“Ermənilərin uzun müddət müharibəni davam etdirməsi mümkün deyil”

27

Şahin Cəfərli: “Əvvəl-axır onlar ciddi güzəştlərə getməyə hazır olduqlarını bildirəcəklər”

“Azərbaycanın tam hüququ var ki, Ermənistanın atəş nöqtələrinə cavab zərbələri endirsin”

“Hazırki proseslər onu göstərir ki, problemin həllinə çox yaxınlaşmışıq. Aydındır ki, bu məsələyə masada son qoyulacaq. Danışıqlar prosesi başlayandan sonra Azərbaycan cəbhədəki uğurlarından istifadə edərək, diqtə edən tərəf olacaq. Bu da ümid verir ki, 30 illik problemdən Azərbaycan xalqının canı qurtulacaq”.

Bunu “Hürriyyət”ə müsahibəsində siyasi şərhçi Şahin Cəfərli bildirib. O, Azərbaycan ordusunun ardıcıl zərbələri nəticəsində düşmənin həm insan resurslarının, həm də hərbi texnikalarının azaldığını deyib. Bu baxımdan, Ermənistan tərəfinin hazırkı mərhələdə uzun müddət müharibəni davam etdirməsinin mümkün olmadığını bildirib.

– Şahin bəy, artıq üçüncü dəfədir ki, humanitar məqsədlə atəşkəs haqqında razılaşmalara baxmayaraq, düşmən tərəf atəşkəsi çox keçməmiş pozur. Bundan sonra ermənilərlə növbəti atəşkəs anlaşmasına, sülh danışıqlarına getmək olarmı?

– Bunun səbəblərini Azərbaycan tərəfi rəsmi səviyyədə dəfələrlə açıqlayıb. Yəni erməni tərəfi atəşkəsdən öz mövqelərini yaxşılaşdırmaq və itirdiyi mövqeləri geri qaytarmaq üçün cəhd göstərmək istəyir. Aydındır ki, belə bir vəziyyətdə Azərbaycan ordusu da boş dayanmır, onlara əks zərbələr endirərək, daha əlverişli mövqeləri azad edir. Hazırda da proses gedir. Ermənistan tərəfi atəşi dayandırmadığı üçün Azərbaycan ordusu əks zərbələr endirir. Buna Azərbaycanın tam haqqı da var.

– Torpaqlarımızı işğaldan azad etməyə bundan sonrakı mərhələdə xarici güclər mane ola bilərmi?

– Məncə, əlverişli beynəlxalq və regional vəziyyət yaranıb. Azərbaycan rəhbərliyi də bu əlverişli situasiyadan faydalanmaqdadır. Əks təqdirdə bu cür uğurlu əməliyyatlar aparıla bilməzdi. Bəzi güclər var ki, bizə mane ola bilərdi. Müharibədən əvvəl onların diplomatik yolla razı salınması və ya neytrallaşdırılması prosesi həyata keçirilib. Yəni Azərbaycan rəhbərliyi hazırki situasiyadan maksimum istifadə etməkdədir və bu düzgün addımdır.

– Düşmənin mülki insanları, yaşayış məntəqələrini atəşə tutması nədən xəbər verir?

– Təbii ki, bu onların yaşadığı təşvişlə əlaqədardır. Cəbhədə gerilədikləri və məğlub olduqları üçün təşviş vəziyyətində Azərbaycanın dərinliklərinə zərbələr endirirlər. Bunun hər hansısa bir nəticəsi ola bilməz. Bu düşmən tərəfində baş verən xaos və qorxunun nəticəsidir.

– Gəncəyə 2 dəfə raket zərbəsi endirən düşmən dünən Bərdədə də azı 14 nəfərin ölümü ilə nəticələnən kütləvi qətliam törətdi. Sizcə, sülh danışıqları tələb edən dövlətlərin bu hadisələrə tamaşaçı mövqeyindən yanaşması nə dərəcədə ədalətlidir?

– Beynəlxalq aləmdən xüsusi bir ədalət gözləməyə dəyməz. Onlar hər zaman çalışıblar ki, hər iki münaqişə tərəfinə eyni məsafədə dayansınlar. Guya özlərini tərəfsiz və obyektiv göstərirlər. Bu baxımdan, onlardan xüsusi bir kəskin bəyanat gözləmirdim. İndiki dövrdə bunun elə bir əhəmiyyəti də yoxdur. Əsas məsələ odur ki, Azərbaycan işğal altında olan torpaqlarını düşmən tapdağından azad etsin. Digər məsələlər, ikinci dərəcəli məsələlərdir.

