan və onun kimi “qisasçılar” açıq mətnlə “qəhrəman” adlandırılır. Məsələn, 1915-20-ci illərdə Suriyanı idarə edən Camal paşanı öldürən Petros Ter-Poqosyan, Artaşes Gevorkyan, eləcə də Osmanlı imperiyasının hərbi naziri Ənvər paşanı Tacikistanda qətlə yetirən Yakov Melkumov da ermənilərin gözündə “qəhrəman”dırlar.

Onların “qəhrəman-terrorçular”ının qətl siyahısında vaxtilə ermənilərlə dostluq edən (konkret olaraq Stepan Şaumyanla), onların həyatını xilas etməyə çalışan Behbud xan Cavanşir (Azərbaycanın daxili işlər naziri), ADR-in baş naziri olmuş Fətəli xan Xoyski, ADR-in sabiq ədliyyə naziri Xəlil bəy Xasməmmədov, parlament sədri Həsən bəy Ağayev də olub.

   Behbud xan Cavanşir və onun qatili Misak Torlakyan

Behbud xanı güllələyən Misak Torlokyan məhkəmədə deyib ki, Bakıda onun ailəsini gözünün qabağında güllələyiblər, ona görə də o, sabiq naziri öldürərkən affekt vəziyyətdə olub. Ancaq məhkəmə ortaya çıxarıb ki, Torlokyan trabzonludur, heç vaxt Bakıda olmayıb, Bakıyla, Behbud xanın fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Bununla belə, ingilis hakimlər onu qatil kimi məhkum edib Yunanıstana göndərsələr də, orada 10 aydan sonra azad edib, ABŞ-a yola salıblar. Elə “Nemezis” adlanan qisas aksiyaları çərçivəsində Fətəli xan Xoyskini kürəyindən güllələləyərək (Misak Qriqoryanla birlikdə) öldürən Sarkis Yerqanyan da cəza çəkməyib, Argentinaya köçüb, 1934-cü ildə Kordova şəhərində öz əcəliylə ölüb.

 Fətəli xan Xoyski və onun qatili Sarkis Yerqanyan

Təsəvvür edin, qatillərə birmənalı olaraq ölüm cəzası kəsilən illərdə avropalı hakimlər dövlət xadimlərini öldürən terrorçu-qatillərə ya cəza kəsməyiblər, ya da elə yüngül cəza kəsiblər ki, onlar həbsdə heç bir il də yatmadan azad olunub. Hazırda bu terrorçular Ermənistanın “milli qəhrəmanları”dırlar.

Üst cərgədə soldan sağa: Şaan Natali, Armen Qaro, Misak Torlokyan, Arşavir Şirakyan;

Alt cərgədə soldan sağa: Aram Yerkanyan, Artaşes Gevorkyan, Petros Ter-Poqosyan, Stepan Saqikyan

Bzi terrorçularına “milli qəhrəman” adı verən, onlara İrəvanın Sisernakaberd təpəsindəki memorial kompleksdə sərgi təşkil edən, onlara heykəl qoyan, öz əməlləri olan hər cür terrorçuluğa haqq qazandıran bir qövmlə üz-üzəyik. Ona görə də həmişə onlardan nəsə bəd əməl gözləmək və ayıq-sayıq, diqqətli olmaq lazımdır.

P.S. Əsl və legitim qisas isə hərb meydanında alınır – 44 günlük müharibədə igid döyüşçülərimiz 25-ə qədər Xocalı qatilinə, bir xeyli də başqa yerlərdə azərbaycanlılara qarşı hərbi cinayət törədənlərə layiqli cəza verdilər.