– Qarabağ münaqişəsinin gedişini necə proqnozlaşdırırsınız?

– Hazırki proseslər onu göstərir ki, problemin həllinə çox yaxınlaşmışıq. Aydındır ki, bu məsələyə masada son qoyulacaq. Danışıqlar prosesi başlayandan sonra, Azərbaycan cəbhədəki uğurlarından istifadə edərək, diqtə edən tərəf olacaq. Bu da ümid verir ki, 30 illik problemdən Azərbaycan xalqının canı qurtulacaq. Yəni, buna çox yaxınlaşdığımızı deyə bilərik.

– Ermənistan ordusunda canlı və texniki qüvvə tamamilə tükənərsə, Paşinyan hansı addımı ata bilər?

– Onların resursları onsuz da məhdud idi. Müharibə başlayandan sonra Azərbaycan ordusunun ardıcıl zərbələri nəticəsində həm insan resursları, həm də hərbi texnikaları azalıb. Bu baxımdan düşünürəm ki, hazırki mərhələdə erməni tərəfinin uzun müddət müharibəni davam etdirməsi mümkün deyil. Əvvəl-axır onlar ciddi güzəştlərə getməyə hazır olduqlarını bildirəcəklər. Bunu həmsədrlər vasitəsilə edəcəklər.

– Sizcə, Rusiya sona qədər Ermənistana havadarlıq edəcəkmi?

– Düzdür, Rusiya Ermənistana yenə hərbi texnika göndərir.Ölkə başçısı da bunu qeyd edib. Hərbi texniki təchizatla təmin etsələr də, Rusiya bu məsələdə birbaşa Ermənistanın yanında deyil. Bunun da təbii ki, səbəbləri var. Türkiyə faktorunun bu məsələdə ciddi rolu var. Türkiyə birmənalı olaraq və açıq şəkildə Azərbaycanın yanında olduğunu bəyan edir. Buna görə də Rusiya məsələyə aktiv müdaxilə etməyə çəkinir. Türkiyə Rusiyaya mesaj verdi ki, əgər siz Ermənistana dəstək versəniz, biz də aktiv şəkildə Azərbaycanın yanında yer alacağıq. Yəgin ki, Rusiya Türkiyəylə açıq toqquşmaya getmək istəmir. Eyni zamanda, Rusiya Azərbaycanla da gələcək münasibətlərini düşünür. Ən azından Rusiya bölgədə Gürcüstanı itirib. Bunun ardınca Azərbaycanı da tamamilə itirərsə, bu o deməkdir ki, Rusiyanın Qafqazdakı maraqları ciddi şəkildə təhlükə altına düşəcək. Rusiyanın Qafqaz regionunu tərk etmək təhlükəsi yaranır. Düşünürəm ki, Rusiya həm Türkiyə, həm də Azərbaycan faktorunu nəzərə alır və buna görə də Azərbaycanla münasibətlərini qorumaq istəyir. Nəticədə, Rusiyanın nisbətən tərəfsiz mövqe saxladığını müşahidə edirik. Amma tamamilə tərəfsiz deyil. Ermənistanı hərbi təchizatla təmin etməyi davam etdirirlər. Hər halda əvvəlki dövrlərlə müqayisədə Rusiya daha tərəfsiz mövqe tutmağa üstünlük verir. Bu da bizə ümid verir ki, problem nəhayət ki, həllini tapacaq.

– Hazırda İranın “bitərəf” mövqeyini necə dəyərləndirirsiniz?

– İran da təxminən Rusiyaya bənzər mövqedədir. Sentyabrın 27-də əməliyyatlar başladıqdan sonra İranın ciddi narahatlığını müşahidə etdik. Bunun da bir sıra səbəbləri var idi. Birinci səbəb, hərbi əməliyyatların İran sərhədində getməsidir. Əsas ciddi narahatlıq doğuran məqam isə, Azərbaycanın müharibədə qalib gəlməsidir. Bununla da Azərbaycanın bölgədə güclənməsi və inkişaf etmiş dövlətə çevrilməsi İran üçün potensial təhdiddir. Aydındır ki, İrandakı Azərbaycan türkləri şimalda güclü bir Azərbaycan dövlətinin olmasından ruhlana bilərlər. Bu da öz növbəsində İran dövlətinin mövcudluğuna təhdid sayıla bilər. Bu səbəbdən, İran istər Qarabağ müharibəsinin ilk dönəmlərində, istərsə də son olan müharibədə Ermənistana dəstək verib. Məsələn, Rusiyadan gələn hərbi texnikanın İran ərazisi vasitəsilə Ermənistana daşınması və İranın hakim dairələrinə yaxın şəxslərin və İran mediasının ermənipərəst olması buna bariz nümunədir. Amma İrandakı soydaşlarımızın keçirtdiyi etiraz aksiyaları və Azərbaycan hökümətinin apardığı diplomatik gedişlərindən sonra İranın mövqeyində də tərəfsizlik müşahidə edirik. Eyni zamanda, Türkiyənin də bölgədə aktivləşməsi İranı narahat edən amillərdəndir.

Digər amil isə, İsrail-Azərbaycan münasibətləridir. Bu hər zaman İranda narahatlıq yaradıb. Hətta, Azərbaycanın xeyrinə də bəyanatalar da verirlər. Çıxışlarında Ermənistanın işğala son qoyulmasını bildirirlər. Yəni İran da Rusiya kimi Azərbaycanla münasibətlərini korlamaq istəmir. İran da maraqlıdır ki, bu münaqişə teziklə həllini tapsın.

– Ermənistan ərazisindən Azərbaycana qarşı terror hücumları davam edəcəyi halda, sizcə, hansı addımlar atılmalıdır?

– Təbii ki, Ermənistan ərazisindən Azərbaycana birbaşa zərbələr endirilibsə, Azərbaycanın tam hüququ var ki, Ermənistanın atəş nöqtələrinə cavab zərbələri endirsin. Azərbaycan bunu Kəlbəcər yaxınlığında bir dəfə etmiş oldu. Ələbəttə ki, beynəlxalq hüquq tam imkan verir ki, hansısa istiqamətdən zərbə endirilirsə, siz də həmin istiqamətdə cavab etəşi açmaq hüququna maliksiniz. Amma Azərbaycan bu məsələdə təmkinli mövqe tutur. Çünki Ermənistanın mövqeyi odur ki, Rusiyanı mümkün qədər münaqişəyə cəlb etsin. Ermənistanın hazırda əsas siyasəti budur ki, KTMT çərçivəsində Rusiyayla bağladığı müqavilələr və ikitərəfli formtada bağladığı müqavilələr işə düşsün. Bununla da Rusiya münaqişəyə müdaxilə etsin. Azərbaycan da maksimum çalışır ki, bu bəhanəni Ermənistana verməsin. Bu baxımdan, Azərbaycan rəhbərliyinin bu siyasətini düzgün hesab edirəm.

– Sizcə, Azərabaycanda terror hadisəsi baş verə bilərmi və bu nə qədər real ola bilər?

– Bununla bağlı DTX-nın və DİN-in də açıqlaması oldu. Hər halda onların əlində operativ məlumatlar var ki, bu haqda ictimaiyyəti məlumatlandırırlar. Biz 90-cı illəri xatırlayanda görürük ki, Azərbaycanda həmin vaxtlar müxtəlif terror aktları törədilmişdir. Xüsusən də metroda və avtobusda bir neçə terror aktları törədildi. Onlar terror aktları törətməyə hzırlaşdıqları üçün, Azərbaycan da bu istiqamətdə operativ tədbirlər görür. Hər halda qorxamağa da ehtiyyac yoxdur.

– Rusiya sülhməramlılarının Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi haqda nə deyə bilərsiniz?

– Rusiya hazırda sülhmərəamlı məsələsində israr edir. Burda Azərbaycanın dövlətinin qərarları da önəmlidir. Əgər, Azərbaycan razılıq verməsə, hansısa ölkənin sülhməramlı qüvvəsi bura gələ bilməz. Prezidentin də qeyd etdiyi ki, sülhməramlı məsələsi ən yekun mərhələ də nəzərdə tutula bilər. Hələki, biz bu mərhələdən uzağıq. Digər tərəfdən, tərəflər də hələ növbəti dəfə masaya əyləşməyib.

YƏHYA